Nağıllar
uşaqların fırçasında
Uşaq aləminin özünəməxsusluğu bütün hallarda diqqəti cəlb edir, istər şıltaqlıq olsun, istərsə də qabiliyyətini özlərindən böyüklərə göstərmək məharəti. İstedadlı uşaqların isə təbii ki, öz dünyası və xüsusi dünyagörüşü olur. Onların yaradıcılığı da özlərinə məxsusluğu ilə seçilir.
Müstəqillik illərinin töhfələrindən biri də istedadlı uşaq və gənclərə göstərilən qayğıdır. Belə istedadlıların yaradıcı fəaliyyətini genişləndirmək istiqamətində həyata keçirilən tədbirlər yalnız onlardakı qabiliyyəti üzə çıxarmaqdan ibarət deyil, həmçinin inkişaf etdirməkdir. Bir neçə müddətdir ki, belə yaradıcı uşaqlarla işləməyə üstünlük verən, əslində isə fəaliyyətini bu istiqamətdə genişləndirən "İnkişaf və Dünya" İctimai Birliyinin dövlət müstəqilliyinin bərpasının 20 illiyinə töhfəsi də məhz bu tipli layihələrdəndir. Müəllif Hüquqları Agentliyi tərəfindən qeydiyyat şəhadətnaməsi verilən "Azərbaycan xalq nağılları uşaqların gözü ilə" layihəsi də məhz həmin tədbirlər çərçivəsində reallaşanlardandır.
Adıçəkilən ictimai birliyin idarə heyətinin üzvü Günay Əjdərovanın verdiyi məlumata əsasən, onların təşkilatının nəzdində fəaliyyət göstərən rəssam uşaqlar da istedadları ilə seçilir: "Onlar ilk dəfədir ki, məşhur Azərbaycan xalq nağıllarının motivləri əsasında öz təfəkkürlərinin məhsulu olan istər sadə şəkillərdə, istərsə də mürəkkəb, maraqlı və rəngarəng kompozisiyalara əsaslanan, süjetli təsviri sənət əsərləri nümunələrindən ibarət silsilə rəsm toplusunu təqdim ediblər. Rəsm toplusuna xalqımızın bir neçə nəsillərinin yaddaşında qalan və sevilən nağıllar daxil olunub: "Ağ atlı oğlan" - Nərgiz Bayramova (12 yaş), "Süleyman şah və qarışqa", "Tülkü və Canavar" - İlkin Cəfərov (14 yaş), "Məlikməmməd" - Fərid Əhmədov (15 yaş), "Tülkü və ilan" - Ləman Cəlalova (10 yaş), "Yaxşılığa yaxşılıq..." - Pərvin Mustafayeva (14 yaş), "Mərd və namərd", "Aslan və dovşan" - Əsmər Süleymanova (13 yaş).
İstedadlı uşaq rəssamların topluya daxil edilmiş 47 əsərin hər biri onların müəlliflərinin gələcəkdə böyük və tanınmış sənətkar olacaqlarına əminlik yaradır.
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.- 2012.-29 yanvar.- S. 4.