Şahbuz rayonunda kiçik fərdi təsərrüfatlar fəaliyyət göstərir

 

İqtisadi inkişafın səviyyəsi həm də özəl sektorda həyata keçirilən biznes layihəsinin uğurundan asılıdır. Ona görə də muxtar respublikanın rayon mərkəzlərində, kənd yaşayış məntəqələrində kiçik sahibkarlıq subyektlərinin yaradılması yolu ilə yeni resursların iqtisadi dövriyyəyə cəlb olunmasına xüsusi diqqət yetirilir.

Belə tədbirlər həm də yerlərdə əhalinin məşğulluq probleminin həllinə, maddi-rifah halının yaxşılaşmasına geniş imkanlar açır. Bu baxımdan kəndlərdə müxtəlif məhsulların emalı üzrə kiçik müəssisələrin yaradılması mühüm əhəmiyyətə malikdir. Ona görə də ötən illər ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə dövlətin maliyyə dəstəyi xeyli artırılmış, kredit vəsaitlərinin aidiyyəti üzrə xərclənməsinə, layihələrin uğurla nəticələnməsinə xüsusi diqqət yetirilmişdir.

Naxçıvan MR-də artıq bir neçə ildir ki, istehsal olunan yerli məhsullar əhalinin tələbatının böyük hissəsini ödəyir. Bu, həm iqtisadiyyatın hərtərəfli inkişafına, həm də bazarda bolluq və ucuzluğa gətirib çıxarır. Göründüyü kimi, daxili bazarın qorunmasında yerli istehsalın inkişafının xüsusi rolu var. Bu amil nəzərə alınaraq sahibkarlığın inkişafına dövlət tərəfindən hərtərəfli qayğı göstərilir. Yaradılan şəraitdən istifadə edən kənd adamları, kiçik sahibkarlar, torpaq mülkiyyətçiləri yerli məhsulların istehsalının artırılmasına səy göstərirlər. Odur ki, muxtar respublikanın rayon və qəsəbələrində, kəndlərində kiçik sahibkarlığın hərtərəfli inkişafı diqqət mərkəzində saxlanılır, bu sahədə fəaliyyət göstərmək istəyənlərə dövlət səviyyəsində lazımi şərait yaradılır. Torpaq mülkiyyətçiləri, sahibkarlar da yerli məhsulların istehsalında, yeni sahələrin yaradılmasında səylərini artırırlar.

Muxtar respublikada xüsusi diqqət yetirilən sahələrdən biri də ərzaq təhlükəsizliyinin təmin olunmasıdır. Bu məqsədlə qəbul olunmuş "2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı", Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə bağlı 2009-2013-cü illəri əhatə edən ikinci Dövlət Proqramı və "2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı"nda nəzərdə tutulan tədbirlərin icrası digər məsələlərlə yanaşı, yerlərdə sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə xidmət edir.

İqtisadi cəhətdən səmərəli hesab edilən kiçik həcmli layihələrin reallaşdırılması və fərdi təsərrüftaların yaradılması Şahbuz rayonunda da diqqət mərkəzindədir. Cari ilin fevralında Naxçıvan MR Ali Məclisində 2012-ci ilin yekunları və 2013-cü ildə qarşıda duran vəzifələr mövzusunda keçirilmiş müşavirdə bu məsələ müzakirə olunmuşdur. Ali Məclisin sədri Vasif Talıbov çıxışında qeyd etmişdir ki, Naxçıvan MR-də yerli xammaldan istifadə əsasında fəaliyyət göstərən və satış bazarı olan yeni müəssisələrin yaradılması bundan sonra da daim diqqət mərkəzində saxlanmalı, daxili bazarda süni qiymət artımının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin təsirliyi gücləndirilməlidir. İstehsal olunan məhsulların rəqabət qabiliyyətinin artırılması məqsədilə yeni müəssisələr yaradılarkən mütərəqqi texnologiyaya əsaslanan təkliflərə daha çox üstünlük verilməlidir. Həmçinin yerli məhsulların xarici bazarlarda tanıdılması və satışının təşkili məqsədilə marketinq araşdırmaları aparılmalı və onların reklamının müasir tələblər səviyyədə təşkilinə xüsusi diqqət yetirilməlidir.

Bu məqsədlə muxtar respublika İqtisadi İnkişaf Nazirliyi yerli icra hakimiyyəti orqanları ilə birlikdə rayon mərkəzlərində və kəndlərdə kiçik fərdi təsərrüfatların və istehsal sahələrinin yaradılması və onların fəaliyyətinə lazımi dövlət dəstəyinin göstərilməsi istiqamətində əməli tədbirlər həyata keçirir. Şahbuz Rayon İcra Hakimiyyətində yerli sahibkarlarla, fərdi təsərrüfatçılıqla məşğul olan şəxslərlə keçirilən görüş də bu baxımdan əhəmiyyətli olmuşdur. Görüşdə yerli sahibkarlara Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondu tərəfindən yeni layihələr təqdim olunmuş, iqtisadi cəhətdən səmərəli hesab edilən kiçik həcmli layihələrin necə reallaşdırılmasının və torpaq mülkiyyətçilərinin maariflənməsinin əhəmiyyətindən bəhs olunmuşdur.

Naxçıvan MR Sahibkarlığa Kömək Fondu tərəfindən təqdim olunan 10-a yaxın layihə şahbuzlu sahibkarlar tərəfindən bəyənilmişdir. Rayonun Daylaqlı kənd sakini Alllahqulu Məmmədov üzümçülük, Şahbuz şəhər sakini Elşad Hüseynov quşçuluq, Qarababa kənd sakini Gülağa Ağayev tərəvəzçilik üzrə istixana kompleksi, Keçili kənd sakini Mehman Fətullayev meyvə bağı, Şahbuzkəndli İsmixan Quliyev kompleks arıçılıq, Ağbulaq kənd sakini Sahib Məmmədov bərk pendir və digər sahələr üzrə kiçik sahibkarlıq layihələri üzrə müvafiq sənədləşmə və kredit işlərinə başlamışlar.

Kiçik həcmli müəssisələrin tam işə başlaması üçün artıq görüləcək işlərin təyinatı, istehsal gücü, avadanlıqlar dəstinin dəyəri, istehsal sahəsinin tikinti xərcləri, layihənin reallaşacağı təqdirdə açılacaq iş yerlərinin sayı müəyyənləşdirilir.

Layihələrin həyata keçirilməsindən sonra Şahbuzda əlavə olaraq 100-ə yaxın yeni iş yeri açılacaq. Layihələr üzrə avadanlıqlar isə Türkiyə, Rusiya, İran, Çin və Ukraynadan alınacaq, avadanlıqların alınıb gətirilməsinə, quraşdırılmasına, ilkin istehsal prosesinə Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyi tərəfindən də lazımi dəstək göstəriləcək.

 

 

Elxan MƏMMƏDOV.

 

Azərbaycan.- 2013.- 11 aprel.- S. 10.