Sözə könül bağlayanlar

 

 Ötən əsrin 70-80-ci illərində ədəbi orqanların səhifələrində imzası tez-tez görünən, nəşriyyatlarda kitabları müntəzəm çap edilən yazıçı Əzizə Əhmədova uşaq və gənclərin sevdiyimaraqla oxuduğu ədiblərdən biri idi. Xalq yazıçısı Əzizə Cəfərzadə qələm dostu barədə səmimiyyətlə deyərdi: "Əzizədə mənim çox xoşuma gələn bir xasiyyət var. Ruhunda həmişə coşqunluq, gənclik həvəsi duyulur. Bu səbəbdən də onların arzu və istəklərinə çox yaxındır. Yazdıqları da təbii alınır, maraqla qarşılanır..."

Uşaq dünyasına, gənclər aləminə bağlılığı onu bu təmayüllü ədəbiyyatın ən yaxşı bilicilərindən - nasirlərindən birinə çevirdi. Əzizə Əhmədova çoxcəhətli yaradıcılığa malik bir qələm sahibi idi. Uşaq və gənclər üçün hekayə, povest qələmə alan yazıçı eyni zamanda rusAvropa ədəbiyyatından tərcümələr edirdi. O, həm də dramaturq idi. Pyesləri teatrlarda, televiziyada tamaşaya qoyulurdu. Müxtəlif cizgi filmləri üçün ssenarilər yazırdı. İctimai həyatın, ədəbi məclislərin ən fəal iştirakçılarından biri idi. Uzun müddət -  düz 20 il "Gənclik" nəşriyyatının direktoru vəzifəsində işləyən Əzizə Əhmədova bir naşir kimiuğurlu fəaliyyət göstərmişdir. O dövrdə həqiqətən də uşaq və gənclər üçün mükəmməl kitablar işıq üzü görürdü.

Nasir, tərcüməçi, dramaturq Əzizə xanım elmi fəaliyyətlə də məşğul olurdu. Uzun illər uşaq ədəbiyyatı ilə əlaqədar araşdırmalar apardı. Elmi götürdü, uğurla müdafiə etdi. 1984-cü ildə filologiya elmləri namizədi oldu. Son illərdə özünə təxəllüs də götürmüşdü. Bədii yazıları Əzizə Türkan imzası ilə çap edilirdi.

O, 1932-ci il yanvarın 26-da Bakıda dünyaya göz açdı. İlk təhsilini doğma şəhərdə alan Əzizə Əhmədova əvvəlcə pedaqoji texnikumu bitirdi. Amma yaradıcılığa olan marağı onu Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsində təhsil almağa vadar etdi. Buranı bitirdikdən sonra "Uşaq və gənclər" nəşriyyatında əmək fəaliyyətinə başladı. Elə ədəbi yaradıcılığı da o illərdə çiçəkləndi. İlk hekayəsi "Qorxmazın səhvi" adlanırdı. 1957-ci ildə "Pioner" jurnalında dərc edilən bu bədii yazının qədəmi düşərli oldu. Əzizə son dərəcə məhsuldar işləyirdi. Hekayələri, pyesləri ilə yanaşı, tərcümələri də müntəzəm olaraq oxuculara çatdırılırdı. Sonralar sorağı Azərbaycan ensiklopediyasından gələn Əzizə Əhmədova bir qədər də burada böyük redaktor vəzifəsində çalışdı. 1967-ci ildə isə "Gənclik" nəşriyyatına direktor təyin edildi. Əzizə xanımın əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə edilirdi. Bir müəllif kimi onlarla kitabın sevincini yaşamışdı. Onların adlarına fikir verəndə duymaq olur ki, Əzizə Əhmədova hansı düşüncələrin sahibi idi: "Xınalı qayalar", "Yaz qarı", "Onu çiçəklər sevdi", "Bu ellərə vurulmuşam", "Bir ürək sındırmışam", "Çiçəklərim" və s. Həmkarları da, oxucuları da təsdiqləyirlər ki, o, müasirlərinin həyatından yazmağı daha çox sevirdi. Ümumiyyətlə, təbiətindəki səmimilik, həyat eşqi onun əsərlərinə bir əfsunluq, cazibə gətirmişdi. Özünəməxsus yazı tərzi, dil-üslub məziyyəti var idi. Bəlkə də bu səbəbdən idi ki, Əzizə Əhmədovanın əsərləri 30, 40, 50 min tirajla çap edilsə də, kitab mağazalarında tapılmırdı. Həm kitabın dəbdə olan vaxtı idi, həm də Əzizə Əhmədova uşaq və gənclər tərəfindən çox sevilirdi. Əlbəttə, onu böyüklər də eyni məhəbbətlə oxuyurdular. Maraqlıdır ki, müəllifin tərcümə kitabları daha çoxdur. Kimləri dilimizə çevirməyib? V.Hauf, A.Kuprin, A.Qaydar, İ.Franko, S.Magilevskaya, C.Barri, M.Prilejayeva, A.Rıbakov, A.Lindqrenonlarla başqalarının əsərləri məhz azərbaycanlı yazıçının tərcüməsində yeni ömrünü yaşadı, yeni oxucular qazandı.

1985-ci ildə Əzizə xanımın yeni kitabı olan "Damda yaşayan Karlsonla bacada yaşayan Damdabacanın macəraları" böyük əks-səda doğurdu. İlk dəfə idi ki, Azərbaycan yazıçısının macəra üslubunda orijinal kitabı işıq üzü görürdü. Maraqlıdır ki, yeni nəşr təkcə uşaq və gənclərin deyil, bütün oxucuların stolüstü kitabına çevrildi. Ədəbi tənqid də Əzizə Əhmədovanın bu kitabı haqqında müsbət rəylər söylədi.

Əzizə Əhmədovanın mətbuatda dərc edilmiş son hekayələrindən biri "Ümid yaşadır bizi" adlanırdı. Ötən əsrin sonlarında baş verən ziddiyyətli məqamlar, quruluşun dəyişməsi, bədnam qonşularımızın torpaq iddiaları yazıçının da ovqatında bir kədər və bədbinlik yaratmışdı. Lakin qələminə və sözünə sadiqliyi onu başqa bir ümidin əllərinə tapşırırdı. O inanırdı ki, hər şey yaxşı olacaq. Bu səbəbdən də ümidlə yaşamağın, həyata inamla baxmağın tərəfdarı idi.

Həmişə gözəllikdən, vətənin füsunkarlığından, gənclərin sevgi duyğularından, balacaların şıltaq dolu həyatından maraqlı, yaddaqalan əsərlər yaradan Əzizə Əhmədova həyatın ağrı-acılarının içindən sıyrılıb çıxmağı bacaran qələm sahibi idi. Belə bir fikri var idi: "Bədii əsər hər kəsi mənəvi cəhətdən təmizləməli, onun ürəyinə, duyğularına bir sevinc bəxş etməlidir. Gərək mütaliyə edəndə ürəyin sıxılmasın, duyğuların qanad açsın, həyata, yaşamağa həvəsin daha çox olsun". Onun aləmində hər bir əsərin motivində həyat eşqi dayanmalı idi. Bu səbəbdən də Əzizə Əhmədova müşahidələrini duyğularının süzgəcindən keçirərək elə tərzdə qələmə alırdı ki, həqiqətən də onu oxumaqdan həzz alırdın. Ən bədbin, həyatdan küsmüş insanın ürəyinə də bir sevinc işartısı, mübarizlik ruhu gəlirdi. Əzizə Əhmədova həyatsevər bir insan idi. Təəssüf ki, başımıza gələn müsibətlər yaşının ahıl çağında onu çox sarsıtdı. Ömrünün sonlarında söhbət zamanı dediyi bir söz hələ də yaddaşımdan pozulmayıb: "Yaza bilmirəm. Qonşumuzun oğlu şəhid oldu. Vaxtilə mənim ən sevimli oxucum idi. Əlimə qələm alan kimi onun gözəl üzü xəyalıma gəlir. Allah ermənilərə lənət eləsin! Təkcə torpağımızı işğal etmədilər, duyğularımıza da ağır kədər, dərd gətirdilər".

Zahirən də yaraşıqlı, gözəl bir xanım idi Əzizə Əhmədova. Ala gözlərindən daxili aləmini oxumaq çox asan idi. Mənəviyyatca zəngin, mükəmməl bir insan kimi həmkarlarının arasında böyük hörməti vardı. Təəssüf ki, üzləşdiyimiz bəlalar bu nikbin xanımın bütün varlığında qəflətən kədər dolu bir ovqat yaratdı. Çox istəyirdi ki, Qarabağın günlərini görsün. Çox istəyirdi ki, vətəndən qaçqın düşmüş, didərginə, köçkünə çevrilmiş soydaşlarımız öz doğma yurd-yuvalarına qayıtsınlar. "Bax, onda bu mövzuda ən gözəl əsərimi yazacağam" - söyləyirdi. Təəssüf ki, əcəl aman vermədi. Yaşasaydı, indi 80 ilini tamamlayacaqdı. Təsəllimiz onadır ki, sözə könül bağlayanlar öz ömürlərini də bu əbədiyaşar varidatın ucalığında yaşadırlar. Əzizə Əhmədovanın kitabları, tərcümələri, dramları, cizgi filmləri üçün yazdığı ssenariləri həmişə onu xatırladacaq. Yolumuza nur səpərək həmişə öndə getdilər, bizdən sonra da gələnlər var...

 

Azərbaycan.- 2012.- 26 yanvar.- S. 6.