Azərbaycanın
fövqəladə hallar naziri
Tatarıstanda səfərdədir
Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Tatarıstan Respublikasında səfərdədir.
AzərTAc xəbər verir ki, Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Universiada kəndində Kazan ali təhsil müəssisələrinin tələbələrinə yaradılmış şəraitlə, həmçinin Universiadanın 2013-cü il üçün üçsəviyyəli kompleks təhlükəsizlik sistemi obyektləri ilə tanış olmuşlar. Qonaqlar qapalı "Burevestnik" hovuzuna, beynəlxalq standartlara uyğun avadanlıqla təchiz olunmuş çoxfunksiyalı idman zalına da baxmışlar.
Sonra Azərbaycan nümayəndə heyətinin üzvləri Tatarıstan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsində və Tatarıstan Respublikasının Mülki Müdafiə İşləri və Fövqəladə Hallar Nazirliyində olmuş, yanğından müdafiə texnikası, avadanlıq və ləvazimatlarla tanış olmuşlar.
Azərbaycan nümayəndə heyəti Texnoparkda olmuş, burada təcili "112" zənginin təmin olunmasının pilot layihə sisteminin reallaşdırılması ilə tanış olmuşlar. Nümayəndə heyətinə sistemin iş prinsipi nümayiş etdirilmişdir. Qeyd olunmuşdur ki, vahid telefon nömrəsi vasitəsilə təcili xidmətlərin çağırışı sisteminin layihəsi qısa müddətə fövqəladə vəziyyətin baş verdiyi yeri aşkar etməyə və operativ xidmətləri ora yönləndirməyə imkan verir.
Azərbaycan FHN-in nümayəndə
heyəti səfər çərçivəsində
Tatarıstanın ən böyük
müəssisələrində də olacaqdır.
Azərbaycan.- 2012.- 29 yanvar.- S. 2.