Əfətli kəndində yeni heyvandarlıq kompleksi yaradılıb

 

Ərazisinin böyük hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Ağdam rayonunun Əfətli kəndində - düşmənlə təmas xəttinə yaxın bir ərazidə müasir heyvandarlıq kompleksi yaradılıb. Kompleksin təsisçisi Fuad Əyyubzadə bununla bağlı dedi ki, ölkəmizdə sahibkarlığın inkişafına dövlət səviyyəsində göstərilən maddi dəstəkdən bizə də pay düşüb.

Yaratdığımız heyvandarlıq kompleksi geniş imkanlara malikdir. Kompleksin inşasında Avropa texnologiyasından istifadə edilmişdir. Bir-biri ilə sıx əlaqəli olan istehsal və xidmət sexləri Almaniyanın "GEA" şirkətinin bir mərkəzdən idarə olunan yüksək məhsuldarlığa malik avadanlıqları ilə təchiz edilmişdir. Kompleksin ümumi dəyəri 2 milyon 800 min manatdır. Daxili imkanlarımızı səfərbər etməklə yanaşı, güzəştli şərtlərlə kreditgötürmüşük. Sahibkarlığa Kömək Milli  Fondundan 1 milyon 100 min manat həcmində götürdüyümüz kredit, sözün həqiqi mənasında, karımıza gəldi. Odur ki, qısa müddət ərzində böyük işlər görmüşük. Artıq kompleksdə heyvanların sayı 600 başa çatmışdır. Hamısı da yüksək məhsuldar cinsdən olan inəklərdir. "Holstin-friz" və "Aberdin Anqus" cinsli inəklər bol süd verir. İnəklərin cins tərkibini saxlamaq üçün yalnız süni mayalamadan istifadə olunur. Bir gündə 25 litrədək süd verən inəklərin orta illik məhsuldarlığı 7.500 litrə çatır. Biz hələ işin başlanğıcındayıq, ən yaxın vəzifələrimiz cins heyvanların sayını 1000 başa çatdırmaqdır. Növbəti mərhələdə kiçik süd emalı zavodunun inşasını, yem təsərrüfatı yaradılmasını nəzərdə tuturuq.

Böyük prespektivə malik belə müasir heyvandarlıq kompleksinin məhz Ağdamda, cəbhə bölgəsində yaradılmasının əhəmiyyəti də çox böyükdür. Bu narahat bölgədə əhalinin məşğulluğunu təmin etmək, daxili imkanehtiyat mənbələrindən istifadənin səmərəsini artırmaq dövlətin əsas qayğılarındandır. Hazırda bu heyvandarlıq kompleksində 24 məcburi köçkün ailəsi və yerli sakinlər işlə təmin olunmuşlar. Kompleksin yeni sexləri işə düşdükcə, fəaliyyəti genişləndikcə işçilərin sayı da artacaq.

 

 

Lazım QULİYEV.

 

Azərbaycan.- 2013.- 11 aprel.- S. 10.