Elmin idarə olunmasına yeni yanaşma
lazımdır
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda doktorant və dissertantların attestasiyasına həsr olunmuş yekun iclas keçirilmişdir.
İnstitutdan bildirmişlər ki, attestasiyanın nəticələrinin əks olunduğu hesabata görə, informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə mövzulara dair 31 doktorant və dissertantdan 25 nəfəri attestasiyadan keçmiş, 6 nəfərə isə şərti vaxt verilmişdir.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev Azərbaycanda İKT-nin yüksək sürətlə inkişaf etdiyini, institutun fəaliyyətinin mövcud elmi-texniki potensialı inkişaf etdirmək, yüksək ixtisaslı kadrlar hazırlamaq istiqamətinə yönəldiyini bildirmişdir. Alim informasiya texnologiyalarının dinamik inkişaf etdiyi müasir dövrdə elmin rolunun əhəmiyyətli dərəcədə artdığını diqqətə çatdırmışdır. İnstitutun elmi potensialının artırılmasının alim və mütəxəssislərin qarşısında duran vacib məsələlərdən olduğunu qeyd edən R.Əliquliyev elektron elmin inkişafının elmin idarə olunmasına yeni yanaşma tələb etdiyini bildirmişdir.
Dissertasiya işində qoyulmuş məsələlərə dair məqalələrin hazırlanmasının zəruriliyini qeyd edən institutun direktoru məqalələrdə aktuallıq, mövcud problemlər, onların həlli yolları, təklif olunan üsul və nəticələrin öz əksini tapmasının vacibliyini vurğulamışdır. O, elmi kadr hazırlığının daha səmərəli həyata keçirilməsi məqsədilə şöbələr səviyyəsində mütəmadi seminarların təşkilinin zəruriliyindən də bəhs etmişdir.
Mövzuya dair
müzakirələrdə institutun Elmi Şurasının üzvləri təklif
və tövsiyələrin, dissertasiya
işlərində qoyulmuş məsələlər
üzrə məqalələrin nüfuzlu
beynəlxalq jurnallarda dərcinin əhəmiyyətini
qeyd etmişlər. Bildirilmişdir ki, doktorant və dissertantlar elmi problemin vəziyyətini tam
araşdırmağı, lazımi vasitə və metodlardan istifadə etməyi bacarmalı, inkişaf etmiş ölkələrdə
mövcud problemin vəziyyətinin
monitorinqinin nəticələri və bu məsələləri
araşdıran elmi
mərkəzlər haqqında məlumatlara malik olmalıdırlar.
Azərbaycan.- 2012.- 26 yanvar.- S. 7.