«Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması» İctimai Birliyinin Fransa Senatına etiraz bəyanatı

 

 "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi Fransa Senatında 2012-ci il yanvarın 23-də "Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan" qanun qəbul edilməsi ilə bağlı bəyanat yaymışdır.

İctimai Birlikdən AzərTAc-a daxil olmuş bəyanatda deyilir: "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi  qondarma "erməni soyqırımı" ilə bağlı Fransa Senatında 2012-ci il yanvarın 23-də "Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan" qanunun qəbul edilməsinə təəssüfləndiyini bəyan edir, qərarı qəti şəkildə pisləyir və bu münasibətə öz kəskin etirazını bildirir. Tarixin saxtalaşdırılmasına xidmət edən, heç bir fakta söykənməyən qondarma "erməni soyqırımı" ilə əlaqədar qərarın qəbul edilməsi fundamental insan hüquqlarına, söz və ifadə azadlığına, həqiqət, ədalət və son nəticədə demokratiya prinsiplərinə tam ziddir.

Fransa Senatının bəzi üzvlərinin belə bir sənədə səs verməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Fransanın vasitəçilik missiyasının üzərinə kölgə salır. Bu, dünyanın bir sıra dövlətlərində sülhüsabitliyi bərqərar etmək cəhdlərinə ciddi zərbə vurmaqla yanaşı, Fransanın tarixi hadisələrə qərəzli və ədalətsiz münasibətini  ifadə edir, ümumiyyətlə, Fransanın obyektivliyini şübhə altına alır.

Fransa Senatı baş verməyən bir soyqırımı gündəliyə çıxarır.  Amma əsl soyqırımı azərbaycanlılara qarşı törədilmişdir. Ancaq dünya birliyi bu vəhşiliyə göz yumur. Ermənistan silahlı qüvvələri 1992-ci il  fevralın 26-da Azərbaycan Respublikasının Xocalı şəhərində insanları amansızcasına qətlə yetirərək soyqırımı törədiblər. Ermənilərin günahsız azərbaycanlılara qarşı törətdiyi soyqırımı insanlıq əleyhinə yönələn bəşəri bir cinayətdir. Bir gecədə Xocalı şəhəri yerlə-yeksan oldu. Bu soyqırımı nəticəsində 613 nəfər,  8 ailə tamamilə məhv edilmiş, 1275 insan girov götürülmüşdür. Fransa Senatı qanlı cinayətə bu günə qədər heç bir münasibət bildirməmiş, laqeydlik göstərmişdir. Bir sözlə, Fransa Senatında qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunun qəbul edilməsini təcavüzkara havadarlıq əlaməti kimi qiymətləndiririk. Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Belə bir qərarın qəbul olunması, əslində, həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin uzadılmasına şərait yaradır. Bu səbəbdən də, sizləri ermənilərin qeyri-real tələblərindən imtina etməyə çağırırıq.

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi Fransa Senatının üzvlərinin atdığı bu addımı bir daha birmənalı şəkildə pisləyir, onun ədalətsiz və ermənipərəst qərar olduğunu, antitürk mahiyyəti daşıdığını diqqətinizə çatdırır. Biz bu qərarı tarixi həqiqətləri kobudcasına təhrif edən, bölgədə gərginliyin artmasına xidmət edən addım, Türkiyəyə təzyiq  kimi qiymətləndiririk. Başqa bir xalqın tarixi ilə bağlı şahidi olmadığı bir faktı inkar etdiyinə görə azadlıqdan məhrumetmə və ya cərimə cəzasının tətbiq olunması Fransa dövləti üçün böyük rəzalətdir. Fikrimizcə, 100 il əvvəlki hadisələri bir ölkənin Senat üzvləri deyil, müstəqil tarixçilər və tədqiqatçılar təhlil etməlidirlər.

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi  Fransa Senatının erməni təxəyyülünün əsassız iddiası olan bu qərarın  qəbul olunmasından təəssüflənir və bu cür məsələləri gündəmə gətirməklə insanların söz və ifadə azadlığını kobud şəkildə pozan ədalətsiz qanuna qarşı qəti etirazını bildirir".

 

Azərbaycan.- 2012.- 26 yanvar.- S.  4.