Cavid «tərcümə» olunub

 

Klassik irsə belə münasibət qəbuledilməzdir

 

Dövlət müstəqilliyimizin bərpasından sonra Hüseyn Cavid irsinin öyrənilməsi, təbliği, xatirəsinin əbədiləşdirilməsi istiqamətində respublikamızda ollduqca dəyərli işlər görüldü. Bakıda Cavidin ev-muzeyi, Naxçıvanda Cavidlər məqbərəsi yaradıldı. Həyat və yaradıcılığı ilə bağlı mükəmməl elmi-tədqiqat işləri aparıldı. Sovet dönəmində müəyyən müdaxilə ilə çap edilmiş Cavid külliyyatı orijinalda olduğu kimi latın qrafikasında yenidən işıq üzü gördü.

Ümummilli lider Heydər Əliyev böyük şairlə bağlı keçirilən mərasimlərin birində qətiyyətlə demişdir: "Cavidin dilinə toxunmaq günahdır". Böyük türk alimi Mustafa Haqqı Türkəqulu isə 1963-cü ildə Cavidin dili barədə yazırdı: "Cavidin dili istər Azərbaycan daxilində, istərsə də Azərbaycan xaricində ən çox münaqişə və mübahisə olunan bir mövzudur. Məlum olduğu kimi, İstanbul türkcəsi ilə Azərbaycan türkcəsi arasında ufaq da olsa, bir ləhcə fərqi vardı. Cavid İstanbul türkcəsini mənimsəmiş, bu şivənin bütün incəliklərinə qədər öyrənmişdi. Yaradıcılığının ilk dövrlərində İstanbul şivəsini məharətlə kullanaraq yaratdığı əsərlərində bu şivəni Azərbaycan ədəbi türkcəsinə yaxınlaşdırmağa çalışmış və bu işə müvəffəq olmuşdur. Bunun üçünCavidin türkcəsinə nə tamamilə İstanbul türkcəsi, nə də tamamilə Azərbaycan türkcəsi demək qabildir. Cəsarətlə deyə bilərik ki, Cavid bu iki türkcə arasında bir körpü yaratmış və hər iki şivə arasındakı məsafəni qısaltmışdı. Cavidin işlətdiyi türkcə olduqca dadlı və işlənmiş, gözəl bir türkcədir. Şimali və Cənubi Azərbaycan, Türkiyə, Türküstans. türk ellərində tək bir münəvvər bulunmaz ki, Cavidi oxusun, onu anlamasın və onun türkcəsindən zövq almasın".

Qeyd edildiyi kimi, Hüseyn Cavidin dili məhz türk ellərinin - mənəvi bir ərazimizin əsl ortaq dilidir. Bu yazını qələmə almağımıza səbəb isə bir oxucunun redaksiyamıza etdiyi telefon zəngi oldu. O həyəcanla bildirirdi: "Nəvəm şeir əzbərləyəndə dəli oldum. Ay bala, Cavidi dərsliklərdə nə günə qoyublar? Biz gəncliyimizdə bu şeirləri sevə-sevə söyləyərdik".

Maraq üçün ümümtəhsil məktəblərinin II sinif üçün hazırlanmış Azərbaycan dili dərsliyində (müəlliflər - Rafiq İsmayılov, Gülşən Orucova, Zahid Xəlilov) Hüseyn Cavidin məşhur "Qız məktəbində" şeirinin təhrif olunmuş variantını gördük. Birinci növbədə bu şeir Hüseyn Cavidin yazdığı kimi yox, məhz dərslik müəlliflərinin adlandırdığı şəkildə - "Məktəbli qız" adı ilə verilib. İkincisi, şeir orijinalda belə başlayır: "Quzum, yavrum! Adın nədir?" Dərslikdə isə oxuyuruq: "Qızım, balam, adın nədir?" Məgər "quzum" və "yavrum" bizim söz deyil? Açın orfaqrafiya lüğətlərinə diqqətlə baxın. Ağamusa Axundovun tərtib etdiyi "Azərbaycan dilinin izahlı lüğəti"ndə "yavru" sözünün qarşılığında "cocuq, uşaq, bala" göstərilir. Orijinalda oxuyuruq: "Nasıl, zənginmidir baban?" Dərslikdə isə belə verilib: "Söylə, varlıdırmı atan?" Əcəba, "zəngin" sözünü anlamırıq? Yenə orijinalda: "Yoxmu sənin incilərin, altun bilərziklərin?" Dərslikdə müəlliflərin tərcüməsinə fikir verin: "Yoxmu sənin sırğaların, qızıl bilərziklərin?" Öncə onu söyləyək ki, "inci" mirvari mənasındadır və bütün lüğətlərimizdə bu söz var. Eləcə də "altun" sözü də dilimizdə işlənilir, lüğətlərimizdə mövcuddur. Yaxşı, bu, nə hoqqabazlıqdır Cavid şeirinin başına gətiriblər? "Bəyzadə"ni "əmican", "bilgi"ni "bilik", "quzu"nu "qızım" ediblər. Biz nəslin xatirindədir ki, universitetdə oxuduğumuz vaxtlarda Hüseyn Cavid yaradıcılığından mühazirə oxuyan tənqidçi Qulu Xəlilov böyük şairin dilinin zənginliyindən, şirinliyindən, poetikasından söz açanda mütləq "Qız məktəbində" şeirini özünəməxsus şövqlə, avazla söylərdi. Elə təsirli və ahəngdə bizə çatdırardı ki, yaddaşımıza hopardı.

Ümumtəhsil məktəblərinin XI sinif üçün hazırlanmış "Ədəbiyyat" dərsliyində də (müəlliflər - Nizami Cəfərov, İsa Həbibbəyli, Nurlana Əliyeva, Afət Bakıxanova) Hüseyn Cavidin həyat və yaradıcılığı verilib. Məhz "Qız məktəbində" adlı şeiri süjetli lirikanın ən mükəmməl nümunəsi kimi dəyərləndirilərək gətirilən nümunələr orijinalda olduğu kimidir. Çox gözəl. Müəlliflər böyük ustalıq və məharətlə Cavid yaradıcılığını şərh edərək onun şeirlərini olduğu kimi dəyərləndirməyə nail olublar. Bu, bizi sevindirsə də, II sinfin dərsliyindəki müdaxilələr ürəyimizi ağrıtdı. Yaxşı, bu şagirdlərin nə günahı var ki, əvvəlcə Cavidi yanlış oxusun, öyrənsin, əzbərləsin, son sinifdə olduğu kimi. Bu ziddiyyət nədən yaradılıb? Naşılıqdan, yoxsa bilməyərəkdən? Doğrudanmı, Cavid tərcümə edilməlidir?

1998-ci ildə Turan Cavid "Azərbaycan" qəzetinə bir məktub ünvanlamışdı. Həmin il martın 12-də qəzetimizdə dərc edilən o müraciətdə deyilirdi: "Hörmətli ədəbi ictimaiyyət! Hörmətli Cavidsevərlər, naşirlər, yazarlar. Məni bu müraciətə bir nigarançılıq vadar edib. Cavidin özü haqqında işıq üzü görən yazılara, nəşr edilən əsərlərinə, pyeslərinə, səhnədəki ifasına çox vasavası münasibəti vardı. O, yaratdıqları ilə bağlı buraxılan səhvlərə, təhriflərə, qeyri-ciddi münasibətlərə çox narahat olurdu. Belə halları qəlb incikliyi, əsəb gərginliyi ilə qarşılayırdı. İndi mən eyni hissləri vaxtaşırı yaşamalı oluram. Sanki bir çoxları Cavidə dəb mövzu kimi yanaşmağa başlayıb. Cavidi duymadan, onun düşüncələr aləminə lazımınca daxil olmadan yazmaq olmazE Mənim yeganə arzum budur ki, atam haqqında yalnız doğru yazılsın. Əsərləri yanlışsız, təhrifsiz işıq üzü görsün".

İndi Turan xanım da haqq dünyasındadır. Belə tərcümələr, təqdimatlar isə Cavidlər ruhu qarşısında bağışlanmaz bir günahdır. Sovet dövründə müəyyən müdaxilələrlə Cavidi bizdən gizlətmək istəsələr belə, yenə də dilinə, üslubuna bu şəkildə kobudluqla toxunulmadı. İndi bilməyən yoxdur ki, Cavid yaradıcılığının ən orijinal problemlərindən biri böyük mütəfəkkirin dil məsələsidir. Bu dil Turançı bir dildir. İndi türkdilli xalqların ortaq ədəbiyyatından, mətbuatından, dilindən danışılır. Biz isə böyük Cavidin dünyagörüşünün, məfkurəsinin əks-sədası olan dilini kiçik yaşlı Cavidlərə - məktəblilərə "tərcümə" edərək çatdırırıq.

Sovet dövründə orta məktəblərdə klassik şairlərimizin - Nəsiminin, Füzulinin, Seyid Əzim Şirvaninin, Sabirin şeirləriE olduğu kimi verilirdi. Başa düşülməyən ərəb, fars kəlmələrinin qarşılığı həmin mətnin axırında göstərilirdi. Bu, özünü doğrultmuş bir üslubdur. Amma gəlin açıq danışaq. Doğrudanmı, Cavidin dili başa düşülmür, anlaşılmır? "Quzum"u "qızım" eləmək nə deməkdir? Axı bu, heç tərcümə də deyil. Sadəcə, Cavidin gözəl bir şeirini  insafsızcasına "redaktə" etməkdir.

Qarşıdan türk dünyasının böyük sənətkarı Hüseyn Cavidin anadan olmasının 130 illiyi gəlir. O mübarək günə qədər yeni dərs ilində bu nöqsanlar dərsliklərdən silinməlidir.

 

Flora XƏLİLZADƏ,

 

Azərbaycan.- 2012.- 26 yanvar.- S. 6.