Əli HƏSƏNOV: Yaxın 3-4 ildə ölkədə ağır şəraitdə yaşayan bütün məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görüləcəkdir

 

Mingəçevir şəhərində məcburi köçkünlər üçün yeni salınan yaşayış kompleksinin tikintisi ilə tanış olaraq müşavirə keçirən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə müsahibəsində perspektiv vəzifələrdən danışmışdır.

AzərTAc xəbər verir ki, Baş nazirin müavini Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq olunmuş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq ötən il Azərbaycanda 20 minə yaxın məcburi köçkün, yəni 4 minə yaxın ailə üçün yeni yaşayış binaları tikildiyini bildirmişdir. Diqqətə çatdırmışdır ki, artıq qaçqınların və məcburi köçkünlərin bir qismi yeni evlərə köçürülmüşdür və proses davam edir.

Əli Həsənov qeyd etmişdir ki, əvvəllər bəzi mətbuat orqanları məcburi köçkünlərin yataqxanalardan çıxmaq istəmədiklərini yazırdılar. Çünki məcburi köçkünlər hər cür şəraiti olan mənzillərlə təmin olunacaqlarına inanmadıqlarını bildirirdilər. Amma indi onların yeni mənzillərə  necə həvəslə köçmələrinin şahidi oluruq. Bu gözəl şəraiti görən digər məcburi köçkünlər də tezliklə yeni mənzillərlə təmin olunmalarını istəyirlər. Amma bu proses ölkədə mərhələli şəkildə həyata keçirilir. Nəhayət, yataqxanalardan da məcburi köçkünlərin köçürülməsi prosesinə başlanılmışdır.

Əli Həsənov demişdir ki, hazırda Bakı Dövlət Universitetinin yataqxanalarında məskunlaşmış məcburi köçkünlər Müşfiqabad qəsəbəsində salınan yeni yaşayış massivinə köçürülür. Bakıda 60 min məcburi köçkün ailəsi, yəni 220 minə yaxın insan yaşayır. Yaxın 3-4 ildə ölkədə ağır şəraitdə yaşayan bütün məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görüləcəkdir.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri diqqətə çatdırmışdır ki, hər il ölkədə 4 minədək ailə üçün yeni evlər tikilir. Prezident İlham Əliyevin göstərişinə əsasən, Bakı şəhərindəki yataqxanalardan 120 min məcburi köçkünün köçürülməsi və onlar üçün müəyyən iş yerlərinin yaradılması məqsədi ilə yeni yaşayış massivinin salınması nəzərdə tutulur. Bu məqsədlə Abşeron rayonunun Qobu bələdiyyəsinin ərazisində 500 hektar ərazidə torpaq sahəsi ayrılmışdır. Bundan əlavə, hazırda 9 şəhər və rayonda məcburi köçkünlər üçün yaşayış evləri inşa edilir.

Əli Həsənov diqqətə çatdırmışdır ki, hazırda Mingəçevir şəhərində 20 minə yaxın məcburi köçkün yaşayır. Əvvəlcə  yaşayış şəraiti daha ağır olan ailələr yeni mənzillərlə təmin olunacaqdır. Ölkədə 6 minə yaxın məcburi köçkün vaxtilə yerli icra nümayəndələri tərəfindən rayon və şəhərlərdə boş, yaşayış olmayan evlərdə yerləşdirilmişlər. Hazırda onların da yeni evlərlə təmin olunması prosesi davam edir. Bu günədək artıq 40-dək belə məcburi köçkün ailəsi yeni evlərə köçürülmüşdür. 

Komitə sədri bildirmişdir ki, 2011-2013-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 2 milyon kvadratmetr sahəsi olan, 31 min mənzildən ibarət və bütün sosial-texniki infrastruktura malik 78 müasir qəsəbə salınmış, 140 minədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. 2013-cü ildə 4 min ailə, yəni 20 minə yaxın məcburi köçkün üçün daha 8 qəsəbə və məhəllə salınacaqdır.

 

 

Azərbaycan.- 2013.- 12 aprel.- S. 3.