Bakıda keçirilən birinci Xəzər Beynəlxalq su texnologiyaları sərgisində 23 ölkədən 80-dək şirkət iştirak edir

 

Aprelin 11-də Azərbaycanda ilk dəfə Xəzər regionunda su texnologiyaları sahəsində əldə edilmiş nailiyyətlərin nümayiş etdirildiyi Xəzər Beynəlxalq su texnologiyaları sərgisi işə başlamışdır. Sərgi "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) dəstəyi və "İteca Caspian" şirkətinin təşkilatçılığı ilə keçirilir.

Bakı Sərgi Mərkəzində keçirilən sərginin təntənəli açılış mərasimində çıxış edən "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov ilk dəfə su texnologiyaları sərgisinin keçirilməsinin ölkəmizin su təchizatı və kanalizasiya sektorunun inkişafı üçün əlamətdar hadisə olduğunu bildirmişdir. ASC sədri hazırda Bakı şəhərində, Abşeron yarımadasının kənd və qəsəbələrində, həmçinin 38 şəhər və rayon mərkəzində, 350-dən çox kənddə su və kanalizasiya layihələrinin icra edildiyini diqqətə çatdırmışdır.

Bu sahədə beynəlxalq maliyyə təşkilatları və xarici şirkətlərlə əməkdaşlıq edildiyini bildirən Qorxmaz Hüseynov layihələrin icrasında yeni texnologiyalardan istifadəyə üstünlük verildiyini diqqətə çatdırmışdır. Səhmdar cəmiyyətin sədri su texnologiyaları sahəsində belə bir tədbirin keçirilməsini ölkəmizin su təchizatı sektorunun inkişafına fayda verəcəyini bildirmişdir. Bu sərgiyə istər iştirakçı, istərsə də ziyarətçi kimi qatılanlar böyük fayda əldə edəcəklər. Belə tədbirlər müasir texnologiyaların mənimsənilməsi və tətbiqi, yeni tərəfdaşların əldə olunması baxımından əhəmiyyətlidir. Qorxmaz Hüseynov üç gün davam edəcək sərginin faydalı keçəcəyinə və bu sahədə gələcək əməkdaşlığın bünövrəsinin məhz burada qoyulacağına əminliyini bildirmişdir.

"İteca Caspian" şirkətinin direktoru Edvard Strun sərginin keçirilməsinə göstərdiyi təşəbbüsə və dəstəyə görə "Azərsu" ASC-nin rəhbərliyinə minnətdarlığını bildirmişdir. Qeyd edilmişdir ki, ilk dəfə keçirilməsinə baxmayaraq, su texnologiyaları sərgisinə maraq böyükdür. O, 23 ölkədən 80-dək şirkətin iştirak etdiyi sərgidə su sektorunun bütün sahələrini əhatə edən şirkətlərin təmsil olunmasını fərəhləndirici hal kimi qiymətləndirmişdir.

Sonra sərginin rəmzi açılışını bildirən lent kəsilmişdir.

Sərgi ilə tanışlıq zamanı "Azərsu" ASC sədrinin diqqətinə çatdırılmışdır ki, burada içməli su təchizatı, tullantı suların təmizlənməsi, yağış sularının kənarlaşdırılması sistemləri, mikrotunel inşası, içməli suyun analizi üçün ölçü cihazları və tənzimləyici texnologiyalar, pompalar, nasos sistemləri, içməli su mənbələrinin mühafizəsi, inşaat texnikası və avadanlıqları, qazma qurğuları, informasiya və kommunikasiya texnologiyaları, geotermik texnologiyalar, suyun duzsuzlaşdırılması, habelə su təchizatı və kanalizasiya sahəsində mövcud olan digər ən yeni texnologiyalar təqdim olunur.

Sərgidə nümayiş etdirilən məhsul və xidmətlər ziyarətçilərin böyük marağına səbəb olmuşdur.

Sərgi çərçivəsində aprelin 12-də "Hilton Baku" hotelində Xəzər beynəlxalq su texnologiyaları konfransı da keçiriləcəkdir. Konfransda içməli su emalı üzrə innovativ texnologiyalar, çirkab sularının təmizlənməsi, yağış sularının kənarlaşdırılması, su mənbələrinin qiymətləndirilməsi, bataqlıqların və süni göllərin qurudulması və s. mövzularda müzakirələr aparılacaqdır. Tədbirdə dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri, alimlər, yerli və xarici ekspertlər, iri sənaye müəssisələrinin rəhbərləri və ekoloqları, qeyri-hökumət təşkilatlarının təmsilçiləri olmaqla ümumilikdə 200-dən çox nümayəndə iştirak edəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2013.- 12 aprel.- S. 2.