Unudulmaz alim
Deyirlər, dünya çox kiçik, arzular isə hüdudsuzdur. Bəzən elə arzular olur ki, onlara çatmaq üçün ömrü boyu çalışırsan, bəzən isə hər şey, sadəcə, taleyin qismətinə bağlı olur. Həyatları və yaradıcılıqları elm məbədinə çevrilmiş tanınmış alimlərlə ünsiyyət qurmaq, onların həyat məktəbindən dərs almaq isə arzuları da, qisməti də elmlə bağlı insanlar üçün çox gözəl və zövqverici anlar deməkdir. Nə yaxşı ki, bizim nəslin qismətinə bu cür elm fədailəri ilə eyni vaxtda yaşamaq, elmin keşməkeşli çığırlarında onlarla birgə addımlamaq şərəfi nəsib olmuşdur. Respublikamızda öz elmi, pedaqoji və ictimai fəaliyyəti ilə yadda qalan belə alimlərdən biri də bu günlərdə anadan olmasının 100 illiyini qeyd etdiyimiz akademik Ələkbər Məmməd oğlu Quliyevdir.
Yubiley ərəfəsində Ələkbər müəllimin xatirəsini anmamaq, haqqında ürək sözlərini söyləməmək mümkün deyil. Onunla bir yerdə işləməsək də, ümumi tədbirlərdə, konfrans və müşavirələrdə tez-tez görüşərdik. Görkəmli alimin şəxsiyyəti ilə istedadı, insanlara münasibəti, danışığı və davranışı bir-birini tamamlayırdı. Gənclərə qarşı hədsiz dərəcədə qayğıkeş və eyni zamanda, tələbkar bir müəllim, hami idi. Elə ilk görüşdən insanları özünə valeh etməyi bacaran pedaqoq, yaradıcı və məhsuldar alim idi. Ələkbər müəllim həm də gözəl mühazirələr oxuyar, tələbələrinə atalıq qayğısını əsirgəməzdi.
Ə.Quliyev 1911-ci ildə Tbilisi şəhərində anadan olmuşdur. Uşaqlıq və yeniyetməlik dövrlərində çox çətinliklər çəksə də, yaxşı oxuması, istedadı onu orta məktəbi bitirən kimi Gəncə şəhərinə gətirmiş və 1930-cu ildə o, Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna qəbul olunmuşdur. Elə tələbəliyin ilk günlərindən istedadı ilə yoldaşlarından seçilmişdir. Əla qiymətlərlə oxuması və yüksək qabiliyyəti müəllim və professor heyətinin gözündən yayınmamış, institutu qurtaran kimi onu Botanika kafedrasında saxlamışlar. 1937-ci ilədək bu kafedrada assistent kimi çalışmış, bir müddətdən sonra baş müəllim vəzifəsinə keçirilmişdir. Ələkbər müəllim bu illərdə pedaqoji fəaliyyəti ilə yanaşı, elmi yaradıcılığını da davam etdirmişdir. 1941-ci ildə akademik A.A.Qrossqeymin rəhbərliyi ilə namizədlik dissertasiyası müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi, elə həmin il Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adı almışdır. Yüksək pedaqoji və idarəetmə qabiliyyəti nəzərə alınaraq 1938-ci ildə Ə.Quliyev Gəncə şəhərindəki H.Zərdabi adına Dövlət Pedaqoji İnstitutunda kafedra müdiri vəzifəsinə seçilmişdir. Həmin illərdə pedaqoji fəaliyyəti ilə yanaşı, o, Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunda tutçuluq şöbəsinə də rəhbərlik etmişdir. Alimlik istedadı, əməksevərliyi, idarəçilik məharəti Ə.Quliyevi daha yüksək vəzifələrə gətirib çıxarmışdı. Tanınmış alim 1941-1955-ci illərdə Kənd Təsərrüfatı İnstitutunda Botanika kafedrasının müdiri vəzifəsində işləmişdir. O, 1946-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun ən böyük - aqronomluq fakültəsinə dekan təyin edilmişdir. Ələkbər müəllim 1955-1959-cu illərdə həmin institutun elmi işlər üzrə direktor müavini vəzifəsini icra etmişdir. 1960-cı ildə professor Gəncə Dövlət Pedaqoji İnstitutunun rektoru vəzifəsinə təyin olunmuşdur.
Ələkbər Quliyev 1961-ci ildə Azərbaycan SSR-in kənd təsərrüfatı naziri vəzifəsinə irəli çəkilmişdir. 1962-1970-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası Genetika və Seleksiya İnstitutunun direktoru vəzifəsində çalışmışdır.
İstər pedaqoji fəaliyyəti, istərsə də icra etdiyi müxtəlif məsuliyyətli vəzifələr Ələkbər müəllimin elmi yaradıcılığına heç bir maneçilik törətməmiş, əksinə, onu elmə daha sıx bağlamışdır. Tanınmış alim və pedaqoq 1950-ci ildə keçmiş SSRİ EA-nın V.L.Komarov adına Botanika İnstitutunda "Azərbaycanda bal və toz verən bitkilərin öyrənilməsi" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək biologiya elmləri doktoru alimlik dərəcəsinə, 1952-ci ildə isə SSRİ AAK-ın qərarı ilə professor adına layiq görülmüşdür.
Görkəmli alimin elmi fəaliyyəti coxsahəli olmuşdur və onun yaradıcılığını şərti olaraq üç sahəyə bölmək olar.
Həmin sahələrdən biri minbir dərdin dərmanı bal toplayan arıların və kənd təsərrüfatının ən böyük sahəsi sayılan heyvandarlığın inkişaf etdirilməsində böyük əhəmiyyəti olan yem bitkilərinin öyrənilməsi olmuşdur. Akademik Ə.M.Quliyev bu istiqamətdə apardığı elmi işlərin nəticələrini beş monoqrafiyada və yüzdən çox elmi məqalədə çap etdirmişdir. Arıçılıq sahəsində apardığı tədqiqat işləri keçmiş SSRİ-də Ələkbər Quliyevi görkəmli alimlər sırasında məşhurlaşdırmışdır. Xüsusilə, uzun illər ərzində apardığı tədqiqatların nəticəsi olan "Bal və toz verən bitkilərin öyrənilmə məsələləri" monoqrafiyası ona böyük şöhrət gətirmişdir. Fəxrlə demək olar ki, bu, yeganə monoqrafiyadır ki, bal və toz verən bitkilərin öyrənilməsinə aid bütün mövcud metodlar araşdırılmış, yeniləri isə alim tərəfindən işlənib hazırlanmışdır. Arıçılıqla məşğul olan alim və mütəxəssislər həmin metodlardan istifadə edərək ölkəmizdə müvafiq bitkiləri asanlıqla təyin edir və arıların məhsuldarlığının artırılmasına nail ola bilirlər. Akademik Ə.Quliyevin verdiyi qiymətli təkliflərdən arıçılığın inkişaf etdirilməsində hazırda da geniş istifadə olunur. Qeyd edək ki, Ələkbər müəllim bu sahədə bir çox nəzəri məsələləri də işləyib hazırlamışdır. Xüsusilə, onun 1958-ci ildə XVII Beynəlxalq Konqresdə (Roma, İtaliya) "Pambığın məhsuldarlığının artırılmasında bal arılarından istifadə edilməsi" mövzusundakı çıxışı dünya alimlərinin böyük marağına səbəb olmuşdur.
Akademik Ə.Quliyev ölkənin otlaq və çəmənliklərində zərərli və zəhərli bitkilərin müəyyən edilməsində və otlaqların yaxşılaşdırılması sahəsində geniş tədqiqatlar aparmışdır. Xüsusilə yaylaq otlaqlarında belə bitkilərin zərərsizləşdirilməsi metodunu işləyib hazırlamışdır ki, onun sayəsində ölkəmizdə heyvandarlığın yem bazasını xeyli yaxşılaşdırmaq mümkün olmuşdur. Ələkbər Quliyev bu xidmətlərinə görə o zaman Ümumittifaq Kənd Təsərrüfatı Akademiyasının üzvü seçilmişdir.
Onun elmi fəaliyyətinin ikinci hissəsi çiçəkli bitkilərin təkamülünə aid bəzi məsələlərin öyrənilməsinə həsr edilmişdir. Ələkbər müəllim müəyyən etmişdir ki, çiçəyin nektar orqanının forması və nektar verməsi bir-birindən kəskin fərqlənir. Onlar təkamül nəticəsində bir çox dəyişkənliyə uğramışdır. O, həmçinin nektar əmələgəlməsinə görə ot bitkilərinin ağac bitkilərindən geri qalmasının elmi izahını işləyib hazırlamışdır.
Ələkbər Quliyevin elmi fəaliyyətinin üçüncü istiqaməti Azərbaycanın əsas kənd təsərrüfatı bitkilərinin biologiyasına, genetik xüsusiyyətlərinin və seleksiya məsələlərinin öyrənilməsinə həsr edilmişdir. Bu sahədə apardığı qiymətli tədqiqat işlərinin nəticəsində alim onlarca yeni bitki sortu yaratmışdır ki, onlardan ASXL-1 yonca, Azərbaycan-3 qarğıdalı və Ağdaş-3 pambıq sortları respublikamızda rayonlaşdırılaraq kənd təsərrüfatının davamlı inkişafında mühüm rol oynamışdır. Təkcə onu demək kifayətdir ki, Ağdaş-3 pambıq sortu indi də respublikada pambıq sahələrinin əsas hissəsini təşkil edir.
Ələkbər müəllimin xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmiş, o, bir çox mükafatlarla, orden və medallarla təltif olunmuş, "Əməkdar ixtiraçı" fəxri adına layiq görülmüşdür.
1960-cı ildə akademik Ə.Quliyevə əməkdar elm xadimi adı verilmişdir. O, 1962-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1967-ci ildə isə həqiqi üzvü seçilmişdir.
Ə.Quliyev uzun illər Genetika və Seleksiya İnstitutunun elmi məcmuəsinin, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun, Gəncə Pedaqoji İnstitutunun elmi yazarları məcmuələrinin redaktoru, redaktor müavini, Azərbaycan EA-nın Xəbərlər bölməsində redaksiya heyətinin üzvü, Azərbaycan Genetiklər və Seleksiyaçılar Cəmiyyətinin Rəyasət Heyətinin üzvü olmuşdur.
Akademik Ələkbər Quliyevin yerli və xarici mətbuatda 250-yə qədər elmi əsəri, o cümlədən 14 kitabı, 11 monoqrafiyası çap edilmişdir ki, bu zəngin irs həmin sahədə çalışan alimlərin püxtələşməsində əvəzsiz rol oynayan qiymətli elmi mənbədir.
Ələkbər Quliyev özündən sonra məktəb qoyub getmiş vətəndaş alim idi, o, elmi-pedaqoji fəaliyyəti dövründə 51 elmlər namizədi, 7 elmlər doktoru yetişdirmişdir. Yetirmələri bu gün də onun işini davam etdirir, elmi nailiyyətləri ilə onun adına layiq olmağa çalışırlar, onların yaratdığı yeni bitki sortları dövlət sort sınağında öyrənilir və rayonlaşdırılır.
Ələkbər müəllim həm də gözəl ailə başçısı olmuşdur. Övladları atalarının yolu ilə getmiş və onlar hazırda müxtəlif universitetlərdə dekan və kafedra müdiri kimi alim və pedaqoq adını şərəflə daşıyırlar.
Ələkbər Quliyevin əziz xatirəsi bütün elmi ictimaiyyətin və onun məktəbindən, qoyub getdiyi zəngin irsdən bəhrələnənlərin qəlbində bir alim, pedaqoq, təşkilatçı, ictimai xadim və gözəl insan kimi daim yaşayacaqdır.
Əhliman ƏMİRASLANOV,
AMEA Biologiya Elmləri Bölməsinin akademik-katibi, akademik
Zeynal ƏKPƏROV,
Genetik Ehtiyatlar İnstitutunun direktoru, kənd
təsərrüfatı elmləri doktoru
Azərbaycan.- 2012.- 29 yanvar.- S. 4.