Mətbuat Şurasında «Tərcüman» qəzetinin 130 illik yubileyi ilə əlaqədar «dəyirmi masa» keçirilmişdir

 

Aprelin 10-da Azərbaycan Mətbuat Şurasında (MŞ) XIX əsrin sonlarına doğru çar Rusiyasında baş qaldıran milli özünüdərkdə, türkçülük ideyalarının təşəkkülündə mühüm rol oynamış "Tərcüman" qəzetinin nəşrə başlamasının 130 illik yubileyi ilə əlaqədar "dəyirmi masa" keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbiri giriş sözü ilə açan MŞ-nin sədri Əflatun Amaşov XIX əsrin sonlarında Azərbaycanın ictimai həyatındakı yenilikləri Rusiyanın türk-müsəlman ucqarlarında yaşanan proseslərin tərkib hissəsi kimi qiymətləndirmişdir. Bildirmişdir ki, bu prosesləri nəzərdən keçirdikdə gözlərimiz önündə milli özünüdərkin coğrafi anlamda böyük əraziyə nüfuzunda başlıca missiya daşımış ziyalıların xidmətləri canlanır. Bu mənada dövrünün görkəmli ziyalısı və naşiri İsmayıl Qaspıralının adı xüsusi vurğulanmalıdır.

Qeyd edilmişdir ki, 1883-cü il aprelin 10-da fəaliyyətə başlamış və bu gün 130 illik yubileyinin işığına toplaşdığımız "Tərcüman" qəzeti ilə İ.Qaspıralı Rusiya imperiyasında türk və islam cəmiyyətlərinin təhsil, mədəniyyət islahatı və müasirləşməyə ehtiyacı olduğuna diqqət yetirmiş, mövcud istiqamətdə fikir bildirən müsəlman ziyalısı kimi tarixə düşmüşdür. Böyük mütəfəkkir müasirləşmə tərəfdarı kimi çıxış edirdi. "Tərcüman"da da əsas istiqamət bu idi. İ.Qaspıralı müasirləşmənin avropalılaşmadan keçdiyini bildirərək ikincidə əsas cəhətin təhsil olduğunu vurğulayırdı.

Bakı Dövlət Universitetinin (BDU) professoru Şirməmməd Hüseynov qeyd etmişdir ki, İsmayıl Qaspıralı "Tərcüman" qəzetinin nəşrə başladığı 1883-cü ilin 10 aprel tarixini təsadüfən seçməmişdi. Qəzetin ilk nömrəsinin çıxdığı həmin gün Krım vilayətinin Rusiya tərəfindən işğalının 100 illiyi tamam olurdu. Bir türk yurdu işğal edildiyi gün "Tərcüman"ın səpdiyi türkçülük, maarifçilik toxumları ilə sanki o, işğaldan qurtulurdu. Bu anlamda "Tərcüman"ın türk xalqlarının yaşadıqları geniş arealda yayıldığını, böyük nüfuz qazandığını da vurğulamalıyıq.

"İsmayıl Qaspıralı 35 il fəaliyyət göstərmiş bu qəzetin ilk redaktoru və naşiri olmuşdur. O, 1914-cü ilin sentyabrında dünyasını dəyişmişdi. Qəzet isə bundan sonra daha dörd il fəaliyyət göstərmişdir. Rəsmi şəkildə bu nəşr "Tərcüman-Perevodçik" adı ilə tanınırdı. 1883-cü ildən 1905-ci ilədək də iki dildə - türk-tatar və rus dillərində çıxmışdır" - deyən Ş.Hüseynov "Tərcüman" qəzetinin 1905-ci ildən sonra yalnız türk-tatar dilində buraxılmasını bu dildə anlayanların sayının çoxalması, yekun nəticədə İ.Qaspıralının söykəndiyi prinsiplərin həyata keçməsi ilə izah etmişdir.

Tədbirdə BDU-nun jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "Xalq qəzeti" baş redaktorunun müavini Tahir Aydınoğlu  çıxış edərək İsmayıl Qaspıralını müasir qloballaşma şəraitində türk birliyinin ideya mənbəyi rolunu oynayacaq şəxsiyyətlərdən biri kimi dəyərləndirmişlər. Qeyd edilmişdir ki, görkəmli mütəfəkkirin tarix qarşısındakı ən böyük xidmətlərindən biri də məhz türk xalqlarının ortaq dilinin formalaşdırılmasına yönələn cəhdləridir.

 

 

Azərbaycan.- 2013.- 11 aprel.- S. 8.