Azərbaycan Dövlət Gömrük Komitəsinin yaradılmasından 20 il ötür

 

 Yanvarın 30-u Azərbaycan gömrükçülərinin peşə bayramıdır. Bu münasibətlə  Dövlət Gömrük Komitəsində (DGK) keçirilmiş yubiley tədbirində Azərbaycan gömrükçüləri ilə yanaşı, bir sıra ölkələrdən gələn mütəxəssislər də iştirak etmişlər.

DGK Azərbaycan öz suverenliyini bərpa etdikdən sonra, 1992-ci il yanvarın 30-da Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə yaradılmışdır. Çox qısa bir tarixi inkişaf yolunda struktur fəaliyyətinin genişləndirilməsi, ölkəmizdə mal dövriyyəsinin sürətləndirilməsi, gömrük ərazisinin müdafiə və təmin olunması, eləcə də xarici əlaqələr iştirakçıları üçün əlverişli şərait yaradılmışdır. Elə bu məqsədlərlə də yeni gömrük orqanları və sərhəd gömrük postlarının açılması, beynəlxalq standartlara uyğun qanunvericilik bazasının yaradılması və Gömrük Məcəlləsinin qəbul edilməsi, ən mühüm dövlət tapşırıqlarından biri olan dövlət büdcəsinin formalaşdırılmasında yaxından iştirak etməsi, gömrük işinin beynəlxalq normalara uyğun təşkil olunması, Ümumdünya Gömrük Təşkilatının üzvü kimi inkişaf etmiş dövlətlərin gömrük təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi və s. bu kimi irəliləyişlərə nail olmuşdur.

Azərbaycan gömrük xidmətinin yaranma tarixinə nəzər salan, keçdiyi şərəfli yoldanbu sahədə əldə olunmuş uğurlardan danışan DGK-nın sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev yubiley və peşə bayramı münasibətilə gömrük işçilərini təbrik etdi. Azərbaycan gömrüyünün inkişafında əvəzedilməz rolu olan ulu öndər Heydər Əliyevin bu orqanın fəaliyyətini daim diqqətdə saxladığını deyən komitə sədri yanvarın 30-nun gömrük işçilərinin peşə bayramı günü kimi qeyd edilməsinin də məhz bu dahi şəxsiyyətin adı ilə bağlı olduğunu vurğulamışdır. Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, gömrük xidmətində də islahatlar aparılmış, DGK-nın  fəaliyyətində ciddi dönüş yaranmışdır. Azərbaycan gömrüyü qısa zaman kəsiyində respublikanın iqtisadi suverenliyinin və təhlükəsizliyinin etibarlı təminatçısına çevrilmişdir. Hazırda Prezident İlham Əliyev tərəfindən Azərbaycan gömrüyünün ənənələrinin qorunub saxlanılması və daha da təkmilləşdirilməsi işi daim diqqət mərkəzində saxlanılır.

A.Əliyev qeyd etmişdir ki, ötən 20 il ərzində Azərbaycanda gömrük işinin təkmilləşdirilməsi, gömrük orqanlarının maddi-texnikinormativ-hüquqi bazasının möhkəmləndirilməsi, dünya gömrük sisteminə inteqrasiyası istiqamətində uğurlu addımlar atılmışdır.

Tədbirdə məlumat verilmişdir ki, 2011-ci  ildə DGK dövlət büdcəsinə 1 milyard 141,5 milyon manat vəsait köçürülməklə proqnoza 100,1 faiz əməl edilmişdir. Həyata keçirilmiş kompleks tədbirlər nəticəsində ötən il 18 min 330 hüquqpozma faktı aşkar olunmuşdur ki, onlardan da 245-i cinayət xarakterlidir. Bu faktlar üzrə 2 milyon 291 min 700 manatlıq mal və əşyalar müsadirə edilmişdir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 138 fakt aşkar olunmuş, ümumilikdə 227 kiloqram 565 qram narkotik vasitə aşkarlanaraq götürülmüşdür.

Tədbirdə DGK-nın 20 illik yubileyi münasibətilə təbrik məktubları oxunmuşdur.

Dünya Gömrük Təşkilatının (DGT) Bakıda Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin rəhbəri Vitali Mikeladze DGT-nin  baş katibi Kunio Mikuriyanın təbrik məktubunu diqqətə çatdırmışdır.

Litva "İnta" QSC-nin baş direktoru Vitautas Vitkausas, Kanberra Universiteti GömrükAksiz Araşdırmalar Mərkəzinin baş məsləhətçisi Mixail Kaşubski, Avstriya Federal Maliyyə Nazirliyinin Beynəlxalq Proqram və Layihələr, Gömrük Siyasəti və İT koordinasiyası üzrə baş əməkdaşı Michael Praschak və digərləri çıxış edərək Azərbaycan gömrükçülərini təbrik etmişlər.

Sonda tədbir iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 31 yanvar.- S.  2.