Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının növbədənkənar konfransı keçirilmişdir

 

Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının növbədənkənar konfransı keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.

YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun, YAP mərkəzi aparatının məsul işçisi Mirkamal Seyidovun, deputatlar Mirkazım Kazımovun və Aslan Cəfərovun iştirak etdiyi toplantıda partiyanın Astara rayon təşkilatının sədr əvəzi  Faiq Həsənovun hesabat məruzəsi dinlənilmişdir.

S.Novruzov konfransda çıxış edərək ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış YAP-ın müstəqil dövlətimizin möhkəmləndirilməsində, azərbaycançılıq ideyalarının ümumbəşəri dəyərlər əsasında inkişaf etdirilməsində mühüm rol oynadığını, güclü və nüfuzlu siyasi partiya kimi xalqa sədaqətlə xidmət göstərdiyini qeyd edərək hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyətini uğurla davam etdirdiyini diqqətə çatdırmışlar.

Digər çıxış edənlər də qeyd etmişlər ki, YAP şərəfli bir yol keçmişdir. Sıralarında yüz minlərlə sağlam fikirli insanı birləşdirən partiyanın hakimiyyəti dövründə müstəqil Azərbaycan dövləti dünyanın ən sabit, ən mütərəqqi və sürətlə inkişaf edən ölkələrindən birinə çevrilmişdir.

Bildirilmişdir ki, ölkəmizin yüksək inkişafını Astara rayonunun timsalında da aydın görmək olar. Dövlət başçısının imzaladığı sərəncamlarla ayrılan vəsait hesabına son bir ildə rayonda Astara Olimpiya İdman Kompleksi, Yeni Azərbaycan Partiyası rayon təşkilatı üçün yeni inzibati bina, bir neçə məktəb və digər obyektlər tikilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilmişdir. Mərkəzi Xəstəxana əsaslı təmir edilmişdir. Hazırda poliklinika şöbəsinin əsaslı təmiri davam etdirilir.

Astara şəhərinin mərkəzindəki Heydər Əliyev parkı genişləndirilmişdir. Küçə və meydanlarda yeni işıqlandırma sistemi quraşdırılmış, binalarda təmir işləri aparılaraq fasadları müasir memarlıq  üslubunda qurulmuşdur.

Diqqətə çatdırılmışdır ki, hazırda rayonda 10-dan çox yeni məktəb binasının, Ərçivan qəsəbəsində Boks İdman Kompleksinin tikintisi davam etdirilir.

Vurğulanmışdır ki, bu il ölkəmizdə növbəti prezident seçkiləri keçiriləcəkdir. Bütün Azərbaycan xalqı kimi astaralılar da seçkilərdə ulu öndərin siyasi xəttinin layiqli davamçısı, Azərbaycanı daha uğurlu sabahlara aparan İlham Əliyevə səs verməklə tarixinin ən şanlı səhifələrini yazacaqlar.

Konfransda təşkilati məsələlərə də baxılmışdır. YAP rayon təşkilatının siyasi şurası və idarə heyətinin yeni tərkibi seçilmişdir.

Astara Rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Firudin Əhmədov YAP rayon təşkilatının sədri seçilmişdir.

 

 

Azərbaycan.- 2013.- 12 aprel.- S. 6.