Azərbaycan
2011-ci ildə sosial-iqtisadi sahədə böyük
uğurlara imza atmışdır
Hər bir xalqın milli sərvəti sayılan müstəqillik onun ümumi inkişafının strateji istiqamətlərinin müəyyənləşməsini təmin edir. Tarixi təcrübə sübuta yetirmişdir ki, öz taleyi ilə bağlı müstəqil şəkildə qərar verən xalqların tərəqqisi daha dinamik xarakter daşımışdır. Yeni yüzillikdə dünyanın mövcud siyasi xəritəsinə nəzər yetirməklə də müstəqil və qeyri-müstəqil dövlətlər arasında tərəqqi səviyyəsinin, bu kontekstdə qeydə alınan inkişaf göstəricilərinin nə dərəcədə fərqli olduğunu aydın görmək mümkündür. Bütün bunlar bir daha təsdiqləyir ki, inkişaf meyarının məzmun və əhatə dairəsini müəyyən edən ən önəmli amillər sırasında müstəqillik amili həlledici əhəmiyyətə malikdir.
Ötən il dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünu təntənə ilə qeyd edən Azərbaycan Respublikası özünəməxsus milli inkişaf modeli ilə bir sıra mühüm uğurlara imza atmış, Cənubi Qafqazda lider ölkə statusu qazanmışdır. Uğurla gerçəkləşdirilən iqtisadi siyasət makroiqtisadi və maliyyə sabitliyinin qorunması ilə yanaşı, dayanıqlı iqtisadi artımı təmin etmiş, iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasət sayəsində qeyri-neft sektoru sürətli inkişaf yoluna qədəm qoymuş, nəticədə ölkəmizin dünyada islahatçı imici daha da möhkəmlənmişdir.
Xüsusi vurğulamaq lazımdır ki, Prezident İlham Əliyev son 8 ildə ulu öndərin böyük müdrikliklə irəli sürdüyü inkişaf strategiyasını inamla davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşdirmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlaması üçün çox iş görmüşdür. Ötən müddətdə iqtisadi məsələlərə xüsusi diqqətin ayrılması da əsaslı yanaşma olaraq dövlət müstəqilliyinin iqtisadi bazisini möhkəmləndirmək, cəmiyyətin davamlı inkişafı üçün zəmin hazırlamaq məqsədindən irəli gəlmişdir. Bu siyasətin davamı olaraq 2011-ci ildə respublika iqtisadiyyatında islahatlar inamla davam etdirilmiş, xüsusən də regional inkişafa, qeyri-neft sektorunun yüksəlişinə, infrastrukturun müasirləşdirilməsinə, neft amilindən asılılığın azaldılmasına, sahibkarlığın inkişafına və güclü insan kapitalının formalaşdırılmasına xidmət edən mühüm addımlar atılmışdır.
Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası bunu əminliklə söyləməyə əsas verir. Keçən il dövlət büdcəsi 20 milyard, strateji valyuta ehtiyatları isə 40 milyard ABŞ dollarını ötən Azərbaycan iqtisadiyyatı hazırda Cənubi Qafqaz iqtisadiyyatının 75 faizini təşkil edir. Keçən il bir obyektiv səbəblə - neft hasilatının azalması ilə bağlı iqtisadi artım 0,1 faiz təşkil etsə də, qeyri-neft sektoru 9,4, qeyri-neft sənayesi 11,1 faiz artmışdır. Ötən il vətəndaşların sosial rifahı baxımından vacib olan inflyasiyanın birrəqəmli - 7,9 faiz olması, eyni zamanda əhalinin pul gəlirlərinin 19,6 faiz artması da hökumətin ötənilki fəaliyyətinin səmərəliyinə dəlalət edir.
Azərbaycandakı dinamik inkişafı hazırda dünyanın bir sıra nüfuzlu maliyyə təşkilatlarının 2011-ci il üzrə hesabatlarına nəzərən də aydın görmək mümkündür. Dünya İqtisadi Forumunun hazırladığı "Qlobal rəqabətlilik 2010-2011 hesabatında" Azərbaycan 57-ci yeri tutmuşdur. Bu nəticəyə görə respublikamız MDB məkanında liderliyini qorumuşdur. Bundan başqa, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının "Doing Buziness 2011: Sahibkarlıq üçün şəraitin yaxşılaşdırılması" birgə hesabatının nəticələrinə əsasən, sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait reytinqində 183 ölkə arasında 54-cü yeri tutmuşdur. "Moods İnvestors Servises" beynəlxalq reytinq agentliyi isə respublikamızın istiqrazlarına təyin etdiyi "Ba1" reytinqini təsdiq edərək xarici valyuta üzrə "Baa2" və yerli valyuta üzrə "A3" reytinqlərinin proqnozunun sabitdən pozitivə qaldırılması barədə qərar qəbul etmişdir. Bütün bunlar, şübhəsiz, uzun illər ərzində formalaşmış əlverişli biznes və investisiya mühitinin nəticəsi sayılmalıdır. "Fitch Ratings" və "Moody's" reytinq agentliklərinin də Azərbaycan iqtisadiyyatına dair qiymətləndirmələri müsbət olmuşdur. "Qlobal Rəqabət Qabiliyyəti İndeksi" hesabatına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 142 ölkə arasında 55-ci, MDB-də isə 1-ci olmuşdur.
2011-ci ildə 13 milyard dollar daxili və 7 milyard
dollar xarici olmaqla ölkə iqtisadiyyatına ümumilikdə
20 milyard dollar investisiya yatırılması da bunun əyani təsdiqidir.
İnvestisiyaların 15,7 milyard dolları qeyri-neft sektorunun, 4,3
milyard dolları isə neft sektorunun payına
düşmüşdür. Prezident İlham Əliyev Nazirlər
Kabinetinin yanvarın 16-da keçirilən iclasında 2011-ci
ildə ölkəmizin investisiyaların cəlbi sahəsində
də mühüm uğurlara imza atdığını
vurğulamışdır: "...Biz 2011-ci ildə
investisiya qoyuluşu sahəsində rekord göstəriciyə
nail ola bilmişik. İldən-ilə ölkə
iqtisadiyyatına qoyulan investisiyaların həcmi artmaqdadır,
böyük templərlə artır. 2010-cu ildə 17,6 milyard dollar
investisiya qoyulmuşdur. 2011-ci ildə isə ilk dəfə
olaraq investisiyalar 20 milyard dollara bərabərdir. Təkcə 2 il ərzində ölkə iqtisadiyyatına 37
milyard dollar vəsait qoyulmuşdur. Əvvəlki
dövrdəki investisiyaları da əlavə etsək görərik
ki, Azərbaycanda nə qədər böyük işlər
görülür. Həm yerli, həm
xarici investorlar ölkə iqtisadiyyatına maraq göstərirlər.
Xarici investorlar ölkəmizin uğurlu
inkişafına bizimlə bərabər, bizim kimi inanırlar.
Eyni zamanda, əlbəttə ki, bu
investisiyaların təşkilində dövlət siyasəti
həlledici rol oynayır".
Keçən ildə iqtisadiyyatın qeyri-neft sektorunda
müşahidə edilən əsaslı artım uğurlu təməlini
ilk növbədə regionların sosial-iqtisadi inkişafı
sahəsində həyata keçirilmiş tədbirlərdən
götürür. İnkişaf etmiş dövlətlərin
təcrübəsi də göstərir ki, iqtisadiyyatın
sabit tempini qorumaq üçün regional inkişafda
tarazlığın, tarixi məşğulluq ənənələrinin
qorunub saxlanması vacib şərtlərdəndir. Dövlət başçısı İlham
Əliyevin iqtisadi siyasətdə regional inkişaf məsələlərinə
xüsusi diqqət yetirməsi, bölgələrin tərəqqisinə
yönəlmiş dövlət proqramları, fərman və
sərəncamlar imzalaması məhz bu reallığa əsaslanmışdır.
2004-cü il fevralın 11-də
imzalanmış "Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramı (2004-2008-ci illər)" bu baxımdan xüsusi əhəmiyyət
daşımışdır. Dövlət proqramı regional
inkişafdakı kəskin fərqin aradan
qaldırılması, yerlərdə sosial infrastruktur layihələrinin
həyata keçirilməsi sahibkarlığın
inkişafı baxımından vacib, əlahiddə əhəmiyyətli
sənəd olmuş, bu təkmil konsepsiyanın icra vəziyyəti
ilə bağlı hər il hökumətin
müşavirələri keçirilmişdir. Dövlət
proqramının uğurlu icrası nəticəsində
ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində
yüksək artım əldə edilmiş, sosial-iqtisadi
inkişaf sahəsində nəzərdə tutulmuş tədbirlərin
reallaşdırılması əhalinin həyat səviyyəsinin
yüksəlməsində mühüm rol
oynamışdır.
Dövlət
başçısı İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı"nın əsas məqsədi isə
bu sahədə həyata keçirilən siyasətin
davamı olaraq ölkədə qeyri-neft sektorunun
inkişafının sürətləndirilməsinə,
iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və
davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin
daha da yaxşılaşdırılmasına nail olmaqdır.
Bu və əvvəlki regional inkişaf proqramlarının
icrası sayəsində 2004-cü ildən sonrakı dövrdə
respublikada 40 mindən çox yeni müəssisə,
950 mindən artıq yeni iş yerləri
yaradılmışdır. Bundan başqa, son illər
iqtisadiyyatda baş verən struktur dəyişiklikləri ilə
bağlı dövlət sektorunda çalışanların
xüsusi çəkisinin azalması müşahidə olunur. 1995-ci ildə bu göstərici 56,1 faiz olduğu halda, 2011-ci ildə 26,4 faiz təşkil
etmişdir. Eyni zamanda, qeyri-dövlət sektorunda
çalışanların xüsusi çəkisi 43,9 faizdən 73,6 faizədək artmışdır.
Regionların inkişafına 2004-cü ildən etibarən
bütün maliyyə mənbələri hesabına 20 milyard
dollar investisiya yönəldilmiş, yüzlərlə layihə
uğurla icra olunmuşdur. Ümumilikdə,
2003-cü ildən ölkədə qeyri-neft sektoru 3 dəfəyədək
artmışdır. Qeyri-neft sektorunun inkişafına və
ölkə iqtisadiyyatının diversifikasiyasına, eləcə
də bu sahələrdə mövcud müəssisələrin
maddi və texnoloji bazasının möhkəmləndirilməsinə
yönəlmiş tədbirlər nəticəsində son 5
ildə ÜDM-də qeyri-neft sektorunun payı xeyli yüksələrək
44,4 faizə çatmışdır.
2011-ci ildə də dövlət
başçısının regionlara mütəmadi səfərləri,
200-dən çox müxtəlif təyinatlı obyektlərlə
tanışlığı, o cümlədən yeni müəssisələrin
açılış və təməlqoyma mərasimlərində
iştirakı regionların tarazlı inkişafının təmini
və əhalinin həyat səviyyəsinin daha da yüksəlməsində
müstəsna rol oynamışdır. Bu dövrdə
regionlarda 100-ə yaxın müəssisə, o cümlədən
30-a yaxın sənaye müəssisəsi tikilib istifadəyə
verilmişdir.
2011-ci ildə
yoxsulluğun səviyyəsinin 7,6 faizə
düşməsini, 100 minə yaxın yeni iş yerinin
açılmasını həm də Azərbaycan hökumətinin
sosialyönümlü siyasətinin uğuru kimi səciyyələndirmək
olar. Ümumiyyətlə, müasir dövrdə
dövlətin hər kəsi layiqli həyat səviyyəsi ilə
təmin etmək vəzifəsi inkişaf etmiş dövlətlərin
sosial xərclərinin yüksək həcmində praktik ifadəsində
tapır. Sosial xərclərin payı
İsveçdə üçdə bir, Almaniya və
İtaliyada dörddə bir, ABŞ və Böyük
Britaniyada beşdə bir hissə təşkil edir. Azərbaycanda
2011-ci il üçün büdcə xərclərinin
strukturunda sosialyönümlü xərclərin 33 faiz təşkil
etməsi də (büdcənin üçdə biri) ölkəmizdə
sosialyönümlü siyasəti bariz şəkildə təcəssüm
etdirir.
Hesabat
ilində əhalinin sosial vəziyyətinin
yaxşılaşdırılması istiqamətində
atılmış mühüm addımlardan biri də dövlət
başçısının 2011-ci il 8
aprel tarixli fərmanı ilə əhalinin su təchizatı və
kanalizasiya xidmətlərinə görə borclarının
silinməsi olmuşdur. Fərmana əsasən, əhalinin
içməli su təchizatı və kanalizasiya xidmətlərinə
görə 2011-ci il 1 fevral tarixinə "Azərsu"
Açıq Səhmdar Cəmiyyətinə olan 294,2 milyon manat məbləğində borcları
silinmişdir. Bu fərman əhali qrupuna aid
olunan abunəçilərin 85 faizini əhatə etmişdir.
Xatırlatmaq lazımdır ki, Prezident İlham Əliyev
2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafın
yekunları ilə bağlı hökumətin iclasında
2006-cı ilədək pensiyaya çıxmış vətəndaşların
pensiyalarının yenidən hesablanması ilə
bağlı göstəriş vermiş, beləliklə,
sosial bərabərsizliyin aradan qaldırılması istiqamətində
mühüm addım atılmışdır. Bununla əlaqədar 2011-ci
ilin may-iyun aylarında büdcədə Dövlət Sosial
Müdafiə Fondunun gəlir və xərcləri də dəqiqləşdirilmişdir:
dövlət büdcəsindən DSMF-ə ayırmaların məbləği
691000,0 min manatdan 886000,0 min manata
çatdırılmışdır. Bu artım sayəsində
fondun büdcəsində transfertin xüsusi çəkisi təqribən
5 faiz bənd yüksələrək 40,9
faizə çatmışdır. Dəyişiklik nəticəsində
fondun ümumi xərcləri 2165540,0 min
manat olmuşdur. Bu, ilkin müəyyən edilmiş məbləğlə
müqayisədə 195000,0 min manat və
ya 9,9 faiz artım deməkdir.
Dövlət başçısının verdiyi
tapşırığın icrası ilə əlaqədar
Milli Məclis vətəndaşların pensiya ilə təminatını
nəzərdə tutan mövcud qanunlara müəyyən əlavə
və dəyişikliklər etmişdir. Nəticədə
2011-ci ilin 1 iyul tarixindən 900 minədək
pensiyaçının pensiyası 40 faiz artmışdır.
Prezident İlham Əliyev bunu Azərbaycan hökumətinin
iqtisadi siyasətinin sosialyönümlü olması ilə
izah etmişdir: "Bu, bir daha onu göstərir ki, Azərbaycan
iqtidarının siyasəti sosialyönümlüdür. Bizim siyasətimizin mərkəzində Azərbaycan
vətəndaşı dayanır. Bütün
iqtisadi uğurlar bizə imkan verir ki, sosial sahədə daha da
ciddi addımlar ataq. Mən əminəm
ki, pensiyaçıların sosial təminatının
yaxşılaşdırılması nəticəsində bir
milyona qədər Azərbaycan vətəndaşı maddi vəziyyətini
böyük dərəcədə
yaxşılaşdıracaqdır".
Azərbaycanın milli sığorta-pensiya modelinin insanpərvər
və humanist səciyyə daşıması özünü
həm də pensiyaların artırılması mexanizminin
bazar iqtisadiyyatının tələbləri ilə
uzlaşdırılmasında qabarıq göstərir. 2006-cı il
yanvarın 1-dən tətbiq edilən sığorta-pensiya
sisteminə əsasən, pensiyaların baza hissəsinin
artırılması zamanı istehlak qiymətləri indeksinin
illik səviyyəsinın nəzərə alınması,
habelə sığorta hissəsinin istehlak qiymətləri
indeksinə uyğun indeksləşdirilməsi mövcud maliyyə
resurslarının əmək pensiyaçıları
arasında ədalətli bölgüsü məqsədinə
xidmət edir. Son 5 ildə Azərbaycan
Respublikası Prezidenti yaşa görə əmək
pensiyasının baza hissəsinin artırılması ilə
bağlı 7, sığorta hissəsinin artırılması
ilə bağlı 5 sərəncam imzalamışdır.
Prezident İlham Əliyevin 2011-ci il 15 fevral tarixli "Əmək
pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi
haqqında" sərəncamı əsasında Azərbaycanda
ilk dəfə olaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə,
yəni inflyasiyaya uyğun indeksləşdirmənin
aparılması təmin edilmişdir.
Ümumilikdə
2011-ci ilin əvvəli ilə müqayisədə ölkə
üzrə əmək pensiyalarının orta aylıq məbləği
28,7 faiz artaraq 145,2, o cümlədən
yaşa görə əmək pensiyalarının orta
aylıq məbləği 36,4 faiz artaraq 160,4 manata
çatmışdır. Ölkə üzrə
əmək pensiyalarının orta aylıq məbləğinin
əməkhaqlarının orta aylıq məbləğinə
nisbəti 40, yaşa görə əmək pensiyaları üzrə
isə 45 faiz təşkil etmişdir.
Azərbaycan bütün sahələrdə yeniləşən
və müasirləşən islahatçı ölkə
kimi 2011-ci ildə dövlət əsaslı kapital qoyuluşu
siyasətini də uğurla davam etdirmişdir. Dövlət əsaslı vəsait
qoyuluşu hesabına ötən il nəqliyyat, İKT, turizm,
kommunal, irriqasiya, energetika, ekologiya və digər sahələrin
inkişafına 5,9 milyard, o cümlədən
sosialyönümlü layihələrə 1,7 milyard manat
investisiya yatırılmışdır.
İnfrastrukturun müasirləşdirilməsi tədbirləri
çərçivəsində 2011-ci ildə respublikanın
bir çox magistral, şəhər, rayon, qəsəbədaxili
yolları yenidən çəkilmişdir. Paytaxt Bakı
şəhəri yaxınlığında böyük, yeni,
müasir dəniz və hava limanlarının təməli
qoyulmuş, gəmiqayırma zavodunun inşasına
başlanmışdır. İl ərzində
regionlarda müasir texnologiyalara əsaslanan 110-dan çox
müəssisə tikilib istifadəyə verilmiş,
hazırda 200-dən çox müəssisə tikilməkdədir.
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı
üzrə təkcə ötən il 53 məktəbin, 47
uşaq bağçasının, 6 səhiyyə obyektinin təmir-tikinti
işləri yekunlaşdırılmış və bu istiqamətdə
işlər davam etdirilir. Həm Bakı qəsəbələrində,
həm də regionlarda elektrik enerjisi, qaz və istilik təchizatı,
rabitə və informasiya, kənd təsərrüfatının
infrastruktur təminatı, ekologiya, su və kanalizasiya, yol təsərrüfatı
və nəqliyyat, sosial infrastruktur sahələrində zəruri
tədbirlər həyata keçirilmişdir.
Ötən
il Azərbaycan neft-qaz strategiyasını
da uğurla həyata keçirmiş, ilin əvvəlində
Avropa İttifaqı ilə strateji enerji əməkdaşlığına
dair Bəyannamə imzalamışdır. Eyni
zamanda, Xəzərin Azərbaycan sektorundakı
"Ümid" yatağında zəngin qaz
ehtiyatlarının kəşf olunması respublikamızın
Avropanın enerji təhlükəsizliyindəki həlledici
rolunu daha da gücləndirmişdir. "Ümid"
yatağının aşkarlanması münasibətilə Azərbaycan
xalqını təbrik edən Prezident İlham Əliyev
demişdir: "Yeni böyük qaz yatağının kəşfi
Azərbaycanın enerji təhlükəsizliyinə də
böyük töhfədir. Biz enerji təhlükəsizliyimizi
tam şəkildə təmin edə bilmişik. Bir müddət bundan əvvəl Azərbaycan
Dövlət Neft Şirkəti tərəfindən
aşkarlanmış "Ümid" yatağı da
böyük potensiala malikdir. Orada qazın
həcmi 300 milyard kubmetrdən artıqdır. Bizim ən böyük və dünya miqyasında
böyüklərin sırasında yer almış
"Şahdəniz" yatağında işlər uğurla
gedir. "Şahdəniz"
yatağının ikinci fazasının işlənməsi ilə
əlaqədar bütün hazırlıq işləri
aparılır. Xarici tərəfdaşlarla
bu məsələlərlə bağlı ciddi müzakirələr
aparılır. Bir sözlə, Azərbaycanın
qaz potensialı nəinki ölkəmiz üçün, region
üçün, dünya üçün öz əhəmiyyətini
göstərməkdədir".
Ümumilikdə 2011-ci ilin uğurlu nəticələri
hökumətə 2012-ci ilin dövlət büdcəsində
müxtəlif sahələr üzrə ayrılan vəsaitləri
artırmağa da geniş imkanlar yaratmışdır. "Azərbaycan
Respublikasının 2012-ci il dövlət büdcəsi
haqqında" qanunu respublikadakı sürətli
inkişafın bariz göstəricisidir. 2012-ci ilin
dövlət büdcəsi deməyə əsas verir ki, bu il respublikamızın bütün sahələr
üzrə dinamik inkişafında mühüm dövr olacaq. Ölkə iqtisadiyyatında mühüm maliyyə təminatı
rolunu oynayan dövlət və icmal büdcələrdə
risklərin qarşısının alınması, onların
potensial gəlirlərinin neft konyunkturasından
asılılığının azaldılması, qeyri-neft
sektorundan daxilolmaların artırılması istiqamətində
səmərəli tədbirlərin görülməsi 2012-ci
ildə qarşıda duran vəzifələrdəndir. Bundan başqa, dövlət büdcəsi gəlirlərinin
yığım əmsalının artırılması,
mülkiyyət vergilərinin dərəcələrinin
optimallaşdırılması, əməkhaqqıdan gəlir
vergisinin vergi tutulmayan məbləğinin minimuma
yaxınlaşdırılması, müxtəlif vergi növləri
üzrə vergi bazasının genişləndirilməsi,
vergidən yayınmaların qarşısının
alınması istiqamətində işlər növbəti
illərdə də davam etdiriləcək.
Ümumilikdə
2012-ci ildə dövlət büdcəsinin xərcləri
dövlətin orta və uzunmüddətli prioritetlərini
özündə birləşdirən iqtisadi xəttin həyata
keçirilməsinə, sosial-iqtisadi inkişaf sürətinin
qorunub saxlanılmasına, iqtisadiyyatın tənzimlənməsinə
və stimullaşdırılmasına, milli maraqların beynəlxalq
miqyasda təmin edilməsinə, qeyri-neft sektorunun və
sahibkarlığın inkişafına, istehsal və sosial
infrastrukturun müasir tələblər səviyyəsində
qurulmasına, xalqın rifah halının daha da
yaxşılaşdırılmasına maliyyə təminatı
yaradacaq.
2012-ci ildə
dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun
37,8 faizini təşkil edəcəkdir. Bu
da 2011-ci ilə nisbətən 1,1, 2010-cu
ilin faktiki icrasına nisbətən 10,4 faiz çoxdur.
Mütləq ifadədə bu ilin dövlət büdcəsinin
gəlirləri 16436,4 milyon manat
proqnozlaşdırılmışdır. Bu, 2011-ci illə
müqayisədə 882,2 milyon manat və ya 5,7 faiz, 2010-cu ilin
faktiki icrasına nisbətən 5033,4 milyon manat, yaxud 44,1 faiz
çoxdur. Gəlirlərin 12035,0 milyon
manatı və 73,2 faizi neft, 4401,4 milyon manatı, yaxud 26,8
faizi qeyri-neft sektoru üzrə daxilolmaların payına
düşəcək. Cari ildə dövlət büdcəsi
kəsirinin maliyyələşdirilməsi üçün
548 milyon manat həcmində vəsait nəzərdə
tutulmuşdur ki, bu da ÜDM-in 1,3 faizini təşkil edir.
2012-ci ildə
əsas məqsədlərdən biri kimi dünya
bazarlarında rəqabətə davamlı, ölkənin
daxili tələbatında əhəmiyyət kəsb edən
məhsulların istehsalının genişləndirilməsi
üçün maliyyə təminatı yaratmaq, iqtisadiyyata cəlb
olunacaq sərmayənin strukturunda daxili resursların
payını artırmaq, dövlət sifarişli layihələrin
maliyyələşdirilməsinə üstünlük vermək,
dövlət büdcəsinin vəsaiti və digər maliyyələşmə
mənbələri hesabına turizmin inkişafını
stimullaşdırmaq, ekoloji tədbirləri davam etdirmək,
alternativ və bərpa olunan enerji mənbələrini yaratmaq
prioritetlər sırasındadır.
2012-ci ildə
xam neftin bir barelinin qiyməti bu ilin dürüstləşdirilmiş
büdcəsində olduğu kimi 80 ABŞ dolları, habelə
ortamüddətli dövrdə bu məbləğ daha az, yəni 75 ABŞ dolları səviyyəsində
nəzərdə tutulmuşdur. Xam neftin bir
barelinin qiymətinin 100 ABŞ dollarından yuxarı olmaqla qərarlaşan
qiymət səviyyəsi ilə müqayisədə proqnoz məbləğlərin
əhəmiyyətli dərəcədə aşağı səviyyədə
göstərilməsi neftin qiymət konyunkturundakı ciddi
risklərdən sığortalanmanın təminatçısı
və mühafizəkar yanaşma kimi müsbət dəyərləndirilməlidir.
Cari ildə
ümumi investisiyanın 44,8 faizi qeyri-neft
sektoru tərəfindən qoyulacaq. Başqa
sözlə, qeyri-neft sektorunun ölkə iqtisadiyyatına
yatırdığı investisiyanın xüsusi çəkisi
7 faiz artacaq. Eyni zamanda, ümumi investisiyanın 68,4 faizinin qeyri-neft sektoruna qoyulması nəzərdə
tutulmuşdur. Bütün bunlar ölkənin
investisiya imkanlarının tam həcmdə iqtisadiyyata cəlb
edilməsi və bu amillər hesabına bütün sahələrin
inkişafına müvafiq təminatın yaradılması tədbirləri
kimi xarakterizə oluna bilər.
Hazırda sosial-iqtisadi inkişaf prosesinin
davamlılığının təmini nöqteyi-nəzərindən
respublikanın perspektiv inkişaf strategiyasının yaxın
və uzaq dəqiq hədəflər əsasında
düzgün müəyyənləşdirilməsi,
reallığa adekvat elmi-iqtisadi proqnozların, təhlillərin
irəli sürülməsi son dərəcə vacib məsələlərdən
biridir. Bu reallığı düzgün müəyyənləşdirən
Prezident İlham Əliyev də hər bir mərhələ
üçün respublikanın qarşısında duran vəzifələri
dəqiq müəyyənləşdirməklə ölkənin
bütün resurslarını bu istiqamətdə səfərbər
edir. 2011-ci il aprelin 21-də Azərbaycan
Milli Elmlər Akademiyasında alimlərlə keçirdiyi
görüşdə dövlət başçısı bu məsələ
ilə bağlı demişdir: "Biz uzunmüddətli
inkişaf strategiyamızı müəyyən edərkən
mütləq güclü elmi bazaya arxalanmalıyıq. Biz iqtisadi inkişafımızın gələcək
istiqamətlərini müəyyən edərkən
güclü elmi əsaslara söykənməliyik. Burada düzgün proqnozlar verilməlidir. Biz nəinki beşillik proqramı icra edərkən
bu məsələlərlə məşğul
olmalıyıq, uzaq gələcəyə baxmalıyıq -
20 ildən, 30 ildən sonra Azərbaycan hansı imkanlar
hesabına inkişaf edəcəkdir?! Azərbaycanda
elə güclü potensial yaradılmalıdır ki, ölkəmizin
inkişafı uzunmüddətli, uğurlu və
dayanıqlı olsun".
2011-ci il
29 noyabr tarixdə imzaladığı "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasının
hazırlanması barədə" sərəncam cənab
İlham Əliyevin uzaq hədəflərə
hesablanmış səmərəli iqtisadi siyasət
yürütdüyünü bir daha təsdiqləyir. Dövlət başçısı tarixi əhəmiyyətli
bu sərəncamı ilə qarşıdakı 10 ildə
hökumət səviyyəsində
reallaşdırılması vacib kompleks tədbirlər
sisteminin əhatə dairəsini və müddətini, habelə
icra mexanizmlərini müəyyənləşdirmək məramını
izhar etmişdir.
Sərəncamın preambula hissəsində vurğulandığı
kimi, son dövrdə ölkədə həyata keçirilən
islahatlar bütün sahələrdə müsbət nəticələrin
əldə olunmasına şərait yaratmışdır. Bu illər ərzində,
xüsusilə də son onillikdə Azərbaycanda makroiqtisadi
sabitliyə, dinamik iqtisadi artıma nail olunmuş, yoxsulluğun
azaldılmasında və əhalinin sosial rifahının
yüksəldilməsində ciddi uğurlar
qazanılmışdır. Sənəddə
həmçinin vurğulanır ki, bütün bunlarla bərabər,
sərbəst bazar iqtisadiyyatı institutlarının
yaradılması və sahibkar təşəbbüskarlığına
söykənən iqtisadiyyat modelinin bərqərar olması,
iqtisadi və sosial infrastrukturun təkmilləşdirilməsi
ölkəmizin gələcək inkişafı
üçün geniş imkanlar açmışdır.
Sərəncamda yeni mərhələnin əsas hədəfi
kimi çoxşaxəli, səmərəli və
innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması,
sosial sahədə önləyici inkişaf trendinin təmin
olunması və əhalinin rifahının layiqli, qabaqcıl
beynəlxalq standartlara uyğun səviyyəyə
çatdırılması, habelə elmin, mədəniyyətin
inkişafında, ictimai həyatın bütün istiqamətlərində
yeni nailiyyətlərin əldə olunması vacibliyi önə
çəkilmişdir.
Sərəncamla
2020-ci ilədək dövrü əhatə edən "Azərbaycan
2020: gələcəyə baxış" İnkişaf
Konsepsiyası layihəsinin hazırlanmasına ümumi rəhbərlik,
təşkilati və əlaqələndirici səlahiyyətlərin
həyata keçirilməsi Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasına həvalə olunmuşdur. Eyni zamanda, Administrasiya İnkişaf
Konsepsiyasının layihəsini 2012-ci ilin sonunadək
hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan
Respublikasının Prezidentinə təqdim etməlidir.
İnkişaf Konsepsiyası layihəsinin hazırlanması
prosesinə müvafiq dövlət orqanlarının, elmi təşkilatların
və yüksəkixtisaslı mütəxəssislərin cəlb
olunması; bu sahədə qabaqcıl dünya təcrübəsindən
yararlanmaq məqsədilə Birləşmiş Millətlər
Təşkilatının İnkişaf Proqramı və digər
beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın
həyata keçirilməsi üçün zəruri tədbirlər
görülməsi, vətəndaş cəmiyyəti təsisatlarının
iştirakı, habelə layihənin açıq müzakirəyə
çıxarılması üçün müvafiq tədbirlərin
görülməsi təmin edilməlidir.
Prezident İlham Əliyev çıxışlarında
və nitqlərində 2009-cu ildə iqtisadi sahədə
keçid dövrünü başa vuraraq modernləşmə
mərhələsinə qədəm qoyan müstəqil Azərbaycanın
uzunmüddətli inkişaf strategiyasının əsas hədəflərini
açıqlamış, qarşıda dayanan strateji məqsədlərdən
söz açmışdır. Nazirlər Kabinetinin
2011-ci ilin 9 aylıq sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunmuş iclasında cənab İlham
Əliyev daha bir iqtisadi hədəf müəyyənləşdirərək
2020-ci ilədək respublikada ümumi daxili məhsulun 10 dəfəyədək
artırılması vacibliyini hökumət
qarşısında mühüm vəzifə kimi qoymuşdur.
Eyni zamanda, dövlət başçısı
Azərbaycanı yaxın perspektivdə inkişaf etmiş
dövlətlər sırasında görmək niyyətini
böyük əzmlə bəyan etmişdir. "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasının
hazırlanması da məhz bu istəyin
reallaşdırılmasının fundamental mexanizmi kimi nəzərdən
keçirilir.
Uzunmüddətli inkişaf strategiyasının təmini baxımından ölkədə güclü sənaye kompleksinin formalaşdırılması da vacib məsələlərdən biri kimi qarşıda durur. Dövlət başçısının 2011-ci il 21 dekabr tarixdə imzaladığı "Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında" fərmanı da bu və digər məqsədlərin gerçəkləşdirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Preamblua hissəsində göstərildiyi kimi, belə bir fərmanın imzalanması ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaradılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədinə xidmət edir.
Son illər Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və sənaye qazları istehsalı, eləcə də alüminium, kondensator, MDF, "Müasir Tikinti Materialları", qlükoza istehsalı zavodlarının istifadəyə verilməsi, "Qaradağ Sement" zavodunun yenidən qurulması və 2 yeni sement, bərk məişət tullantılarının yandırılması, gəmiqayırma, günəş panelləri, "Xovlu İplik", gübrə zavodlarının və digərlərinin tikintisinin davam etdirilməsi sənayeləşmə siyasətinin real nəticəsidir. Bütövlükdə 2011-ci ildə 40-dan çox sənaye müəssisəsi tikilib istifadəyə verilmişdir, 100-dək sənaye müəssisəsinin tikintisi davam etdirilir. Energetika sənayesinin inkişafı, o cümlədən alternativ enerji mənbələrindən istifadənin sürətləndirilməsi və bu sahədə yeni istehsal obyektlərinin yaradılması istiqamətində zəruri işlər görülür. Hazırda yaradılan Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı iqtisadiyyatın modernləşməsini, innovativ iqtisadiyyatın formalaşmasını, sahibkarlığın inkişafını sürətləndirəcək, idxaldan asılılığı azaltmaqla qeyri-neft ixracını artıracaq, əhalinin məşğulluğunun artırılmasında önəmli rol oynayacaqdır.
2012-ci ildə də respublikamızın davamlı inkişaf yolunda olacağını müxtəlif beynəlxalq təşkilatlar da birmənalı təsdiqləyirlər. Belə ki, dünya ölkələrində iqtisadi artım 1-2 faizlik templə müşahidə olunduğu halda, respublikamızda inkişaf indiqatoru 6 faizdən aşağı proqnozlaşdırılmır. Bütün bunlar deməyə əsas verir ki, dövlət başçısı İlham Əliyevin yeritdiyi uğurlu iqtisadi siyasət bu il də müsbət nəticələr verəcəkdir.
Asəf NADİROV,
akademik
Azərbaycan.- 2012.- 27 yanvar.- S. 6.