Rayon səhnəsində şəhidlərə
həsr olunmuş tamaşa
göstərildi
Cəlilabadda yazıçı-publisist Asif Həsənlinin "Şəhidliyin uca zirvəsində" sənədli romanının motivləri əsasında rayon Xalq Teatrının bədii rəhbəri Buludxan Buludovun hazırladığı "Məndən ötrü darıxmayın..." adlı iki hissəli nikbin faciə nümayiş etdirilmişdir.
İgid həmyerlilərimiz Mübariz İbrahimovun, Fərid Əhmədovun, Əhməd Abdullayevin unudulmaz xatirəsinə həsr olunmuş bu tamaşada əsas rolları teatrın aktyorlarından Anar Əliyev, Əşrəf Buludlu, Ramil İbrahimov, Zəminə İsmayılova, Xeyrulla Şahbazov, Məlahət Fərdi, Anar Buludov və Şahin Səfərov ifa etmişlər. Əsəri aktyor Xeyrulla Şahbazov səhnələşdirmişdir. Rayonun idarə, müəssisə və təşkilatlarının, təhsil ocaqlarının, şəhid ailələrinin nümayəndələrinin tamaşa etdiyi əsər hamıya dərin vətənpərvərlik hissi, nikbin ovqat aşılamış və dəfələrlə sürəkli alqışlarla qarşılanmışdır.
Vətən uğrunda canlarından keçmiş Fərid Əhmədovun və Əhməd Abdullayevin ailə üzvləri də tamaşaçılar arasında olmuş, əzizlərinə verilən bu yüksək qiymətə, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezidentə, eləcə də yüksək vətənpərvərlik ruhunda hazırlanmış bu nikbin faciənin müəlliflərinə və onu hazırlayanlara öz səmimi minnətdarlıqlarını bildirmişlər.
Solmaz
MƏMMƏDOVA,
Cəlilabadda
çıxan "Yeni gün"
qəzetinin əməkdaşı
Azərbaycan.- 2012.- 26 yanvar.- S. 6.