Bakıda beş
cildlik «Böyük İqtisadi Ensiklopediya»nın təqdimat mərasimi
olmuşdur
Aprelin 10-da Bakıda Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadənin ideya müəllifi və baş redaktoru olduğu beş cildlik "Böyük İqtisadi Ensiklopediya"nın təqdimat mərasimi keçirilmişdir.
AzərTAc
xəbər verir ki, əvvəlcə tədbirdə Azərbaycan
ensiklopediyasının tarixi keçmişindən,
"Böyük İqtisadi Ensiklopediya"dan bəhs edən
videoçarx nümayiş etdirilmişdir.
Mərasimdə
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsini
icra edən, akademik Akif Əlizadə bildirmişdir ki,
ensiklopediya həm tarixi yaddaşdır, həm elmi biliklər
toplusudur, həm də milli özünüdərkin və
milli düşüncənin ifadəsidir. Azərbaycan
xalqı özünün yaradıcı istedadını və
elmi potensialını tarix boyu böyük bacarıqla
nümayiş etdirmiş, görkəmli alimləri, elm xadimləri
ilə daim qürur duymuşdur. Akademiyanın imkanlarından,
burada yaradılmış elmi potensialdan müstəqil Azərbaycanın
inkişafı naminə daha səmərəli istifadə olunması
ulu öndər Heydər Əliyevin adı ilə
bağlıdır, onun müstəsna xidmətidir. Ulu öndərin
qoyduğu yolu ənənəvi ardıcıllıqla davam
etdirən Prezident İlham Əliyev Azərbaycan intellektual
elitasının cəmləndiyi Azərbaycan Milli Elmlər
Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsinə,
onun fəaliyyətinin genişləndirilməsinə, elmi tədqiqatların
ölkəmizin iqtisadi tərəqqisi ilə
uzlaşdırmasına böyük diqqət göstərir.
A.Əlizadə
vurğulamışdır ki, Azərbaycanda aparılan
islahatlar müasirləşməyə istiqamətləndirilmişdir.
Tarixi qaynaqlar üzərində müasirləşmə, elmi
yenilik və innovasiyaların bəşər həyatında
misilsiz yeri və rolu AMEA-da yetişmiş elmi kadrların fəal
əməyi ilə ərsəyə gəlmiş
"Böyük İqtisadi Ensiklopediya"nın da ana xəttini
təşkil edir.
Azərbaycanda
ensiklopediya mədəniyyəti tarixinin ən parlaq səhifələri,
ensiklopediya yaradıcılığının böyük
yüksəliş çağları ümummilli lider Heydər
Əliyevin adı ilə sıx bağlıdır. Ulu
öndərin təşəbbüsü və dəstəyi
ilə çap edilmiş "Azərbaycan Sovet
Ensiklopediyası" ölkə tarixinə bilik və məlumatların
bütün sahələrini əhatə edən ilk fundamental əsər
kimi daxil olmuşdur. Elmi-informativ zənginliyi, məzmun mükəmməlliyi
baxımından bu sanballı nəşr indi də öz
möhtəşəmliyini saxlamışdır.
A.Əlizadə
diqqətə çatdırmışdır ki, Azərbaycanın
dövlət müstəqilliyinin bərpasından sonra
dövrün tələblərinə cavab verən yeni milli
ensiklopediyanın yaradılması zərurəti meydana
çıxmış, Prezident İlham Əliyevin təşəbbüsü
ilə mühüm qərarlar qəbul edilmiş, konkret təşkilati
işlər görülmüş, yaradıcılıq istiqamətləri
müəyyənləşdirilmiş və onların
ardıcıllıqla həyata keçirilməsinə
başlanılmışdır. Prezident İlham Əliyevin
baş redaktorluğu ilə nəşr olunan "Azərbaycanın
Milli Ensiklopediyası"nın artıq ilk cildləri
oxucuların istifadəsinə verilmişdir.
Qeyd
edilmişdir ki, Azərbaycanda ensiklopediya mədəniyyətinin
yeni inkişaf mərhələsinin başlanması onun
müxtəlif sahələr üzrə şaxələndirilməsi
üçün geniş imkanlar da açmışdır. İctimai
elmlər arasında özünəməxsus yer tutan, daim
inkişafda olan iqtisad elminin cəmiyyətdə artan rolu bu
istiqamətdə ayrıca təyinatlı ensiklopediyanın
yaradılması məsələsini
aktuallaşdırmışdır. Akademik Ziyad Səmədzadənin
ideya müəllifliyi və baş redaktorluğu ilə
hazırlanıb nəşr edilmiş irihəcmli fundamental
"Böyük İqtisadi Ensiklopediya" da bu zərurətdən
yaranmışdır.
Nəzərə
çatdırılmışdır ki, "Böyük
İqtisadi Ensiklopediya" dünya iqtisadiyyatının tarixi,
bu gün iqtisadi həyatın müxtəlif sahələrində
istifadə edilən terminlərin mahiyyəti, görkəmli
iqtisadçıların fəaliyyəti barədə ətraflı
məlumat və bilik mənbəyidir. Ensiklopediyada iqtisadi
termin və anlayışların, nəzəriyyə və
baxışların mükəmməl izahları verilmiş,
iqtisadi hadisələrin məzmunu və əhəmiyyəti
yüksək peşəkarlıqla açıqlanmış,
müasir gerçəkliklər fonunda dünya iqtisad elminin
nailiyyətləri hərtərəfli
işıqlandırılmışdır.
Bildirilmişdir ki, beş cilddən ibarət, 10 minə yaxın termin, iqtisadi anlayış və məqaləni özündə ehtiva edən "Böyük İqtisadi Ensiklopediya" çoxsaylı nəzəri, faktoroloji materiallar əsasında ictimai həyatdan gələn sualları cavablandırmaqla oxucuya çoxsaylı iqtisadi hadisələr, kateqoriyalar, modellərlə bağlı zəruri bilgilər vermişdir. Topluda çoxsaylı anlayışların mahiyyəti yeni elmi interpretasiyada açıqlanmış, iqtisadiyyatın bütün səviyyələri üzrə, müxtəlif iqtisadi nəzəriyyələr, iqtisadi sistemlərin problemləri, elmi iqtisadi məktəblər və onların görkəmli nümayəndələri haqqında mühüm məlumatlar əksini tapmışdır.
Vurğulanmışdır ki, ensiklopediya əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyevin çevik praqmatizmlə reallaşdırdığı Azərbaycanın iqtisadi inkişaf modeli barədə aydın təsəvvür yaradır. Burada müstəqil Azərbaycan dövlətinin 20 ildə keçdiyi inkişaf yolu iqtisadi təhlil istiqamətlərindən səmərəli istifadə edilməklə çox dəqiq qiymətini almışdır. Bu qiymətləndirmədə, həmçinin elmi aspektdən hazırda Azərbaycanın ictimai həyatının bütün istiqamətlərini əhatə edən innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması məsələlərinə yer verilmişdir.
Bu ensiklopedik külliyyat elmi-analitik,
metodoloji, leksik formatı, biblioqrafik və statistik
informasiyalılığı, nəfis poliqrafik keyfiyyəti ilə
də diqqəti cəlb edir. Yeni iqtisadi təfəkkürə
köklənmiş bu irihəcmli nəşrdə müasir
iqtisadi biliklərlə bağlı istənilən suala cavab
tapmaq mümkündür. Bütün bunlar "Böyük
İqtisadi Ensiklopediya"nın uzunömürlü
olacağına əminlik yaradır.
Diqqətə
çatdırılmışdır ki, "Böyük
İqtisadi Ensiklopediya" zamanla ayaqlaşan iqtisadi
külliyyat olmaqla MDB məkanında da milli dildə
işıq üzü görmüş bu tipli ilk irihəcmli
nəşrdir. "Böyük İqtisadi
Ensiklopediya" ölkədə digər sahəvi
ensiklopediyaların yaranmasına da güclü təkan verəcəkdir.
Ensiklopediyada Azərbaycanın iqtisadi qüdrətinin və
perspektiv inkişafının son dərəcə güclü
elmi tərənnümdə verilməsinə istinadən, onun
müvafiq hissələrini bir araya gətirərək xarici
dillərə çevirmək və ayrıca kitab halında nəşr
etdirmək də əhəmiyyətli olacaqdır.
Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin birinci
vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə
"Böyük İqtisadi Ensiklopediya"nın əhəmiyyətindən
danışmış, onu yüksək qiymətləndirmişdir.
X.Yusifzadə bildirmişdir ki, ensiklopediyada neft sənayesinin
tarixindən başlamış, bu günədək neft sənayesində
gedən bütün proseslər öz əksini
tapmışdır. Gənc mühəndislər
üçün bu çox vacib əsərdir.
Bakı
Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı,
akademik Abel Məhərrəmov ensiklopediyanın əhəmiyyətindən,
Azərbaycanın iqtisadi uğurlarından
danışmış, toplunu ölkəmizin
iqtisadiyyatının nailiyyəti kimi qiymətləndirmişdir.
Vurğulanmışdır ki, gələcək nəsillər,
cəmiyyətin bütün təbəqələri bu
kitabı rahat oxuya bilərlər. Xüsusilə tələbələr
üçün bu çox faydalı əsərdir. Abel Məhərrəmov
bu sanballı nəşrin xarici dillərə çevrilməsinin
vacibliyini də vurğulamışdır.
Mərkəzi
Bankın sədri Elman Rüstəmov "Böyük
İqtisadi Ensiklopediya"nın əhəmiyyətindən və
vacibliyindən, Azərbaycanın iqtisadi uğurlarından
danışmış, bu kitabı yüksək qiymətləndirmişdir.
E.Rüstəmov
"Böyük İqtisadi Ensiklopediya"nın
hazırlanmasını, geniş ictimaiyyətə təqdim
olunmasını Azərbaycanın elmi, iqtisadi, ictimai və mədəni
həyatında çox görkəmli hadisə
adlandırmış, bu nəşrin geniş kütlənin
iqtisadi maarifləndirilməsində mühüm rol
oynayacağını diqqətə
çatdırmışdır.
Mərkəzi
Bankın sədri ensiklopediya
yaradıcılığının böyük yüksəliş
çağlarının ümummilli lider Heydər Əliyevin
adı ilə bağlı olduğunu demiş, hazırda bu
işin Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyini söyləmişdir.
Mərasimdə
akademik Teymur Bünyadov, Milli Məclisin Aqrar siyasət komitəsinin
sədri Eldar İbrahimov, akademik Vasim Məmmədəliyev,
Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji
Araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayev
çıxış edərək Azərbaycan
iqtisadiyyatının uğurlu inkişafından,
"Böyük İqtisadi Ensiklopediya"nın əhəmiyyətindən
danışmış, onu yüksək qiymətləndirmişlər.
Bildirilmişdir ki, bu ensiklopediya
ölkəmizdə dünya səviyyəsində intellektual
potensialın mövcudluğunu əks etdirir. Ensiklopediyanın
hazırlanmasında dünyanın inkişaf etmiş ölkələrinin
iqtisadiyyat lüğətlərindən, statistik
külliyyatlardan, beynəlxalq iqtisadi, maliyyə-bank, əmək
təşkilatlarının internet resurslarından səmərəliliklə
istifadə olunmuşdur. Bu nəşr Azərbaycan iqtisad
elminin inkişafında yeni bir keyfiyyət mərhələsinə
keçidin əsasını qoymaqla ölkə
iqtisadiyyatının dinamik və keyfiyyətli tərəqqisinə
öz layiqli töhfəsini verəcəkdir.
Belarusun
Azərbaycandakı səfiri Nikolay Patskeviç iki ölkə
arasında əlaqələrin uğurlu inkişafından, Azərbaycan
iqtisadiyyatının dinamik tərəqqisindən
danışmış, "Böyük İqtisadi
Ensiklopediya"nın hazırlanmasını region
üçün mühüm hadisə adlandırmış,
ölkəmizi bu münasibətlə təbrik etmişdir. Bildirmişdir
ki, bu ensiklopediyanın hazırlanması Azərbaycanın
nüfuzunu dünyada və regionda daha da artıracaqdır. Əminəm
ki, yeni nəşr xarici dillərə tərcümə ediləcək
və beynəlxalq arenada bundan istifadə ediləcəkdir.
Milli
Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik
Ziyad Səmədzadə "Böyük İqtisadi
Ensiklopediya" haqqında ətraflı məlumat vermiş,
bu nəşrin
hazırlanmasında əməyi keçən hər kəsə
öz təşəkkürünü bildirmişdir.
Ziyad
Səmədzadə vurğulamışdır ki, dünya
iqtisadiyyatının inkişafı ilə bağlı elə
bir ciddi fikir yoxdur ki, kitabda olmasın. Ensiklopediyada
dünya böhranının xronologiyası, ölkəmizin
iqtisadiyyatının dinamikası, inkişafın Azərbaycan
modeli, Azərbaycan iqtisadçılarının bütün əsas
baxışları və digər məsələlər
geniş şəkildə öz əksini tapmışdır.
Ensiklopediyanın hazırlanmasında 10 mindən çox beynəlxalq
miqyaslı ədəbiyyatdan istifadə edilmişdir.
Təqdimat
mərasimində hökumət qurumlarının, beynəlxalq
və yerli təşkilatların, elmi ictimaiyyətin, diplomatik
korpusun nümayəndələri, Milli Məclisin
deputatları iştirak etmişlər.
Azərbaycan.- 2013.- 11 aprel.- S. 8.