Aşıq sənətində
özünəməxsus iz qoyan sənətkar
İlk baxışdan adama elə gəlir ki, sazla söz əkiz doğulub. Lakin məlumdur ki, sazı insan əli yaradıb, səs isə ilahidən gələn əvəzsiz nemətdir. Səslə avazın arasında fərq bir o qədər də olmaz. Elə insanlar var ki, səsi, sözün əsl mənasında, avazdır, sanki musiqi notuna köklənib. Buna cilalanmış səs də deyillər. Təbii ki, sazla sözün vəhdəti ağız ədəbiyyatının daha çox yayıldığı dövrlərdən başlayaraq xalqımıza məxsus yeni bir sənətin yaranmasını zərurətə çevirdi. Bu, müxtəlif dövrlərdə ozan, yanşaq kimi tanınan aşıq sənətidir. Aşıq yaradıcılığı ilə bağlı müxtəlif dövrlərin və mənbələrin zəngin materialları orta əsrlər dövrünün araşdırıcılarını xəzinə ilə üzləşdirdi.
Bu, ilk növbədə xalq ədəbiyyatının tarixi yüksəlişi və intibahı ilə sıx bağlı dövr kimi də səciyyəvidir. Aşıq yaradıcılığının meydana gəlməsində, əlbəttə, yüzlərlə ustad, sənətkar, peşəkar ifaçı, improvizatorçu, aşıq və el şairləri, həmçinin bədii sözün ədibləri iştirak etmişlər. Maraqlısı odur ki, onlar həm də müxtəlif ədəbi mühit və sənət ocaqlarında dörd qüdrətli aşıq məktəbini yaradıblar. Bu, orta əsrlərin yadigarı olan aşıq sənətidir. Onun dəyəri əsasən ondadır ki, o, xalqımızın şifahi düşüncəsinin qüdrətli sinkretik yaradıcılıq nailiyyəti, digər millətlərdə rast gəlinməyən milli mədəni sərvətdir. Məhz buna görə də təkcə qonşu torpaqlarına deyil, onların belə mədəni sərvətinə də göz dikən, "Qafqazın baş ağrısı" - oğru və qulduru sayılan ermənilər bu tarixi, milli, mənəvi sərvətimizə də sahib çıxmaq istəyində, həvəsində və niyyətindədir.
Şifahi xalq ədəbiyyatının, xüsusən də aşıq yaradıcılığının araşdırıcısı, folklorşünaslıq sahəsində öz məktəbini yaradan alim, əllidən çox monoqrafiyanın, 250-dən artıq elmi məqalənin müəllifi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Azad Nəbiyevin bu sahədəki xidmətlərini əvəzsiz hesab etmək olar. Bütövlükdə elmi və ədəbi fəaliyyətini xalqımızın mənəvi sərvətlərindn olan şifahi xalq ədəbiyyatının ayrı-ayrı sahələrinə, xüsusən aşıq sənətinə həsr edən akademikin təbirincə desək, saz havalarının variantlaşması və aşıq məktəbləri üzrə zəncirvari törəniş mərhələsi başlandıqdan sonra Anadolu, Şirvan, Təbriz və Göyçə aşıq məktəblərində yeni-yeni saz havaları yarandı və sənətkarlıq baxımından həmin aşıq məktəblərinin yüksəlişi özünü göstərdi. O da qeyd edilməlidir ki, çox geniş ərazilərdə yayılan aşıq sənəti XVIII əsrdən başlayaraq artıq məktəblər şəklində müxtəlif regionlara məxsus ictimai, əxlaqi və estetik dəyərləri özündə əks etdirməkdədir. Azərbaycanda hazırda fəaliyyət göstərən ədəbi birliklər sırasına daxil olanlardan biri də Şirvan aşıq məktəbidir ki, burada azman sənətkarlar, ustad və yaradıcı, həmçinin ifaçı aşıqlar formalaşaraq xalqın mənəvi sərvətinin keşiyində dayanmaqdadırlar. Belə ustad, yaradıcı, ifaçı sənətkarlardan biri də qədim Şamaxının Xəlilli kəndində 1922-ci ildə anadan olan, Şirvanın xarı bülbülü adını alan Aşıq Şakir Hacıyevdir. Erkən yaşlarından aşıq sənətinə maraq göstərən Şakir Haqverdi oğlu Hacıyev Aşıq Bilaldan, Çarhanlı Aşıq Şərbətdən və Mürsəldən dərs alaraq onların sazına, söhbətinə-sözünə könül verib.
90 yaşı tamamlanan unudulmaz Aşıq Şakirin həyat və yaradıcılığından bəhs edən çoxsaylı ədəbi və elmi məqalələr yazılsa da, Şirvan aşıq məktəbinin bugünkü davamçılarından olan, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Əhliman Şirvanlının yaddaşındakılar bir akademik nəşrə bəs edər desək, daha doğru olardı. Ümumiyyətlə, Aşıq Şakirin Azərbaycan ədəbi aləmində tutduğu yer və göstərdiyi xidmətlərin əvəzedilməzliyi, ustadın daim qəlblərdə və könüllərdə yaşayacağı qənaətini yaradır.
Bəzi həmkarları kimi, Aşıq Şakirin də uşaqlıq və gənclik illəri ötən əsrin ən ağrı-acılı, məşəqqətli dövrünə təsadüf edib. Hələ uşaqlıq dövründən Aşıq Mürsələ şəyirdlik edən Şakir Hacıyev 1941-45-ci illərdə alman faşizminə qarşı aparılan döyüşlərin, sadəcə, iştirakçısı olmayıb, şücaətlər göstərib. İki dəfə ağır yaralansa da, düşmən üzərində çalınan qələbənin sevincini yaşayıb. Silahını sazla əvəz edən aşıq yaxşı bilirdi ki, türk oğlunun əlində bunların hər ikisi düşmənə zərbə endirmək vasitəsidir. Bir əlində saz, birində silah olan türkün qələbə əzmi onu heç vaxt tərk etməyib. Müharibədən qayıtdıqdan sonra bülbül cəh-cəhi ilə Şirvan ellərinin toy-düyünlərinin yaraşıqlı, boy-buxunlu, açıq simalı, şaqraq səsli aşığına çevrilən Şakirə ulu yaradan tərəfindən daha bir istedad verilmişdi ki, o da insanların qəlbinə yol tapa biləcək xoş bir ülfəti idi. Böyük Vətən müharibəsinə yola düşəndə anasından sirr olaraq saxladığı arzusuna çatmışdı: sevimli elliləri onu doğma balası kimi toy və el şənliklərinə dəvət edir, onun xeyir-duasını istəyirdilər.
Aşıq Şakir digər sənətkar dostlarından fərqli olaraq bəxtəvər və xoşbəxt idi. El yolunda çəkdiyi əziyyət, göstərdiyi mədəni xidmət dövlət və doğma xalqı tərəfindən yüksək dəyərləndirilib. Respublikanın əməkdar mədəniyyət işçisi fəxri adını daşıyan Aşıq Şakir keçmiş SSRİ-nin bütün bölgələrini gəzib dolaşıb. 1955-ci ildə Azərbaycan Ali Sovetinin deputatı seçilən aşıq həmçinin xalqının elçilik missiyasını da şərəflə daşıyıb.
Repertuarında 50-dən artıq aşıq havasını yaşadan və onlara yeni nəfəs verən, təzə xallar gətirən Aşıq Şakir Şirvan məktəbinin tarixi ənənələrini layiqincə davam etdirdi. Şirvan aşıq məktəbinin tədqiqatçıları Aşıq Şakirin sovet hakimiyyəti illərində Azərbaycanın inkişafına həsr etdiyi yaradıcılıq nümunələrinin bədii və estetik tərəflərini araşdırdıqca onun istər vətənpərvərlik, istərsə də xalq ədəbiyyatının bilicilərindən olduğu qənaətinə gəlmişdilər. Məlum olur ki, Aşıq Şakir elə həmin dövrlərdə Şirvan aşıq məktəbinin tarixi ənənələrini qoruyub saxlayan, ifaçılıq baxımından onu yeni xüsusiyyətlərlə zənginləşdirən bir ustad kimi xatırlanır. Şakir Hacıyev aşıq musiqisini muğamla elə cilalayıb ki, ecazkarlıq əlçatmazlığa, zirvəyə yüksəlib. Həmin sənət zirvəsi bu gün də Şirvan aşıq məktəbi davamçıları tərəfindən qorunur və gələcək nəsillərə ərmağan edilir. Belə vətənpərvər və el təəssüblü sənətkarların sənətə vurğunluğu sayəsində Şirvan aşıq məktəbində Molla Qasımın, Xaltanlı Tağının, Molla Cümənin, Aşıq Bilalın sənət ənənələri nəinki bərpa olundu, hətta onlara yeni ruh və ecazkarlıq da əlavə edildi.
Şirvan aşıq yaradıcılığı ilə bağlı bir zamanlar söylənilənlərin əsassız olduğunu təsdiqləyən Aşıq Şakir Şirvan və Təbriz məktəbləri üçün ənənəvi olan musiqi mədəniyyətinin ilkinliyinin aşıq sənətindən qaynaqlandığını ortaya qoydu. O, sənətə peşəkar ifaçılığın elə bir formasını gətirdi ki, onun yalnız ustadın özünə məxsus olduğu zaman-zaman unudulmayacaq və öyrəniləcəkdir. Bu, deyilənlərə görə, ustadın özünün düzüb qoşduğu "Bircə-bircə"dən başlayıb və "Dur gəl nazlana-nazlana" mahnısı ilə davam edib, nəhayət, "Səhər-səhər"lə tamamlanıb:
Boylananda qızıl günəş,
Üfiq yanar səhər-səhər.
Seyrək uçan buludlar da
Al boyanar səhər-səhər.
Şirvan aşıq məktəbinin o dövrki ustad sənətkarlarından olan Bəylər, Məmmədağa, Xanmusa, Barat, Qurbanxan, Yadulla, Əhməd, Soltan, Pənah və digərləri ilə yaradıcılıq, həmçinin dostluq münasibətləri Aşıq Şakiri nəinki Şirvan ellərində tanıtdı, o, Təbriz və Urmiyada, Borçalı və Qarabağda, Göyçə və Qazaxda məclislər qurdu, dağlar diyarı Kəlbəcərdə Dədə Şəmşirin istəkli qonaqlarından birinə çevrildi.
Böyük ədəbi-bədii yaradıcılıq yolu keçmiş Aşıq Şakir Şirvan məktəbində özünəməxsus izini qoyan ustad kimi bundan sonra da anılacaq, xatırlanacaq və daim istinad yeri olacaq. Onun ustadnamələri, vücudnamələri, qoşma və gəraylıları bu gün aşıqların dilinin əzbəridir.
1979-cu ildə yalnız cəh-cəhi susan, lakin lent yazılarından qanadlanan səsi və bülbül avazı bundan sonra da neçə-neçə könülləri fəth edəcək. Çünki o, söz urvatını, saz amanatını yadigar qoyub bizlərə. Aşıq Şakirin ifasında Mil-Muğan, Şirvan, Qarabağ ellərinin səhərləri al şəfəqlə açılır - çəmən gülür, çiçək gülür, otlar üstə şeh tökülür, külək əsir, göy zəmilər dalğlalanır.
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.- 2012.- 26 yanvar.- S. 6.