Slovakiya Azərbaycanın
ərazi bütövlüyünü dəstəkləyir
Aprelin 11-də Milli Məclisin Sədri Oqtay Əsədov
Slovakiya Respublikası Baş nazirinin müavini, xarici və
Avropa işləri naziri Miroslav Layçak ilə
görüşüb. Görüşdə Azərbaycan-Slovakiya
dostluq əlaqələri müzakirə olunub və bir
sıra təkliflər səsləndirilib.
Oqtay
Əsədov bildirib ki, qarşılıqlı səfərlər
ölkələr arasındakı əlaqələri daha da
inkişaf etdirir. Sədr ölkələrarası
hüquqi bazanın gücləndirilməsinin vacibliyini də
vurğulayıb. Hər iki ölkə arasındakı iqtisadi
əlaqələrə toxunan Oqtay Əsədov qeyd edib ki, Azərbaycanla
Slovakiya arasında iqtisadi əlaqələr inkişaf edir,
lakin hələlik bu, hər iki ölkənin iqtisadi
potensialına uyğun deyil. Bunu daha da inkişaf etdirmək
lazımdır: "Bu gün Cənubi Qafqazda iqtisadi
inkişafın 80 faizi Azərbaycanın payına
düşür. Hazırda Slovakiyanın Azərbaycanda 5
şirkəti çox uğurla fəaliyyət göstərir.
Biz arzu edərdik ki, bu, beş deyil, 25 şirkət olsun".
Azərbaycanın dünyanın 78 ölkəsi ilə dostluq qrupunun olduğunu xatırladan parlamentin sədri Slovakiya ilə birbaşa dostluq qrupunun yaradılmasını vacib bilib. Oqtay Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemini də qonaqların diqqətinə çatdırıb. Bildirib ki, bu problemin həllində Slovakiyanı da Azərbaycanı dəstəkləyən ölkə kimi görür: "Biz ATƏT-in Minsk qrupuna tam inamımızı itirməmişik. Dağlıq Qarabağ və işğal olunan digər yeddi rayon Azərbaycanın əzəli torpaqlarıdır. Gec-tez işğal olunan ərazilər geri qaytarılacaq. Hətta indiki Ermənistan dövləti də tarixi Azərbaycan torpaqları üzərində qurulub".
Slovakiya
Respublikasının Baş nazirinin müavini, xarici və
Avropa işləri naziri Miroslav Layçak
çıxış edərək yüksək qonaqpərvərliyə
və hörmətə görə təşəkkürünü
bildirib. Qeyd edib ki, Slovakiya Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləyir. Əlavə
edib ki, o, Azərbaycana bir neçə iş adamı ilə
birgə gəlib. Onlar burada müəyyən
görüşlər keçirəcəklər:
"İnanıram ki, keçirilən görüşlər
ölkələrarası əlaqələrin inkişafına
kömək edəcək. Biz həmçinin siyasi və
iqtisadi əlaqələri yüksəltməliyik. Qanunvericilik
bazasının formalaşdırılması üçün
işlər aparılmalıdır. Bu, iş adamlarının
təhlükəsiz mühitdə
çalışmalarında əminlik yaradar".
Enerji və turizm sahəsində hər iki ölkənin böyük perspektivi olduğunu deyən M.Layçak bu sahədə əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin Oqtay Əsədovun parlamentlərarası dostluq qrupunun yaradılması fikrini müsbət qarşılayıb. Bildirib ki, belə bir qrupun yaradılması üçün əlindən gələn köməyi əsirgəməyəcək.
Elgün MƏNSİMOV
Azərbaycan.- 2013.- 12 aprel.- S. 2.