Rəsmlərdən ibarət təqvim nəşr olunmuşdur

 

Budapeştdə fəaliyyət göstərən Macar-Azərbaycan Dostluq Cəmiyyəti ənənəvi olaraq 2012-ci il üçün Azərbaycan və macar dillərində təqvim hazırlamışdır. Builki təqvim görkəmli Azərbaycan rəssamı Toğrul Nərimanbəyova həsr olunmuşdur. Təqvimin hər səhifəsində rəssamın tanınmış əsərləri, onların adları və çəkilmə illəri göstərilmiş, son səhifəsində isə rəssamın tərcümeyi-halı və nailiyyətləri əksini tapmışdır. Bu rəsmlər arasında rəssamın avtoportreti, Bakının panoramı, Azərbaycan süfrəsi, muğam triosu, nağıllarımız, meyvələrimiz və başqa milli atributlarımız yer almışdır. Hazırlanmış təqvim Macarıstanda yaşayan və təhsil alan azərbaycanlılara, yerli əhaliyə, dövlət və qeyri-hökumət təşkilatlarına, biznes qurumlarına paylanmışdır.

Xatırladaq ki, Macar-Azərbaycan Dostluq Cəmiyyəti 1994-cü ildən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyət göstərir. Üzvlərinin 90 faizi macarlardan ibarət olan bu cəmiyyət Azərbaycanın tarixibu günü, adət-ənənələri, milli bayramları, dövlətin qazandığı nailiyyətlər barədə Macarıstan ictimaiyyətində informasiya yaymaq məqsədi daşıyır.

 

Pərvanə QARAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

 

Budapeşt

 

Azərbaycan.- 2012.- 28 yanvar.- S. 8.