İctimai
Televiziya və Radio Yayımları Şirkəti Yayım
Şurasına namizədlər irəli sürülüb
Azərbaycanın İctimai Televiziya və Radio
Yayımları Şirkəti Yayım Şurasının 6
illik səlahiyyət müddəti başa çatmış
üç üzvünün yerinə yeni namizədlər təqdim
olunub. "İctimai televiziya və radio yayımı
haqqında" Azərbaycan Respublikasının qanununa
uyğun olaraq İctimai Televiziya və Radio Yayımları
Şirkəti Yayım Şurasına idman federasiyaları, dini
konfessiyalar və yaradıcılıq təşkilatları tərəfindən
namizədlər irəli sürülüb.
Milli
Məclisin Mədəniyyət komitəsinin dünən
keçirilən iclasında bununla bağlı məsələ
müzakirəyə çıxarılıb. Sənəd
barədə məlumat verən komitə sədri Nizami Cəfərov
qeyd edib ki, bununla bağlı layihə komitəyə Milli
Televiziya və Radio Şurasının (MTRŞ) sədri
Nuşirəvan Məhərrəmovun imzası ilə daxil
olub. Nizami Cəfərov namizədlərin hər birinin ictimai
fəaliyyətinin aktivliyini və cəmiyyətdə öz
işləri ilə tanınmış insanlar olduğunu
vurğulayıb. Bildirib ki, idman federasiyaları tərəfindən
Boks Federasiyasının təşkilat komitəsinin sədri
Babanlı Yusif Məmməd oğlu və Dövlət Bədən
Tərbiyəsi və İdman Akademiyasının Tələbə
Yaradıcılıq Birliyinin rəhbəri Ağayeva Validə
Eldar qızı bir yer üçün namizəd kimi təqdim
ediliblər.
Dini konfessiyalar tərəfindən
Qafqaz Müsəlmanları İdarəsi sədrinin
müşaviri Nurullayev Fuad İzzət oğlu və Alban-Udi
Xristian Dini İcmasının sədri Mobili Robert
Baqratoviçin namizədliyi irəli sürülüb. Yaradıcılıq təşkilatları
tərəfindən nəzərdə tutulan yerə isə Azərbaycan
Bəstəkarlar İttifaqından Qafarova Zemfira Həsən
qızı, Azərbaycan Yazıçılar Birliyindən Ələddinov
Rafiq Səməndər oğlu, Azərbaycan Rəssamlar
İttifaqından Əliyev Ziyadxan Alxan oğlu və Azərbaycan
Jurnalistlər Birliyindən Babayev Şahin Ənvər oğlu
namizəd kimi təqdim olunublar.
Tədbirdə
çıxış edən Milli Televiziya və Radio
Şurasının sədri Nuşirəvan Məhərrəmov
əminliyini bildirib ki, Yayım Şurasına təqdim olunan
namizədlərin hər biri ümidləri doğrulda bilən
insanlardır. O həmçinin özəl telekanallarda
çəkilən serialların ssenari, mövzu seçimi,
rejissor işi baxımından aşağı olduğunu
vurğulayıb: "Bu telekanallar əsasən reklam, pul
arxasınca getdiklərindən milli-mənəvi dəyərləri
bəzən yaddan çıxarırlar. Xüsusən də,
serialların çəkilişində, ssenarilərdə bu
problemlər var. Hər şey xəyanət, intiqam üzərində
qurulmamalıdır. Özəl kanallar bu məsələlərdə
birbaşa cəmiyyət üçün faydalı, cəmiyyətin
marağını özündə daşıyan seriallar
çəkməlidirlər. Yaxşı ki, bizim ictimai və
dövlət kanallarımız var, bu kimi əhəmiyyətli
halları onlardan dərhal tələb edə bilirik. Onlara
dövlət büdcəsindən vəsait ayrılır,
tövsiyəmiz odur ki, özəl kanalların arxasınca
getməsinlər".
Namizədlərin
təsdiq edilməsi ilə bağlı məsələnin
müzakirəsi Milli Məclisin plenar iclasına tövsiyə
olunub.
Elgün MƏNSİMOV.
Azərbaycan.- 2013.- 11 aprel.-
S. 7.