Türkiyə mətbuatı
qardaş ölkələrimizin Davos İqtisadi Forumunda da bir
platformadan çıxış etdiklərini
yazır
Xəbər verdiyimiz kimi, İsveçrənin Davos şəhərində keçirilən 42-ci Dünya İqtisadi Forumu çərçivəsində yanvarın 26-da "Schweizerhof" otelində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən "SOCAR-Energy of Azerbaijan" adlı təqdimat mərasimi keçirilmişdir.
Dünyanın aparıcı şirkət və təşkilatlarının nümayəndələrinin iştirak etdiyi mərasimdə ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger, Gürcüstanın Baş naziri Nika Gilauri, "SOCAR Turkey A.Ş"-nin rəhbəri Kənan Yavuz, Türkiyənin "Petkim" neft-kimya holdinqinin idarə heyətinin sədri Vaqif Əliyev, ölkəmizin Türkiyədəki səfiri Faiq Bağırov və başqaları çıxış edərək Azərbaycanın energetika sahəsində gördüyü işlər, dünyada tanınmış və etibarlı tərəfdaş dövlət olduğunu bildirmişlər.
Türkiyənin www.ajanspress.com, www.enerjienstitusu.com, www.sondakika.com, www.iha.com.tr elektron resursları, "Türkiyə qəzeti" və digər KİV-lər təqdimat mərasimi haqqında geniş materiallar dərc etmişdir.
www.ajanspress.com internet saytı "Siyasət və iş dünyası Davosda görüşdü" sərlövhəli məqaləsində yazmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) İsveçrənin Davos şəhərində "Schweizerhof" otelində təşkil etdiyi mərasimdə iş və siyasət dünyasının liderlərini bir araya gətirdi. ARDNŞ-in prezidenti R.Abdullayevin çıxışına geniş yer verən "ajanspress" yazır: "Rövnəq Abdullayev demişdir ki, Azərbaycan Davosda ən yüksək səviyyədə təmsil olunmaqla Dünya İqtisadi Forumuna böyük önəm verdiyini göstərdi. Azərbaycan dünyanın ən sürətli inkişaf edən ölkələrindən biridir. ARDNŞ bu iqtisadi inkişafın lokomotivi olaraq, ölkənin irəliləməsinə dəstəyini davam etdirəcəkdir". ARDNŞ-in yalnız Azərbaycanın deyil, bölgənin ən böyük şirkətlərindən biri olduğunu vurğulayan R.Abdullayev demişdir ki, bu qurum 20 ildir regional və qlobal layihələri ilə etibarlı tərəfdaş şirkət olduğunu sübut etmişdir. R.Abdullayev neft və qaz boru kəmərlərinin şaxələndirilməsinin Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında mühüm rol oynadığını diqqətə çatdırmışdır. Bildirmişdir ki, ARDNŞ hazırda Türkiyə və Gürcüstanın təbii qaz tədarükündə mühüm əhəmiyyətə malikdir. Enerji təhlükəsizliyi dünya gündəminin ən mühüm məsələlərindən biridir. Avropanın enerji təhlükəsizliyi baxımından Azərbaycanın bölgədə yürütdüyü qarşılıqlı əməkdaşlıq siyasəti böyük əhəmiyyət kəsb edir. "Nabukko", ITGI, TAP kimi layihələr Azərbaycanın enerji resurslarından faydalanmaq istiqamətində mühüm layihələrdir. Bu sahədə bir çox imkanlar mövcuddur. Bunlardan biri də Transanadolu təbii qaz boru kəməridir. Azərbaycan təbii qazının Avropaya nəql olunması və bu kəmərin inşası üçün Türkiyə ilə müqavilə imzalanmışdır. Azərbaycanın zəngin təbii qaz ehtiyatları olduğunu və yeni qaz yataqlarının kəşfi istiqamətində işlərin davam etdiyini qeyd edən R.Abdullayev Avropanın ARDNŞ-in prioritet bazarları arasında olduğunu ifadə etmişdir.
Türkiyənin Avropa İttifaqı məsələləri üzrə naziri Egemən Baxış İhlas Xəbər Agentliyinə müsahibəsində demişdir ki, bu axşam Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger ilə görüşdük. Türkiyəyə sərmayə qoyan enerji şirkətlərinin nümayəndələri də burada iştirak edir. Azərbaycanlı qardaşlarımız da buradadır. Onlarla həmrəyliyimizi göstərmək üçün burada olmağımız çox vacibdir. Bütün bunlar isə dünyanın harasında olmağımızdan asılı olmayaraq, "bir millət, iki dövlət" məfhumunu nümayiş etdirmək baxımından mühüm əhəmiyyətə malikdir.
www.ajanspress.com saytı nəzarət-səhm paketi ARDNŞ-ə məxsus olan Türkiyənin "Petkim" neft-kimya holdinqinin idarə heyətinin sədri Vaqif Əliyevin Davosda Dünya İqtisadi Forumundakı çıxışından istinadlar gətirərək yazmışdır ki, Türkiyəyə satılan Azərbaycan təbii qazının qiymətinin artırılması gündəmdə deyildir.
Azərbaycan qazının Türkiyəyə digər ölkələrə nisbətən ucuz satıldığını deyən V.Əliyev iki ölkə arasında ötən il imzalanan qaz sazişinin Türkiyəyə böyük bir üstünlük verdiyini bildirərək əlavə etmişdir ki, BOTAŞ-ın bu sazişdən 1,7 milyard dollar illik gəlir əldə etməsi proqnozlaşdırılır. Bu isə Türkiyənin qaz satışından 150 milyon dollar ziyana uğrayacağı barədə iddiaların yalan olduğunu göstərir.
Türkiyənin www.enerjienstitusu.com saytının məlumatına görə, Davosda Dünya İqtisadi Forumunda çıxışında "SOCAR Türkiyə A.Ş."-nin rəhbəri Kənan Yavuz isə bildirmişdir ki, ARDNŞ-in Türkiyəyə yatıracağı sərmayələrin həcmi 17 milyard dollara çatacaqdır. "SOCAR Türkiyə A.Ş."-nin rəhbəri ARDNŞ-in hazırda Türkiyəyə ən böyük investisiya qoyan şirkət olduğunu bildirərək demişdir ki, Azərbaycan iqtisadiyyatı dünyada sürətlə inkişaf edir. Bununla bərabər, müstəqil enerji siyasəti yürütməsi, Türkiyə ilə strateji işbirliyi çərçivəsində Azərbaycan dünya bazarlarına açılır.
SOCAR-ın 2018-ci ilədək Türkiyəyə 17 milyard dollara yaxın sərmayə yatıracağını vurğulayan K.Yavuz bunun Türkiyənin özəl sektor tarixinin ən böyük yatırımı olduğuna diqqəti çəkmişdir. Qeyd etmişdir ki, iki ölkə arasında Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri layihələri həyata keçirilmiş, hazırda isə Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi gerçəkləşdirilir.
Transanadolu təbii qaz boru kəmərindən də danışan K.Yavuz layihəyə 6 milyard dollara yaxın sərmayə qoyulacağını bildirmişdir. Vurğulamışdır ki, bu layihə çərçivəsində Türkiyənin bir başından o biri başına təbii qaz boru kəməri çəkiləcək və bu kəmər Bakıdan birbaşa Avropayadək uzanacaqdır.
Azərbaycan və Türkiyə dünyada sözünə ən çox güvənilən ölkə kimi tanınmışlar və "bir millət, iki dövlət" kəlməsinin reallığını əks etdirirlər. Ölkələrimizin strateji ortaqlığı və qardaşlığı sayəsində biz dünyaya örnək olacaq layihələr həyata keçiririk. Bu anlamda çox xoşbəxtik. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin bir kəlməsi var: "Biz bir millət, iki dövlətik" - deyən K.Yavuz bildirmişdir ki, biz də ARDNŞ və "SOCAR Türkiyə A.Ş" olaraq bunu göstəririk.
Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov isə dövlətimizin qardaş ölkəyə təbii qazı ən ucuz qiymətə satdığını demişdir. Səfir ölkəmizin Fransa parlamentinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qanunu bütün toplantılarda pislədiyini deyərək, hər bir məsələdə Türkiyənin yanında olduğunu diqqətə çatdırmışdır.
AzərTAc
Azərbaycan.- 2012.- 29 yanvar.- S. 2