Tovuzun yüksəliş
yolu
Ötən il Tovuz rayonunda yerli gəlirlər hesabına büdcəyə 9,1 milyon manat əvəzinə 11,7 milyon vəsait daxil olub. İl ərzində proqnoz tapşırığına 128,8 faiz əməl edilib. Əvvəlki ildəkinə nisbətən ümumi məhsulun həcmi 11,3 faiz artıb. İlk baxışda sadə görünən bu rəqəmlər rayondakı yüksəlişi əyani şəkildə əks etdirir.
Hara
gedirsən təzə bir gözəlliyin, yeniliyin şahidi
olursan. İndi bu, çox təbiidir. Çünki
regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramının icrası ilə əlaqədar hər sahədə
böyük işlər görülür. Sahibkarlığa
geniş meydan açılır, taxıl, kartof, tərəvəz
istehsalı ilbəil artır, üzüm bağlarının
sahəsi genişlənir. Bununla əlaqədar olaraq emal
müəssisələri yaradılır. Bozalqanlı kəndində
müasir süd emalı zavodu istifadəyə verilib. Bu, qərb
bölgəsi üçün çox dəyərli bir
müəssisədir. Zavodda onlarca adam çalışır,
qatıq, kəsmik, ayran, dovğa, xama, pendir və başqa məhsullar
istehsal edilir. Məhsulun mühafizəsi üçün
Aşağı Quşçuda üç yüz tonluq
soyuducu kameralar istifadəyə verilib. Daha iki yerdə
çeşidləmə anbarları və qarışıq
yem dəyirmanı tikilir.
Tovuzlular deyirlər ki, bütün bunlar Prezident İlham Əliyevin bölgələrin tərəqqisinə göstərdiyi tükənməz qayğı və diqqətin bəhrəsidir. Ötən il rayonun inkişafı ilə əlaqədar bir sıra mühüm sənədlər qəbul edilib. Bir neçə ay ərzində dövlət başçısı "Tovuz rayonunun inzibati ərazi bölgəsində qismən dəyişiklik edilməsi haqqında", "Tovuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında", "Goytəpə arxeoloji parkının yaradılması ilə bağlı bəzi tədbirlər haqqında", habelə Tovuz-Qoylar-Ağbaşlar avtomobil yolunun tikintisi barədə sərəncamlar imzalamışdır. Bunların hər birinin icrası üçün kifayət qədər vəsait ayrılmışdır. "Göytəpə" qədim yaşayış məskənində, "Arxeopark" yaradılmasının maliyyələşdirilməsi üçün üç yüz min manat, Tovuz-Qoylar-Ağbaşlar avtomobil yolunun tikintisi məqsədilə ilkin olaraq üç milyon manat, rayonda abadlıq və quruculuq işlərinin davam etdirilməsi üçün iki milyon manat vəsait ayrılmışdır. Bundan əlavə, 85 mənzilli iki binanın tikintisi qərara alınmışdır. Tovuz üçün xüsusilə əlamətdar olan bir obyekt ayrıca qeyd olunmalıdır. Neçə vaxt idiki "Semzavod qəsəbəsi" kimi tanınan ərazinin miskin görkəmi hamını narahat edirdi. Qəza vəziyyətindəki binalarda yaşayan ailələrin yeni mənzillərlə təmin edilməsi məqsədilə Prezident İlham Əliyevin tapşırığına əsasən 50 mənzilli və 35 mənzilli beşmərtəbəli binaların tikintisinə başlanılmışdır.
Tovuzda
cari işlər vaxtında və sistemli surətdə
görülməklə yanaşı, rayonun taleyi
üçün vacib olan bir sıra mühüm problemlər
bu cür, sistemli surətdə həll edilir.
İnişil oktyabr ayında Tovuz şəhərinin
su təchizatı və kanalizasiya sisteminin yenidən
qurulması layihəsi üzrə əməli işlərə
başlanmışdır. Artıq hər birinin tutumu 2500
kubmetr olan iki su anbarı, suqəbuledici qurğu, labaratoriya
binası, xlorator bazası, keçid məntəqəsi, nasos
stansiyası və s. tikilmiş, şəhərdaxili şəbəkələrə
sağ və sol istiqamətlərdə su xətlərinin
çəkilməsi başa
çatdırılmışdır.
Ötən
il Tovuzçay su anbarının tikintisində işlərin
davam etdirilməsi üçün 17,46 milyon vəsait
ayrılmış və nəzərdə tutulan vaxtda göstərilən
həcmdə iş görülmüşdür. Həmin
anbardan sağ sahil Ağstafaçay kanalını
qidalandırmaq üçün uzunluğu 5 kilometr olan polad su
kəməri çəkilmiş və hazırda bu istiqamətdə işlər davam etdirilir. Rayonun
Ağdam ərazisinin suvarma suyu ilə təmin edilməsi məqsədilə
Tovuzçay su anbarı üzərində nasos
stansiyasının quraşdırılması işi başa
çatmaq üzrədir. Zəyəm çayında
daşqın sularının qarşısının
alınması üçün 2625 metr uzunluğunda bənd
çəkilmiş, başqa sözlə, təqribən 4
milyon manat həcmində iş görülmüşdür.
Sosial obyektlər də sistemli surətdə
təzələnir. Son illərdə 18 yeni məktəb
binası tikilmiş, 10 məktəbdə cari təmir işləri
aparılmışdır. Bundan əlavə, ötən il
Tovuz şəhərindəki "Qərənfil" uşaq
bağçası-körpələr evi müasir standartlara
uyğun yenidən qurulmuşdur. Rayondakı 22 məktəb mərkəzləşmiş
istilik sistemi ilə qızdırılır. Hazırda
Papaqçılar və Bayramlı kəndlərində
müasir məktəb binaları inşa olunur.
Rayonun
hər yerində tikinti-quruculuq
və abadlıq işləri geniş vüsət alıb. Tovuz
və Qovlar şəhərlərinin bir sıra küçələrində
orijinal dizaynla dekorativ divarlar inşa edilmiş, işıq dirəkləri
qoyulmuş, bir sıra abadlıq işləri
görülmüşdür. Gözəlliklər məskəni
Tovuz turizm mövsümünə də ciddi
hazırlaşır. Təbiət bu səfalı yerlərdən
heç nəyi əsirgəməyib. Hara gedirsən ürək
açılır, hara baxırsan göz oxşayır. Əsrik
dərəsi, Göyəbaxan, Çeşməli, Ağqaya
yaylaqları, Şamlıq, Qoşabulaq meşələri,
Kürün səfalı sahilləri, Bahar, Cökəli,
Şahzadə, Loğman, Turşsu, Şırşır, Qələmçə
bulaqları gəl-gəl deyir. Bu yerlər ilin hər fəslində,
günün hər çağında gözəldir, cazibəlidir.
Bu qədim
diyarda tarixi abidələr, qalalar, məbədlər də
çoxdur. Mülkülü kəndinin yanındakı
Torpaqqala şəhərgahı antik dövrdən xəbər
verir. Xınna-Xılxına yaşayış məskəni bu
yerlərin canlı tarixidir. Tovuzun şərqindəki kurqan
tunc dövrünün yadigarıdır. Girzan kəndinin məbədi
XII əsrdə ucaldılıb. Azaplının qədim qəbiristanlığı
canlı bir tarixdir. Aşağı Öysüzlüdəki
qala-ev deyilənə görə, Koroğlunun adı ilə
bağlıdır. Avaztəpə qalası neçə-neçə
illəri, əsrləri yola salıb. Qonaqlar Yanıqlı kəndinə
də həvəslə gedir, Zəyəm çayı
körpüsünə, qədim qalaya, məscidə, türbələr
toplusuna böyük maraqla baxırlar.
Dağların
qoynunda daha bir müqəddəs guşənin sirri
açılır. Azərbaycan Milli Elmlər
Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun
ekspedisiyası Fransa mütəxəssisləri ilə birlikdə
"Göytəpə yaşayış məskəni"ndə
kəşfiyyat müşahidələri apararaq, təpənin
topoplanını çəkmiş, maraqlı materiallar
toplamışdır. Abidənin dəqiq tarixinin təyin edilməsi
üçün həmin materiallar Fransanın Milli
Araşdırmalar Mərkəzində radio-karbon analizindən
keçirilmişdir. Bəlli olmuşdur ki, Göytəpənin
yaş həddi Miladdan xeyli əvvələ -
dördüncü minilliyə gedib çıxır.
Bu
yerlərin qədimliyi bir çox nüfuzlu elm
ocaqlarının ciddi marağına səbəb olmuşdur. Göytəpə
indi dünyanın hər yerində tanınır, onun tarixi tədqiq
olunur. 2009-cu ildə Tokio Universitetində, 2010-cu ildə
Londonun "Britaniya Muzeyi"ndə, yenə həmin ildə
Parisin "Kollec-de-Frans" təhsil müəssisəsində,
2011-ci ildə Rusiya Elmlər Akademiyasının Arxeologiya
İnstitutunda və Gürcüstan Milli Tarix Muzeyində
Göytəpə materiallarının təqdimatı
olmuşdur.
Ötən
ilin avqust ayında isə Rusiya, Ukrayna, Moldova, Gürcüstan,
Özbəkistan və Qırğızıstan nümayəndələrinin
iştirakı ilə "Cənubi Qafqazın qədim mədəniyyətləri"
mövzusunda beynəlxalq layihə çərçivəsində
"Gənc arxeoloqların yay məktəbi"nin möhtəşəm
tədbiri "Göytəpə yaşayış məskəni"
ərazisində keçirilmişdir.
Yaşıllıqlar
qoynunda mədəniyyət və istirahət parkının
salınması, qala komplekslərinin Bayraq Meydanının və
olimpiya idman kompleksinin tikilməsi, Tovuz-Böyük
Qışlaq-Qaralar, Tovuz-Qovlar-Ağbaşlar avtomobil
yollarının çəkilişi, beşulduzlu
"Ayan-Palace" hotelinin istifadəyə verilməsi, səkkiz
min il yaşı olan Göytəpə yaşayış məskənində
arxeoparkın yaradılması, su-kanalizasiya xətlərinin təzələnməsi,
yeni parkların, qəsəbələrin salınması da
Tovuzun uğurlu yüksəlişindən, bu cənnətməkan
bölgənin daha xoş sabahından xəbər verir.
Əhməd İSAYEV.
Azərbaycan.- 2013.- 11
aprel.- S. 10.