Azərbaycan
Prezidenti İlham Əliyev Türkiyənin meşə və
su işləri nazirinin başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev aprelin 11-də Türkiyə
Respublikasının meşə və su işləri naziri
Veysəl Eroğlunun başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir.
Nazir
Veysəl Eroğlu Türkiyə Prezidenti Abdullah Gülün və
Baş nazir Rəcəb Tayyib Ərdoğanın
salamlarını dövlətimizin başçısına
çatdırdı. Türkiyənin həmişə
olduğu kimi, bu gün də Azərbaycanın yanında
olduğunu vurğulayan Veysəl Eroğlu ölkələrimiz
arasında münasibətlərin daha da genişləndirilməsinin
önəmini qeyd etdi. Azərbaycanda çox böyük
inkişafın şahidi olduğunu deyən türkiyəli
nazir əldə edilən böyük uğurlar münasibətilə
dövlətimizin başçısını təbrik etdi.
Dövlətimizin
başçısı Azərbaycan ilə Türkiyə
arasında ikitərəfli münasibətlərin
bütün istiqamətlərdə uğurla inkişaf etdiyini
vurğuladı. Prezident İlham Əliyev ölkələrimizin
ayrı-ayrı nazirlikləri, o cümlədən ekologiya və
ətraf mühitlə bağlı qurumlar arasında əlaqələrin
yaxşı səviyyədə olduğunu qeyd etdi.
Ekologiyanın mühüm bir sahə olduğunu vurğulayan
dövlətimizin başçısı Azərbaycanda da son
illər ekoloji məsələlərin həlli ilə
bağlı böyük işlərin
görüldüyünü dedi. Prezident İlham Əliyev
nazir Veysəl Eroğlunun ölkəmizə səfərinin bu
sahədə əməkdaşlığımızın
genişləndirilməsi və qarşılıqlı təcrübə
mübadiləsinin aparılması baxımından önəmli
olacağını bildirdi.
Dövlətimizin
başçısı Prezident Abdullah Gülün və
Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına
görə minnətdarlığını bildirdi, onun da
salamlarını Türkiyə Respublikasının Prezidentinə
və Baş nazirinə çatdırmağı xahiş
etdi.
AzərTAc
Azərbaycan.- 2013.- 12 aprel.- S. 2.