Azərbaycan torpaqlarının işğalı və erməni vandalizminə qarşı vedibasarlıların mübarizəsi tarixindən

 

 "Rusiya imperiyasının bütün Qafqazda, o cümlədən Cənubi Qafqazda canişini, general-feldmarşal İvan Vasilyeviç Qudoviçin mühasirəyə aldıgı İrəvan qalası yaxınlığındakı hərbi düşərgədən 8 oktyabr 1808-ci il "Aslan sultana, Baba bəyə, kəndxudalara və Vedi çuxurunun bütün Şadlı əhalisinə" ünvanlı məktubu bölgədə Şadlılar tayfasının və onun başçısı Aslan sultanın onunla hesablaşmaq məcburiyyətində olduğunu sübut edir.

İ.V.Qudoviç məktubunda həm də Rusiya ordusunun məğlubedilməzliyindən, İrəvan qalasını əgər təslim olarsa dinc, müqavimət göstərsə güc yolu ilə alacağından, İrəvan hakimi Hüseynqulu xanı Əştərək yaxınlığında necə məğlub etdiyindən, daha sonra qoşun göndərib onun qüvvə toplamaq üçün üz tutduğu Vedi çuxurundan vurub çıxartdığından bəhs edir. O, Aslan sultanı inandırmağa çalışır ki, məğlub olan Hüseynqulu xan dinc əhalini öz dədə-baba yurdundan qoparıb Arazın o tayına - Cənubi Azərbaycana aparmaqla, düşmən əlinə keçməmək üçün kəndləri, adamların kəndlərdə qalan əmlakını, taxıl ehtiyatını od vurub yandırmaqla, əslində, Vedibasr əhalisinə xəyanət etmiş, zərər vurmuşdur. İ.V.Qudoviç Aslan sultana və həmyerlilərinə çarın mərhəmətini, himayəsini və güclü müdafiəsini vəd edir, onları geriyə - öz el-obalarına qayıtmaq üçün dilə tutur.

Bu məktub göndərildikdən iki gün sonra - 1808-ci il oktyabrın 10-da general-feldmarşal İ.V.Qudoviç "Vedi çuxurunun rəisi Aslan sultana" ünvanlanmış 455 saylı ikinci məktubunu göndərir... Rus canişini İrəvan xanlığını işğal etmək üçün Vedibasar sultanının müqavimətini qırmağa, onu öz tərəfinə çəkməyə üstünlük verir... Hətta Aslan sultandan çar ordusu üçün pul ilə 500 qoyun və 100 iribuynuzlu mal almaq istədiyini bildirir.

Məlum olduğu kimi, nə İ.V.Qudoviçə, nə də ondan sonra Rusiyanın Qafqazdakı digər bir neçə canişininə İrəvan qalasını işğal etmək nəsib olur. 1827-ci ildə yeni canişin, general-feldmarşal İvan Fyodoroviç Paskeviç, nəhayət, Rusiyanın bu işğalçılıq missiyasını başa çatdırır, İrəvan qalasını fəth edərək "Paskeviç-İrəvanski" ləqəbini qazanır".

Bu faktlar bu günlərdə "Təhsil" nəşriyyatı tərəfindən buraxılmış "Şadlinskilər" adli kitabdan götürülmüşdür. Tarixi hadisələr və arxiv sənədləri əsasında yazılan bu kitabla tanışlıqdan bir daha məlum olur ki, hələ XIII əsrdən başlayaraq Azərbaycan xanlıqlarını, Azərbaycan torpaqlarını zaman-zaman işgal edən rus imperiyası həmin ərazilərdə erməniləri məskunlaşdırmaqla Rusiya üçün bufer zona kimi əldəqayırma Ermənistan dövləti yaratmaq məqsədində olub. Müəyyən zaman kəsiyində Rusiyada hakimiyyət forması dəyişsə də, rus və erməni şovinistlərinin bu mənfur istəyi dəyişməyb. Qərbi Azərbaycandakı yerli əhalinin isə arzusu bu olub ki, min illərlə yaşadığı dədə-baba yurdlarından çıxmasınlar, qovulmasınlar, evini-eşiyini, malını-mülkünü, torpağını zorla erməniyə verib İrana, Türkiyəyə və ya dünyanın hər hansı bir ölkəsinə, ya da Azərbaycanın digər ərazisinə köçməsinlər. Yerli əhali bu məqsəd uğrunda illərlə işgalçı ruslara və ermənilərə qarşı mübarizə və müharibə aparmışdır. Bu mübarizədə bir çox nəsillərin nümayəndəsi kimi Şadlılar - Şadlinskilər də torpaqların müdafiəsində, dinc əhaliyə qarşı yönəldilmiş qırğınların qarşısının alınmasında mərdliklə döyüşüblər, döyüşənlərə kömək ediblər. Bu nəslin nümayəndəsi Binnətal sultanın böyük oğlu Aslan sultan Şadlı 1808-ci ildə Zəngibasarın bir hissəsini, Göyçənin ətəyini, Vedibasar çayının sağ-solunu, Naxçıvana yaxın Culfa və Sədərəyin bəzi ərazilərini özündə birləşdirən Vedi çuxurunun rəisi olub. Həmin dövrdə rus qoşunları Qarabağ mahalını işğal edib İrəvan qalasına hücuma hazırlaşanda bölğədə vəziyyət olduqca mürəkkəb idi. Ruslar Qarabağ torpağının xanı İbrahimxəlil xanı Xan bağında ailəsi ilə bir yerdə (17 nəfər) qətlə yetirdikdən sonra onun oğlu Mehdiqulu xana general-leytenant rütbəsi verib Qarabağ xanlığına xan təyin etsələr də, sonradan rus generalı erməni Madatov elə rusların əli ilə Mehdiqulu xanı Şuşadan qovmuşdu. O zaman Mehdiqulu xan  300-dən çox atlı ilə Aslan sultanın yanına gəlmişdi.

Qarabağı işğal etdikdən sonra yerli əhalinin neçə illik ölüm-dirim mübarizəsinə baxmayaraq, rusların İrəvan torpaqlarını asanlıqla ələ keçirəcəklərinə əlverişli məqam yaranır... Aslan sultan artıq yaşa dolmuşdu, 1813-cü ildə Gülüstan müqaviləsinin necə bağlanmasını ürək ağrısı ilə müşahidə etmişdi. Rusları işğalçılıq niyyətindən döndərmək mümkünsüz idi... Çar zabiti A.Y.Seversemitze rusların mühasirəsində olan İrəvan qalası yaxınlığında hərbi düşərgədən Baş Qərargaha -  K.X.Bekkendorta yazdığı 29 may 1827-ci il tarixli 89 saylı raportunda Aslan sultan Şadlı və Mehdiqulu xan Qarabağlının Rusiyanın himayəsini qəbul etmək niyyətində olduqlarını bildirir.

Çar Rusiyasının işğalçı generalı İ.F.Paskeviç Aslan sultan Şadlının uzaqgörənliyini yüksək dəyərləndirərək deyir: "Haqqınızda eşitdiyim söhbətlərdən sizi əvvəldən də elə belə - müdrik  təsəvvür edirdim. İndi görürəm ki, yanılmamışam. Ona görə də birbaşa mətləbə keçirəm və istəyirəm ki, səmimiyyətimə inanasınız. Bəli, bu torpaqlar sizin tarixi torpaqlarınızdır. Bəli, biz bura işğalçı kimi gəlmişik. Tamamilə həqiqətdir. Lakin o da həqiqətdir ki, biz rusların sizlərlə heç bir milli ədavəti yoxdur. Əgər böyük Rusiya imperiyasının dövlət maraqları onun Qafqazda, o cümlədən İrəvan və Naxçıvan xanlıqları ərazisində möhkəmlənməsini tələb edirsə, bundasiz Aslan sultan günahkarsınız, nə də mən Paskeviç. Siz öz xalqınızın övladısınız, mən də öz dövlətimin əsgəriyəm. Dünyagörmüş, ağıllı adam kimi sizbilirsiniz ki, artıq müqavimət göstərmək mənasızdır. Biz bu torpaqları nə İrana, nə də Türkiyəyə güzəştə getmək fikrindəyik. Onlar isə bu torpaqları bizdən almaq iqtidarında deyillər. Belə olan təqdirdə qarşınızda üç yol durur: ya kütləvi qırğınla nəticələnəcək mənasız müqaviməti davam etdirmək, ya ata-baba yurdlarınızdan köçüb Arazın o tayına - İrana, Türkiyəyə getmək, ya da özünüzün, ailənizin, əmlakınızın və xalqınızın toxunulmazlığına təminat verən dinc həyata qayıtmaq. Həyatda itirilən şeyi təzədən qazanmaq olar - azadlığı da, müstəqilliyi də. Təkcə ölümə çarə yoxdur. Siz xalqınızın kütləvi qırğınına bais olmaqla hər şeyi birdən itirə bilərsiniz. Şəxsən mən bunu istəməzdim".

Aslan sultanın İ.F.Paskeviçlə rus himayəsini qəbul etmək barədə danışıqları Vedibasar əhalisinin heç də hamısını qane etmir. Narazı əhalinin 10 aya yaxın ruslar və ermənilərlə mübarizə aparmasına baxmayaraq, 1827-ci il oktyabrın 1-də işğalçı rus qoşunları İrəvan qalasını ələ keçirirlər. Beləliklə, İrəvan xanlığı, o cümlədən Vedibasar mahalı İranla Rusiya arasında bağlanmış 1828-ci il 10 fevral tarixli Türkmənçay müqaviləsinə əsasən Rusiya tərəfindən işğal olunur...

Kitabdan iqtibas etdiyimiz bu kimi fakt və hadisələrin izi ilə ermənilərin ötən əsrin əvvəllərində azərbaycanlıların soyqırımına yönəldilmiş 1905-1907, 1915-1918-ci il qırğınları barədə, bu mübarizə və müharibələrdə vedibasarlıların, o cümlədən Şadlinskilər nəslinin ayrı-ayrı nümayəndələrinin, xüsusilə də xalq qəhrəmanı səviyyəsinə yüksəlmiş Abbasqulu bəy Şadlinskinin  həyatı, döyüş yolu barədə yeni fakt və bilgilər əldə edə bilirik. Bundan başqa, kitabda ailə şəcərəsi - Şadlılar nəslinin keçmişi, Şadlinski soyadının əmələgəlmə səbəbi və bu nəslin tanınmış şəxsiyyətləri ilə yaxından tanış olmaq maraqlıdır. Nəfis tərtibatla hazırlanmış bu kitabın redaktoru Mustafa Çəmənli, müəllifi Şadlinskilər nəslinin nümayəndəsi - ATU-nun İnsan anatomiyası kafedrasının müdiri, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Vaqif Şadlinskidir.

Azərbaycan, Gürcüstan, Türkiyə, MoskvaSankt-Peterburq kitabxanalarından, dövlət arxivlərindən əldə olunmuş yeni sənədlərə istinadən yazılan bu kitabda müxtəlif tarixi foto və sənədlər də yer alıb. Azərbaycan, Türkiyə və Rusiya milli ensiklopediyalarından götürülmüş mənbələr və iqtibaslar maraqla oxunur. Kitab siyasətçilər, politoloqlar, tarixçi-tədqiqatçılar, coğrafiyaşünaslar, arxeoloqlargeniş oxucu  kutləsi üçün böyük əhəmiyyət kəsb edir.

Beləliklə, rusların erməni silahlı dəstələri ilə birləşərək zaman-zaman Azərbaycan torpaqlarını, Dağlıq Qarabağ da daxil olmaqla, işgal etməsi tarixi hadisələr və arxiv sənərlərinin dili ilə publisistik üslubda oxuculara çatdırılır. Kitab gəncləri vətənpərvərlik ruhunda yaşamağa, vətəni göz bəbəyi kimi qorumağa, torpaqlarımızın azadlığı uğrunda mübarizəyə bir çağırışdır.

 

Şamil NƏCƏFOV,

tarix üzrə fəlsəfə doktoru,

AMEA-nın böyük elmi işçisi

 

Azərbaycan.- 2012.- 27 yanvar.- S. 7.