Davosda Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan hökuməti adından nahar verilmişdir

 

Yanvarın 28-də Davosda 42-ci Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan hökuməti adından nahar verilmişdir.

Mərasimdə Azərbaycanın hökumət rəsmiləri ilə yanaşı, Foruma qatılan dünya ölkələrinin təmsilçiləri də iştirak etmişlər.

Azərbaycan bu dəfə də Dünya İqtisadi Forumunda uğurla təmsil olundu. Bunu dünyanın iqtisadi güc mərkəzlərinin Forumda iştirak edən nümayəndələrinin Azərbaycan hökuməti adından verilən naharda iştirakı da təsdiqlədi. Diqqəti cəlb edən əsas məqam isə ölkəmizin dünya birliyindəki yerinə və roluna verilən önəm idi.

Forumun keçirildiyi əsas zalda Azərbaycan mədəniyyəti nümunələrinin sərgilənməsi ölkəmizə olan marağı bir daha göstərdi. Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətlərinin təmsil olunduğu bu sərgi qonaqların böyük marağına səbəb oldu.

Tədbirdə son illərdə Azərbaycanın keçdiyi inkişaf yolu, reallaşdırılan uğurlu layihələr, əhalinin sosial rifahının yaxşılaşdırılmasından bəhs edən film nümayiş olundu, incəsənət ustalarımız maraqlı konsert proqramı ilə çıxış etdilər. Bütün bunlar Azərbaycanın zəngin mədəniyyətinin dünyada təbliği baxımından mühüm hadisədir.

Diqqət çəkən məqamlardan biriDünya İqtisadi Forumuna qatılan ölkələrin Azərbaycanın dünyanın iqtisadi sistemindəki rolunu yüksək qiymətləndirməsi idi. Azərbaycanın malik olduğu potensial, iqtisadi inkişafına görə dünyada lider olan ölkəmizin zəngin enerji resursları Forumun diqqət verdiyi əsas məsələlərdən biri oldu. Bütün bunları şərtləndirən amil isə Dünya İqtisadi Forumunun mühüm siyasi-iqtisadi gücə malik olan Azərbaycanın beynəlxalq birlikdəki mövqeyinə kifayət qədər ciddi münasibət bəsləməsidir.

Beləliklə, dünyanın bir illik iqtisadi gündəliyini müəyyən edən Davos İqtisadi Forumunun builki gedişatı bir daha göstərdi ki, Azərbaycan artıq beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi tanınır və qəbul edilir.

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 29 yanvar.- S. 2.