Düsseldorf şəhərinin meri Dirk Elsbers
Dövlət Bayrağı Meydanı ilə tanış olmuşdur
Azərbaycanda səfərdə olan Düsseldorf şəhərinin meri Dirk Elsbersin başçılıq etdiyi nümayəndə heyəti Dövlət Bayrağı Meydanında olmuşdur. AzərTAc xəbər verir ki, almaniyalı merin diqqətinə çatdırılmışdır ki, Dövlət Bayrağı Meydanı üçün seçilmiş yer onun paytaxtın əksər hissəsindən görünməsi üçün imkan yaradır.
Bildirilmişdir ki, ümumi ərazisi 60 hektar olan meydanda bütün infrastruktur yaradılmışdır. Meydanda inşa olunmuş dayağın hündürlüyü 162 metrdir.
Dirk Elsbers Prezident İlham Əliyevin təşəbbüsü ilə meydanda səkkizguşəli ulduz formasında yaradılmış Dövlət Bayrağı Muzeyi ilə də tanış olmuşdur.
Bildirilmişdir ki, muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların, o cümlədən İrəvan xanlığının bərpa olunmuş bayraqları, həmçinin XVII-XVIII əsrlərə aid bayraqların uc elementləri və gerblər nümayiş olunur. Burada Azərbaycan Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, poçt markaları, pul nişanlarının nümunələri, orden və medalları da saxlanılır. Nadir muzeylərdən sayılan Dövlət Bayrağı Muzeyində, həmçinin Ginnes dünya rekordları təşkilatının 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etdiyi sertifikatı da nümayiş olunur. Muzeydə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin formalaşması və inkişafını, Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi ilə bağlı fəaliyyətini əks etdirən çoxsaylı fotolar və sənədlər, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin prezident seçildikdən sonra andiçmə mərasimlərində öpdükləri dövlət bayraqları, Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı, Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları və mərasim geyimləri nümayiş olunur. Dövlət Bayrağı Muzeyində multimedia qurğusu da vardır.
Dirk Elsbers muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır. Düsseldorf şəhərinin merinə xatirə hədiyyələri təqdim olunmuşdur.
Dövlət Bayrağı Meydanı ilə
tanışlıq qonaqlarda xoş təəssürat
yaratmışdır.
Azərbaycan.- 2012.-28 yanvar.- S. 3.