Azərbaycan Prezidenti İlham Əliyev
Davosda «Avrasiyanın gələcəyi»
sessiyasında iştirak etmişdir
Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 27-də Davosda "Avrasiyanın gələcəyi" adlı sessiya keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyada iştirak etmişdir.
İsveçrənin Davos şəhərində 42-ci Dünya İqtisadi Forumunun illik toplantısında müasir dövrün siyasi-iqtisadi problemlərinin, eləcə də qlobal inkişafın doğurduğu əsas problemlərin həlli üçün işgüzar tərəfdaşlığın genişlənməsi ilə bağlı məsələlər müzakirə olundu.
Toplantıda 100-dən artıq ölkədən 2500-dən çox nümayəndə, o cümlədən dövlət və hökumət başçıları, eləcə də tanınmış şirkətlərin təmsilçiləri, iqtisadçılar, alimlər, ekspertlər, beynəlxalq təşkilatların və KİV-lərin rəhbərləri iştirak etmişlər.
Forum çərçivəsində "Avrasiyanın gələcəyi" adlı sessiya keçirildi.
Azərbaycan Prezidenti İlham Əliyev sessiyada çıxış etdi.
Dövlət başçısı ölkəmizin
keçdiyi tarixi inkişaf yolundan, demokratik ənənələrə
söykənən dövlətçilik
tarixindən danışdı,
bildirdi ki, Şərqdə ilk demokratik
respublika məhz Azərbaycanda 1918-ci ildə
yaradılıb.
Prezident
İlham Əliyev ölkəmizin XX əsrin
sonlarında müstəqilliyini
yenidən bərpa etdiyini bildirdi, 20 il ərzində Azərbaycanda dövlət
quruculuğu, demokratiyanın
təmin olunması, siyasi-iqtisadi sahələrdə
görülən işlərə,
ictimai-siyasi sabitlik və digər məsələlərə toxundu.
Azərbaycan Prezidenti diqqətə çatdırdı
ki, son illər ölkəmizdə ictimai-siyasi
sabitliyin təmin olunması və demokratiyanın
inkişafında böyük
addımlar atılıb.
Azərbaycanın zəngin enerji ehtiyatlarına malik olduğunu vurğulayan dövlət başçısı
bu gün respublikamızın Avropanın
enerji təhlükəsizliyinin
təmin olunması işində fəal iştirak etdiyini və bu sahədə
böyük nailiyyətlər
qazanıldığını, həmçinin əlverişli
coğrafi-siyasi məkanda
yerləşən ölkəmizin
beynəlxalq aləmdə
regional əməkdaşlığa mühüm töhfələr
verdiyini də bildirdi.
Azərbaycanın beynəlxalq nüfuzunun
durmadan artdığını
qeyd edən Prezident İlham Əliyev dedi ki, ölkəmizdə bu gün qeyri-neft
sektoruna da böyük diqqət yetirilir.
Dövlət başçısı ölkəmizdə
informasiya-kommunikasiya texnologiyaları,
sənayeləşdirmə və digər sahələrin inkişaf etdirilməsi istiqamətində
həyata keçirilən
işlərdən danışdı. Prezident
İlham Əliyev dedi ki, dünyada
baş verən maliyyə böhranına baxmayaraq, Azərbaycanda dinamik inkişafın və iqtisadiyyatın çoxşaxəliliyinin təmin
olunmasında böyük
işlər görülmüşdür.
Prezident İlham Əliyev Azərbaycanda təhsilin inkişafına dövlət
səviyyəsində göstərilən
diqqəti də qeyd etdi.
Azərbaycanın qarşısında bütün
sahələrin inkişafı
ilə əlaqədar
mühüm vəzifələrin
durduğunu bildirən
dövlət başçısı
ölkəmizin bu istiqamətdə səylərini
davam etdirəcəyinə
və yeni uğurlara nail olacağına
əminliyini bildirdi.
Sessiyada, eyni zamanda, Ukrayna
Prezidenti Viktor Yanukoviç
və Rusiyanın VTB Bankının prezidenti Andrey Kostin də
çıxış etdilər.
Sonda suallar cavablandırıldı.
AzərTAc
Azərbaycan.- 2012.- 29 yanvar.- S. 1.