Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bölgədə yaratdığı gərgin hərbi-siyasi vəziyyət müzakirə olunmuşdur

 

Aprelin 11-də ATƏT-in Baş katibinin müavini Adam Kobieratski Azərbaycan Respublikasının Müdafiə Nazirliyində olmuşdur.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir general-polkovnik Səfər Əbiyevlə görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bölgədə yaratdığı gərgin hərbi-siyasi vəziyyət və digər məsələlər barədə geniş fikir mübadiləsi aparılmışdır.

Problemin indiyədək həll edilməməsinin səbəbləri üzərində dayanan nazir S.Əbiyev BMT-nin qəbul etdiyi 4 qətnamənin bugünədək icra edilmədiyini, 20 il ərzində ATƏT-in Minsk qrupunun fəaliyyətinin heç bir nəticə vermədiyini qonağın diqqətinə çatdırmışdır.

Nazir təəssüflə bildirmişdir ki, Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsi üçün beynəlxalq qurumlar lazımi səy göstərmirlər. Bu isə təcavüzkarı daha da şirnikləndirir.

Görüşdə Xankəndi şəhərinə uçuşlara nazirin münasibətini öyrənmək üçün A.Kobieratskinin verdiyi sualı S.Əbiyev cavablandıraraq bildirmişdir ki, uçuşlar yalnız müharibə şəraiti aradan qalxdığı və Ermənistan silahlı bölmələri işğal olunmuş Azərbaycan torpaqlarından geri çəkildiyi zaman baş tuta bilər.

 

 

Azərbaycan.- 2013.- 12 aprel.- S. 3.