Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Mingəçevirdə məcburi köçkünlər üçün yeni salınan yaşayış kompleksində olmuş və müşavirə keçirmişdir

 

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri

Əli Həsənov aprelin 11-də Mingəçevir şəhərində olmuşdur.

AzərTAc xəbər verir ki, komitə sədri əvvəlcə şəhərdə məcburi köçkünlər üçün yeni salınan yaşayış kompleksində mənzillərə, orta məktəb binasındakı sinif otaqlarına, kompyuter mərkəzinə, idman zalına baxış keçirərək orada yaradılan şəraitlə tanış olmuşdur.

Komitə sədri yaşayış kompleksinin həyətində məcburi köçkünlərlə görüşərək onların problemləri ilə maraqlanmışdır.

Görüşdə qeyd olunmuşdur ki, Mingəçevirdə məcburi köçkünlər üçün yeni yaşayış kompleksinin inşasına 2011-ci ilin dekabrında başlanılmışdır. Hazırda inşası yenicə başa çatdırılan yaşayış kompleksinin həyətində abadlıq işləri görülür. On hektar ərazidə 10 ədəd 9 mərtəbəli yaşayış binasının daxil olduğu kompleksdə 480 şagird yerlik məktəb, 50 yerlik uşaq bağçası, klub, inzibati bina və digər sosial obyektlər inşa edilmişdir. Binalardakı mənzillərin 34-ü bir, 259-u iki, 182-si üç, 27-si dördotaqlıdır. Qəsəbə içməli su, elektrik, təbii qaz, kanalizasiya, qazanxana sistemi ilə təchiz olunmuşdur.

Ümumilikdə 502 ailə üçün nəzərdə tutulan yaşayış kompleksinin bu yaxınlarda məcburi köçkünlərin istifadəsinə verilməsi nəzərdə tutulur. Kompleksə Mingəçevir şəhərindəki orta məktəb binalarında, yataqxanalarda, həmçinin istismar müddəti başa çatan fin tipli qəsəbədə məskunlaşan ailələr köçürüləcəkdir.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov sonra kompleksin tikintisində iştirak edən podratçı təşkilatların rəhbərlərinin iştirakı ilə müşavirə keçirmişdir.

 Müşavirədə kompleksdə işlərin müəyyən olunmuş müddətdə və yüksək keyfiyyətlə başa çatdırılması və məcburi köçkünləri narahat edən digər problemlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.

 

 

Azərbaycan.- 2013.- 12 aprel.- S. 3.