Rusiya XİN Diplomatik Akademiyasının rektoru Yevgeni Bajanov:

 

Azərbaycan çox uğurlu, onun tərəfdaşlarını qane edən xarici siyasət yeridir

 

AzərTAc Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru, tarix elmləri doktoru, professor Yevgeni Bajanovla məxsusi müsahibəni təqdim edir.

- Yevgeni Petroviç, siz Rusiyada indiki vəziyyət barədə nə deyə bilərdiniz və XİN, həmçinin Diplomatik Akademiya diplomatik kadrlar yetişdirən müəssisə kimi dünyada geosiyasi şəraitə necə uyğunlaşır?

- Gəlin ondan başlayaq ki, XİN və Diplomatik Akademiya qarşısında qoyulan vəzifələr tam eyni deyildir. XİN xarici siyasəti həyata keçirir, ölkəmizin xaricdəki vətəndaşlarının mənafelərini müdafiə edir, biz isə beynəlxalq sahədə istifadə ediləcək kadrlar hazırlayırıq. Bu gün Diplomatik Akademiya ali məktəblər üçün yeni sistemə daha çox uyğunlaşmağa çalışır - ali məktəblər pul qazanmalıdırlar. Biz büdcə təşkilatıyıq, lakin büdcə bizim xərclərimizin yalnız üçdəbir hissəsini ödəyir, qalan üçdəiki hissəni isə biz təhsil və elm vasitəsilə qazanmalıyıq. Ali məktəblərin işini qiymətləndirərkən əsas götürülən qaydalardan biri ali məktəb elminin pul qazanmağı bacarması, yəni qrantlar cəlb etmək qabiliyyəti, layihələrin həyata keçirilməsidir. İkincisi, biz hansı dövrdə yaşamağımızı nəzərə alırıq, milli mənafelərdən və XİN-in həll etdiyi məsələlərdən çıxış edirik. Bütün bunlara uyğun olaraq, bizdə beynəlxalq sahədə peşəkar kadrlar hazırlanır.

- Bu gün sizin ali məktəbdə təhsil sistemi necə qurulur?

- Diplomatik Akademiyada üç bölmə fəaliyyət göstərir. Bunlardan birincisi kadrların ixtisasartırma və yenidənhazırlanma fakültəsidir. Bizim sistemə görə, XİN-in mərkəzi aparatının hər bir əməkdaşı üç ildə bir dəfə təkrar peşə hazırlığı keçməlidir. Bundan əlavə, diplomatın taleyi çox müxtəlifdir - bu gün konsul məsələləri ilə, sabah iqtisadiyyatla məşğul olursan. Buna görə də daim bilikləri artırmaq lazımdır. Hər bir səfir xaricə getməzdən əvvəl bizim kurslara gəlir. Bu kurslar ildə iki dəfə keçirilir. Ay ərzində 30-40 səfir, müşavir-elçi və baş konsul hazırlıq keçir.

Bundan əlavə, biz digər dövlət müəssisələrinin, dövlət və özəl korporasiyaların əməkdaşlarının geniş spektri üçün beynəlxalq münasibətlər sahəsində peşə hazırlığı ilə məşğul oluruq. Biz müvafiq sazişlər bağlayırıq və bu forma yetərincə populyarlaşmışdır.

Biz həm də regionlarda, yerli administrasiyalarda işləyən əməkdaşların müəyyən dərəcədə hazırlanması ilə məşğul oluruq. Ali məktəbdə ikinci hissə bakalavr və magistrlərdir. Orada müdavimlərin sayı qat-qat azdır. Bizdə büdcədən maliyyələşdirilən 90 yer vardır. Bundan əlavə, biz pullu əsaslarla daha 200 nəfər qəbul edirik.

- MDB ölkələrindən, o cümlədən Azərbaycandan olan müdavimləriniz çoxdurmu?

- Bizə hələ Prezident Yeltsinin sərəncamı ilə MDB ölkələrindən olan müdavimlər üçün Rusiya Federasiyasının büdcəsi hesabına 101 yer həcmində kvota ayrılmışdır. SSRİ dağılandan sonra ilk vaxtlarda bu kvota tam istifadə edilmirdi. Bu gün isə Diplomatik Akademiya olduqca populyardır və mən hər yerdə böyük qürur hissi ilə bəyan edirəm ki, MDB ölkələri arasında 2011-2012-ci illər üçün bizim akademiyada müdavimlərin sayı ən çox olan ölkə Azərbaycandır. Bu adamlar həm magistraturada, həm də bakalavriaturada oxuyurlar. Son illərdə Azərbaycandan olan aspirantlar da çoxdur.

- Azərbaycan diplomatik kadrların hazırlanması sahəsində güclü məktəb kimi ad çıxarmışdır. Bu məktəb postsovet məkanında ən yaxşı məktəblərdən biridir. Azərbaycan Diplomatik Akademiyası ilə hər hansı əlaqələriniz vardırmı?

- Azərbaycanla dostluq əlaqələrimiz yetərincə fəaldır. Bizim professorlar tez-tez Bakıya dəvət olunur, Azərbaycan Diplomatik Akademiyasında (ADA) mühazirələr oxuyurlar. Biz vaxtaşırı ADA-ya ədəbiyyat göndərir və özümüz ADA-dan ədəbiyyat alır, professorlar mübadiləsi aparır, birgə mühazirələr oxuyuruq. Azərbaycan Diplomatik Akademiyası ilə yaxşı münasibətlərimiz, sıx əlaqələrimiz vardır. ADA-nın rektoru Hafiz Paşayevlə çox səmimi münasibətlərimiz yaranmışdır. Yeri gəlmişkən, ADA-nın rektoru bizim akademiyaya gəlmişdi.

- Yevgeni Petroviç, siz müasir beynəlxalq sistemin vəziyyətini necə səciyyələndirərdiniz?

- İkinci Dünya müharibəsindən sonra Sovet İttifaqı və ABŞ-ın hökmranlıq etdiyi ikiqütblü dünya yaranmışdı, onlardan hərəsinin öz müttəfiqləri, öz düşərgəsi vardı. İnkişaf etməkdə olan ölkələr də çox idi. Dünya sanki parçalanmışdı, bəziləri bir düşərgəyə, digərləri o biri düşərgəyə qoşulurdu. İnkişaf etməkdə olan ölkələr uğrunda mübarizə gedirdi. Bəzən bu mübarizə müharibələrə çevrilirdi. "Soyuq müharibə" dövrü başa çatandan sonra ABŞ bu qərara gəlmişdi ki, onun inkişaf modeli bütün dünyaya şamil edilməlidir. Bu ideologiya Amerikanın xarici siyasətinin əsası oldu. Bu siyasət onu əsas götürürdü ki, ABŞ-ın təsiri altında olan ölkələrin sayı nə qədər çox olsa, bu, təkcə ABŞ üçün deyil, bütün dünyaya  bir o qədər yaxşıdır. Bu minilliyin əvvəlində, İraqda hərbi əməliyyatlar başlananda hamı belə hesab edirdi ki, dünya birqütblü olmuşdur. Əslində isə məlum oldu ki, bu, heç də belə deyildir. Çin və Rusiya ABŞ-ın hegemonluq cəhdinə müqavimət göstərməyə başladılar və nəticədə ŞƏT, BRİKS kimi təşkilatlar yarandı. Eyni vəziyyət ərəb dünyasında da müşahidə olunurdu. Bu gün dünya çoxqütblülüyə doğru hərəkət edir, yəni öz təsirini və ideologiyasını genişləndirməyi arzu edən Amerika qütbü mövcuddur. Lakin başqa aktorlar da vardır, onlar da dünya nizamında mühüm rol oynamağa çalışırlar. Bunlar Rusiya, Çin, Hindistan, Braziliya, Avropa İttifaqıdır. İri dövlətlərin təsir dairələri uğrunda mübarizə gedir. Bununla bərabər, qarşılıqlı asılılıq vardır, dövlətlər başa düşürlər ki, qloballaşmaqda olan dünyada onlar bir-birindən təcrid edilmiş şəkildə yaşaya bilməzlər. Bu, iri dövlətləri əməkdaşlığa məcbur edir. Demək istəyirəm ki, dünyada qarşılıqlı asılılıq çox güclüdür. Bu yaxınlarda İsveçin Baş naziri bizim akademiyada çıxışında qeyd etdi ki, əgər bu gün, məsələn, Fələstində vəziyyət kəskinləşərsə, bu, hökmən İsveçdə əks-səda doğuracaqdır, boğazlar bağlanacaq, neftin qiyməti artacaq və İsveç bundan zərər çəkməyə başlayacaqdır. Bu gün biz iri dövlətlərin nüfuz uğrunda mübarizəsini müşahidə edirik, lakin qarşılıqlı asılılıq bu dövlətləri əməkdaşlığa vadar edir.

- Belə demək olarmı ki, bugünkü sistem müvəqqəti koalisiyalar sistemidir?

- Hələlik sistem yoxdur, o, hələ formalaşmaqdadır. Nüfuz uğrunda mübarizə gedir. Özü də bu, sadəcə, mübarizə deyildir - qüvvələr balansı dəyişir. Çin güclənir, daha qüdrətli olur və onun dünyada təsiri artır. Ən səmərəli siyasət haqqında danışmaq istəsək, çoxqütblü dünyada "soyuq müharibə" dövründə olduğu kimi, düşərgələrə bölünmək qaydaları əsas götürülməməlidir. Nəzərə almaq lazımdır ki, dünya olduqca mürəkkəb, çoxplanlı, müxtəlifdir və dövlətin çox mürəkkəb maraqları vardır. Biz bəzi məsələlər üzrə bəzi dövlətlərlə, müəyyən məsələlər üzrə başqa dövlətlərlə əməkdaşlıq edə bilərik. Rusiya onu əsas götürür ki, əvvələn, MDB bizim ümumi dünyamızdır, biz əsrlər boyu bu məkanda yaşayırıq və bir-birimizlə ayrılmaz surətdə bağlıyıq. Lakin biz başa düşürük ki, MDB ölkələrinin başqa maraqları da vardır və hər bir ölkə öz mənafelərindən çıxış edərək çoxvektorlu siyasət yeritməyə çalışacaqdır. Bu mənada, Rusiya bu gün çevik, açıq və tarazlaşdırılmış siyasət yeritməyə çalışır.

- Müasir siyasətin kəskin problemlərindən biri güc tətbiq etmək məsələsidir. Bu və ya digər dövlətdə, çox vaxt Asiya dövlətlərində siyasi rejimlərin dəyişdirilməsi şüarı altında hərbi müdaxilələr formasında tez-tez güc tətbiq edilməyə başlanmışdır. Sizin bu praktikaya münasibətiniz necədir?

- Mən buna mənfi münasibət bəsləyirəm, çünki əvvələn, bu praktika beynəlxalq hüquqa ziddir. İkincisi, o, heç bir məsələni həll etməyə imkan vermir, yalnız müharibələr, münaqişələr, nüvə silahının yayılması, terrorizmin güclənməsi və s. mənfi hallar üçün şərait yaradır. Biz belə siyasəti bu gün İraqın nümunəsində görürük. Orada demokratiya yaratmaq cəhdləri genişmiqyaslı vətəndaş müharibəsi ilə nəticələnmişdir. Bunun mənfi nəticələri labüddür, çünki belə xoşagəlməz nümunələri qəbul edən ölkələr də vardır. Kiçik ölkələr özlərini xarici təhlükədən müdafiə etmək məqsədilə nüvə silahına sahib olmağa çalışırlar. Bu siyasət münaqişələrə, dağıntıya gətirib çıxarır və "güc yaxşıdır" ideologiyasının yayılmasına kömək edir. Bu cür siyasət heç bir yaxşı nəticəyə gətirib çıxarmayacaqdır.

- Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini necə qiymətləndirirsiniz? Azərbaycanın qələbəsini hansı amillər şərtləndirmişdir?

- Azərbaycan mühüm ölkədir və üstəlik, strateji əhəmiyyətli bölgədə yerləşir. O, uğurla inkişaf edir, zəngin enerji ehtiyatlarına malikdir və buna görə də Azərbaycan hamıya lazım olan ölkədir. Onunla həm Rusiya, həm də ABŞ maraqlanır. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmək Azərbaycanın uğurlarının və xidmətlərinin tanınması deməkdir. Bu gün dünyada Azərbaycana hörmət edilməsini şərtləndirən mühüm amillərdən biri odur ki, bu ölkə onun tərəfdaşlarını qane edən çox uğurlu xarici siyasət yeridir.

- Bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə necə təsir edə bilər?

- Mən belə hesab edirəm ki, bu problem iki dövlət tərəfindən, qarşılıqlı kompromislər yolu ilə həll edilməlidir. Münaqişə aparan tərəflərə heç kəs hər hansı qərarları zorla qəbul etdirə bilməz. Mənim fikrimcə, tərəflər razılığa gəlməlidirlər.

Azərbaycanın uğurla inkişaf etməsi bütün dünyada, hətta Ermənistanda da nəzərə alınır. Azərbaycan elə tərəfdaşdır ki, istəsən də, istəməsən də ona hörmət etməlisən.

- Siz bu münaqişənin tənzimlənməsində Rusiyanın səylərini necə qiymətləndirirsiniz?

- Rusiya Qarabağ münaqişəsinin tənzimlənməsində yetərincə fəallıq göstərir. O, iki tərəfin ümumi məxrəcə gəlməsinə kömək etmək üçün səmimi çalışır. Şübhəsiz, bu siyasət davam edəcəkdir. Onun səmərəliliyinə gəldikdə isə bu da münaqişə aparan tərəflərdən asılıdır.

 - Sizin fikrinizcə, rusiyalı diplomatların və xarici ölkələrin diplomatlarının hazırlıq səviyyəsi necədir?

- Çoxları bizi hazırlıq səviyyəsinin çox yaxşı olmasına görə tərifləyir. Bu yaxınlarda İsveç səfiri bizim akademiyada olmuşdur. O bizdə təhsilin yüksək səviyyədə olmasını qeyd etdi. Bizim təhsil sistemi çoxlarını heyran etdiyinə baxmayaraq, o da müəyyən dərəcədə qeyri-mükəmməldir, bunlar bəzən maliyyə çatışmazlığı ilə əlaqədar olur. Lakin bu gün keçən əsrin 90-cı illərində olduğu kimi, kadr qıtlığı hiss edilmir. Hazırda XİN-də bir yerə iki nəfər iddia edir. Bu, ümumiyyətlə, pis deyil, lakin məsələn, Çinlə müqayisədə pisdir. Çində bir yeri tutmaq arzusunda olanların sayı 200 nəfərdir.

- Deyirlər, diplomat peşəsi çox cəhətdən Sizif əməyini xatırladır...

- Əgər diplomatlar əllərini yanlarına salıb otursaydılar, hər şey müharibə ilə başa çatsaydı, bu, Sizif əməyi olardı. Lakin diplomat öz ölkəsinin mənafelərini müdafiə edir, sazişlər imzalayır, dövlət səfərlərini təşkil edir, bir hökumətin sənədlərini digər hökumətə çatdırır. Diplomatın birinci vəzifəsi öz ölkəsini təmsil etmək, ikinci vəzifəsi isə olduğu ölkədə şəraiti öyrənməkdir. Ona görə də bu, heç də Sizif əməyi deyildir. Necə deyərlər, diplomatiya ikinci ən qədim peşədir.

Çörçillin məşhur bir kəlamı var, o deyirdi: "Diplomat sabah, bir ildən sonra, on ildən sonra nələr baş verəcəyini sizə izah edən, sonra isə bütün bunların nəyə görə onun öncədən dediyi kimi olmamasını izah edən adamdır".

Söhbəti qələmə aldı:  

 

Orxan YOLÇUYEV,

AzərTAc-ın müxbiri

 

Azərbaycan.- 2012.- 29 yanvar.- S.  4.