Beynəlxalq
Avrasiya Mətbuat Fondunun nümayəndə heyəti BMT-nin
Avropa İqtisadi Komissiyasının 65-ci sessiyasında
iştirak etmişdir
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri
Umud Rəhimoğlu, qurumun proqramlar və xarici əlaqələr
departamentinin rəhbəri Nick Nvolisa BMT Avropa İqtisadi
Komissiyasının (BMT AİK) 65-ci sessiyasında iştirak
etmişlər.
BAMF-nin
informasiya departamentindən AzərTAc-a bildirmişlər ki, tədbirdə
BMT AİK-nın 2015-ci ildən sonrakı strategiyasının
prioritetlərinin müəyyənləşdirilməsi və
davamlı inkişaf məqsədləri müzakirə
olunmuşdur. Müzakirələrdə davamlı yaşıl
iqtisadiyyat, səmərəli sosial inkişaf və onun təmin
edilməsinə ədalətli effektiv siyasi iradənin istifadəsi,
davamlı inkişafa münasibətdə innovativ elm və
texnologiyaların rolu, sosial və ətraf mühit amilləri
kimi məsələlərə toxunulmuşdur.
Nümayəndə
heyəti 2015-ci ildən sonrakı prosesi, eləcə də
davamlı inkişafın balanslaşdırılmış
iqtisadi, sosial və ətraf mühit inteqrasiyasının təmin
edilməsinin müxtəlif aspektləri ilə bağlı
müzakirələri diqqətlə izləmişdir. Artıq
BMT regional ofislərinin təşəbbüsü ilə
başlayan müxtəlif dialoqlar və BAMF-nin də fəal
iştirak edəcəyi bir neçə milli fəaliyyət
sahələri müəyyən edilmişdir.
BAMF-nin
təmsilçiləri sessiya çərçivəsində
Davamlı İnkişaf Uğrunda Şimal Alyansının
(ANPED) icraçı direktoru xanım Leyda Riynxut, BMT Ətraf
Mühit Proqramı ofisinin regional əlaqələndiricisi
Vudvosen Asnaken və Beynəlxalq Sülh Bürosunun
icraçı katibi ilə görüşlər
keçirmiş, "Cmedia" təşkilatının
ofisində olmuşlar.
Görüşlərdə
2015-ci ildən sonrakı prosesə və Davamlı
İnkişaf Məqsədləri ilə bağlı
müzakirələrə daha çox vətəndaş cəmiyyəti
təşkilatının cəlb edilməsinin vacibliyi
vurğulanmışdır. Həmçinin ANPED-nin Bakıda
regionlardan olan QHT-lər üçün seminar təşkil
etməsi qərara alınmış, BAMF ilə
"Cmedia"nın əməkdaşlıq məsələləri,
Bakıda sülh və enerji mövzusunda keçiriləcək
konfransın detalları barədə müzakirələr
aparılmışdır.
BAMF
BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC)
xüsusi məşvərətçi statusla üzvü olan
qeyri-hökumət təşkilatıdır. Bu, fonda
BMT-nin əksər iclaslarında, sessiyalarında və
dialoqlarında iştirak etmək, müəyyən hallarda isə
proqram bəyanatı ilə çıxış etmək
hüququ verir. BAMF medianın inkişafı, qaçqınlar
və məcburi köçkünlərlə iş,
icmaların inkişafı, sülh quruculuğu və
münaqişələrin həlli istiqamətlərində fəaliyyət
göstərir.
Azərbaycan.- 2013.- 11 aprel.- S. 7.