Milli Məclisin nümayəndə heyəti Türkiyə parlamentinin Sədri Cəmil Çiçəklə görüşmüşdür

 

 Azərbaycan Respublikası Milli Məclisinin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlar Fəttah Heydərov, Azər Badamov və Rüstəm Xəlilovun daxil olduqları nümayəndə heyəti Ankarada səfərdədir.

Yanvarın 26-da nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin Sədri Cəmil Çiçəklə görüşmüşdür.

Türkiyə parlamentinin spikeri bildirmişdir ki, Milli Məclis ilə əməkdaşlıq yüksək səviyyədədir və əlaqələrimiz gündən-günə inkişaf edir. Fransa Milli Assambleyası və Senatının qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması qərarına qarşı qardaş Azərbaycanın Türkiyənin yanında olduğunu vurğulayan C.Çiçək ümidvar olduğunu bildirmişdir ki, ölkələrimizin bir-birinə dəstəyi bundan sonra da davam edəcəkdir. Onun sözlərinə görə, Türkiyə və Azərbaycan birlikdə olduğu zaman daha da güclü olacaqlar.

Milli Məclisin deputatları Ankaranın Keçiören bələdiyyəsində də olmuş, bələdiyyələrarası əlaqələrin gücləndirilməsi, sosial və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparmışlar.

 

Oqtay BAYRAMOV,

 

AzərTAc-ın xüsusi müxbiri

 

Ankara

 

Azərbaycan.- 2012.-28 yanvar.- S.  1.