Baş nazirin müavini Əli Həsənov Gəncədə qaçqın və məcburi köçkünlər üçün salınan şəhərcikdə tikinti işlərinin gedişi ilə bağlı müşavirə keçirmişdir

 

Aprelin 11-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məcburi köçkünlər üçün salınan yeni şəhərcikdə tikinti işlərinin gedişi ilə bağlı real vəziyyəti öyrənmək məqsədi ilə Gəncədə olmuş, burada inşaatçılarla görüşüb söhbət etmiş, onların arzu və təkliflərini dinləmiş, tövsiyələrini vermişdir.

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq olunmuş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq salınmış yeni şəhərcikdə hər biri 5 mərtəbəli olmaqla 25 ədəd çoxmərtəbəli yaşayış binasının, 280 yerlik uşaq bağçasının, 1200 şagird yerlik məktəbin, inzibati binanın, musiqi məktəbinin, həkim məntəqəsinin, həmçinin 500 yerlik mədəniyyət evinin və digər sosial obyektlərin tikintisi nəzərdə tutulmuşdur. İşlər tam yekunlaşdırıldıqdan sonra yeni şəhərcikdəki mənzillərə ilk olaraq ali təhsil müəssisələrinin balansında olan yataqxanalarda məskunlaşmış ailələr köçürüləcəkdir.

Şəhərcikdə aparılan tikinti işlərinin gedişi ilə yaxından tanış olan Baş nazirin müavini Əli Həsənov inşaat işlərini aparan 18-dən artıq tikinti şirkətləri rəhbərlərinin iştirakı ilə müşavirə keçirmişdir.

Müşavirədə çıxış edən Əli Həsənov demişdir ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə hər il minlərlə qaçqın ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Dövlət Proqramına uyğun olaraq Bakıda, Abşeronda, Gəncədə, Balakəndə, İsmayıllıda, Qəbələdə, İmişlidə, Bərdədə və s. yerlərdə qaçqın və məcburi köçkün ailələri üçün çoxlu sayda binalar inşa edilir.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri demişdir ki, Gəncədə salınan bu yaşayış massivi dövlətimizin başçısının müvafiq sərəncamları ilə inşa edilən qaçqın şəhərciklərindən ən böyüyüdür. Burada 1500 qaçqın ailəsinin yerləşdirilməsi nəzərdə tutulmuşdur. Dövlətimizin başçısının tapşırıq və tövsiyələri əsasında tikinti işləri sürətlə aparılmaqla yanaşı, keyfiyyətə də ciddi fikir verilir.

Müşavirədə tikinti şirkətlərinin nümayəndələri çıxış edərək inşaat işlərinin gedişində heç bir problemin yaranmadığını diqqətə çatdırmış və istənilən qədər texnikanın, işçi qüvvəsinin, eləcə də tikinti materiallarının olduğunu bildirmişlər.

Qərara alınmışdır ki, şəhərcik avqust ayının sonunadək bütün infrastrukturla birlikdə və yüksək keyfiyyətlə təhvil verilsin.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov müşavirəyə yekun vurmuşdur.

 

 

Azərbaycan.- 2013.- 12 aprel.- S. 3.