Avropa Şurası Nazirlər Komitəsinin Demokratiya üzrə Məruzəçilər Qrupunun nümayəndələri Baş Prokurorluqda olmuşlar

 

Baş prokuror Zakir Qaralov Avropa Şurası Nazirlər Komitəsinin Demokratiya üzrə Məruzəçilər Qrupunun sədri xanım Ursula Gaçekin rəhbərliyi ilə Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşmüşdür.

Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın uğurla inkişaf etdiyini bildirən Baş prokuror ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən imzalanan mütərəqqi qanunvericilik aktlarının, o cümlədən prokurorluğun fəaliyyəti üçün zəruri hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında müasirləşmə prosesinin davam etdirilməsi və köklü islahatların aparılması, eyni zamanda kadr siyasətində ciddi dönüşün yaradılması və şəffaflığın təmin edilməsi barədə ətraflı məlumat vermişdir.

Açıq Hökumətin təşviqinə və korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planlarının təsdiq edilərək icraya yönəldilməsini, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılmasını diqqətə çatdıran Z.Qaralov insan hüquqlarının qorunması istiqamətində kompleks, hərtərəfli və ardıcıl işlərin görülməsini xüsusi vurğulamışdır.

Bakıya səfərdən məmnunluğunu ifadə edən xanım Ursula Gaçek Avropa Şurası Nazirlər Komitəsinin Demokratiya üzrə Məruzəçilər Qrupunun Azərbaycan ilə əlaqələrin inkişafında və faydalı qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu qeyd etmiş, ölkəmizin məhkəmə-hüquq sistemində aparılan islahatlara maraq göstərmiş, insan haqlarının müdafiəsinin daha da gücləndirilməsi ilə bağlı fikirlərini bildirmişdir.

Nümayəndə heyətinə daxil olan bir neçə ölkənin səfirləri ilə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın gələcək perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Görüşdə Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Emin Eyyubov iştirak etmişdir.

 

 

Azərbaycan.- 2013.- 12 aprel.- S. 6.