Azərbaycanda «İdman ili» ilə bağlı tədbirlər planı hazırlanır

 

Yanvarın 27-də Gənclər və İdman Nazirliyində Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2012-ci ilin ölkəmizdə "İdman ili" elan edilməsinə həsr olunmuş tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov cari ildə görüləcək işlər barədə məlumat vermiş, "İdman ili"nin ölkəmizdə yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə etmişdir.

Bildirmişdir ki, hazırda ölkəmizdə "İdman ili" ilə bağlı tədbirlər planı hazırlanır və yaxın günlərdə bu sənəd ictimaiyyətə təqdim olunacaqdır. Nazir həmçinin idmançılarımızın 2011-ci iliuğurla başa vurduqlarını diqqətə çatdırmışdır. Məlumat vermişdir ki, ötən il müxtəlif beynəlxalq yarışlarda qazanılmış 705 medalın 270-i qızıl, 193-ü gümüş, 242-si isə bürünc əyarlıdır. Olimpiya idman növləri üzrə qazanılan medalların sayı 276-dır.

Qeyd edilmişdir ki, gənclərin asudə vaxtının səmərəli təşkili və idmanın kütləviliyini təmin etmək üçün respublikamızda 33 olimpiya-idman kompleksi istifadəyə verilmişdir. 2012-2013-cü illərdə 10 idman qurğusunun idmansevərlərin ixtiyarına verilməsi nəzərdə tutulmuşdur. Hazırda paytaxtımızda bədii gimnastikaboks mərkəzləri, hovuz kompleksi, Olimpiya stadionunun inşası davam edir. Cari ildə güləş və cüdo mərkəzlərinin təməlqoyma mərasimləri keçiriləcəkdir.

Nazir vurğulamışdır ki, 2012-ci ilin ölkəmizdə "İdman ili" elan olunması çox əlamətdar hadisədir. Çünki  Bakı şəhəri 2020-ci il Yay Olimpiya Oyunlarına iddialı şəhər kimi çıxış etmiş və hazırda bu istiqamətdə müəyyən işlər həyata keçirilir. Azərbaycan Avropada ilk dəfə olaraq futbol üzrə 17 yaşadək qızlardan ibarət dünya çempionatına ev sahibliyi edəcəkdir. Bundan əlavə, paytaxtımızda mundial yarışları, Avropa çempionatları və dünya kuboku turnirləri təşkil olunacaqdır. Respublikamızda cari ildə karate üzrə Avropa çempionatı keçiriləcəkdir.

Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan nazir, idmanla məşğul olanların sayının ildən-ilə artdığını vurğulamışdır.

Milli Olimpiya Komitəsinin (MOK) birinci vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizdə idmanın yüksələn sürətlə inkişaf etdiyini, idmançılarımızın beynəlxalq yarışlarda uğurlar qazandıqlarını və cari ildə MOK-un yaradılmasının 20 ilinin tamam olacağını diqqətə çatdırmışdır.

İdman studiyasının yaradılması təklifi ilə çıxış edən Ç.Hüseynzadə, GİN-in tərkibində belə studiyanın yaradılmasının vacibliyini əsaslandırmışdır. Bildirmişdir ki, idmançılarımızın dünya arenasında qazandıqları uğurları, ölkəmizin beynəlxalq yarışlara ev sahibliyi etməsi və digər idman nailiyyətlərimizi bu studiyada lentə köçürmək lazımdır. Hazırlanmış filmləri Beynəlxalq Olimpiya Komitəsi və digər ölkələrin olimpiya komitələrinə hədiyyə etmək olar. Vitse-prezident Bakıda rəssam və heykəltəraşların idman mövzusunda hazırladıqları əsərlərdən ibarət böyük sərginin keçirilməsi təklifi ilə də çıxış etmişdir.

MOK-un baş katibi Ağacan Abıyev Azərbaycanda idmana göstərilən diqqət və qayğıdan danışmışdır. O, cari ildə ölkəmizdə "İdman ili" çərçivəsində bu sahədə beynəlxalq konfrans və yeniyetmələr arasında respublika spartakiadasının keçirilməsi təklifini irəli sürmüşdür.

Ölkəmizdə fəaliyyət göstərən federasiyaların və idman cəmiyyətlərinin nümayəndələrinin iştirak etdikləri tədbirdə konstruktiv təkliflər verilmişfikir mübadiləsi aparılmışdır.

 

Azərbaycan.- 2012.- 28 yanvar.- S.  3.