Səfir Aqşin Mehdiyev: Azərbaycan İsrail-Fələstin danışıqlarını alqışlayır

 

Azərbaycan İsrail-Fələstin danışıqlarını alqışlayır, onların ədalətli və davamlı həllə gətirib çıxaracağına ümid edir. AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev BMT Təhlükəsizlik Şurasının yanvarın 24-də keçirilmiş iclasında demişdir.

Səfir BMT Təhlükəsizlik Şurasında Yaxın Şərq, o cümlədən Fələstin məsələsi ilə bağlı keçirilən açıq müzakirələrində qeyd etmişdir ki, etnik azlıqların hüquqlarının qorunması ilə bağlı yalançı bəhanələrlə əsassız və qanunsuz ərazi iddiaları irəli sürən bəzi məlum qüvvələrdən fərqli olaraq, Fələstin xalqının öz müqəddəratını təyinetmə və dövlətçilik hüququ tanınmışdır.

Azərbaycanın Fələstində barışığı və bu dövlətin BMT-yə üzvlüyünü dəstəklədiyini vurğulayan A.Mehdiyev bütün tərəfləri beynəlxalq humanitar hüquqainsan hüquqlarına hörmət etməyə çağırmışdır. Bu kontekstdən çıxış edən diplomat dünyada mövcud olan bütün hərbi işğal vəziyyətlərində müvafiq hüquqi normaları tətbiq etməyə çağırmışdır. Səfir demişdir ki, BMT Təhlükəsizlik Şurası bu cür qanunsuz hərəkətlərə son qoymaq üçün öz sözünü deməlidir.

Müzakirələr zamanı azərbaycanlı diplomat Suriya hadisələrinə də toxunmuş, bu ölkədə sabitliyininsan haqlarının pozulması ilə bağlı narahatlığını ifadə etmişdir.

Ərəb Liqasının səylərini tam dəstəklədiyini bəyan edən A.Mehdiyev vurğulamışdır ki, böhrandan yeganə çıxış yolu Suriyanın rəhbərlik etdiyi hərtərəfli siyasi prosesdir. Suriyanın və regiondakı bütün dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşılmalıdır.

BMT Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Oskar Fernandes Taranko isə bildirmişdir ki, gərginliyin davam etməsinə baxmayaraq, İsrail ilə Fələstin arasında görüşlər davamlı sülhün əldə olunması üçün mühüm imkan yaradır.

Fələstinin BMT-dəki daimi müşahidəçisi demişdir: "Fikir ayrılıqlarına baxmayaraq, nikbin Fələstin xalqı ümid edir ki, bu il öz torpağında çoxdan gözlədiyi azadlığı, ədaləti, sülhü, hörməti və təhlükəsizliyi əldə edəcəkdir".

İsrailin BMT-dəki nümayəndəsi isə regionda təhlükələrin və insan hüquqlarının pozulmasının davam etdiyini qeyd etmiş və İsrail-Fələstin məsələsinin Yaxın Şərqin əsas münaqişəsi olmadığını demişdir.

Müzakirələrdən sonra digər dövlətlərin, o cümlədən Azərbaycanın nümayəndələri ümid etdiklərini bildirmişlər ki, mövcud hazırlıq danışıqları davamlı danışıqlara keçəcəkdir.

Azərbaycan kimi digər ölkələrin nümayəndələri də Suriya ilə bağlı narahatlıqlarını ifadə etmiş, zorakılıqlara son qoymaq və Suriyanın başçılığı ilə islahatlara aparacaq dialoqa başlamaq üçün Ərəb Liqasının səylərinə beynəlxalq dəstəyin verilməsinin vacibliyini vurğulamışlar.

 

Azərbaycan.- 2012.- 26 yanvar.- S.  4.