MDBMİ-nin
rektoru Anatoli Torkunov Azərbaycan Diplomatik Akademiyasının Fəxri
doktoru adına layiq görülmüşdür
Aprelin 11-də Moskva Dövlət Beynəlxalq
Münasibətlər İnstitutunun (MDBMİ) rektoru akademik
Anatoli Torkunov Azərbaycan Diplomatik Akademiyasının (ADA) birinci Fəxri doktoru adına layiq
görülmüşdür.
ADA-nın
rektoru, Azərbaycanın xarici işlər nazirinin müavini
Hafiz Paşayev demişdir: "Biz ADA ilə MDBMİ
arasındakı əməkdaşlığı çox
yüksək qiymətləndiririk. Ali məktəblərimiz
arasında tələbə-müəllim mübadiləsinə
dair əməkdaşlıq mövcuddur. Belə əməkdaşlıq Azərbaycan ilə Rusiya arasında
əlaqələrin möhkəmlənməsinə töhfə
verir".
Bu
günlər Bakıda MDBMİ məzunlarının I
Ümumdünya forumunun keçirildiyini bildirən H.Paşayev
demişdir: "Hesab edirəm ki, birinci forumun keçirilməsi
yeri kimi Bakı təsadüfən seçilməmişdir. Ona
görə ki, MDBMİ-nin çoxlu sayda məşhur məzunları
arasında məhz Azərbaycan Prezidenti İlham Əliyev
xüsusi yer tutur. O, MDBMİ-nin dövlət
başçısı olan yeganə məzunudur. Prezidentimiz bu
institutda oxumuşdur. O, ömrünün təxminən 15
ilini bu ali məktəbə həsr etmişdir.
ADA-nın
rektoru demişdir ki, bu gün həm də ona görə əlamətdardır
ki, ADA-nın Elmi Şurasının qərarı ilə
A.Torkunova akademiyanın Fəxri
doktoru adı verilmişdir. H.Paşayev bildirmişdir ki,
A.Torkunov da MDBMİ-nin məzunudur. O, həmin ali məktəbin beynəlxalq münasibətlər
fakültəsini bitirmiş, müəllimlikdən
MDBMİ-nin rektorunadək yüksəlmişdir. A.Torkunov siyasi
elmlər doktoru,
çoxsaylı məqalə və kitabların müəllifidir.
MDBMİ-nin rektorunun zəngin diplomatik fəaliyyət təcrübəsi
də vardır. O, SSRİ-nin KXDR və ABŞ-dakı
diplomatik nümayəndəliklərində işləmişdir.
Sonra
H.Paşayev ADA-nın Fəxri doktoru diplomunu Anatoli Torkunova təqdim
etmişdir. A.Torkunov bu ada ADA Elmi Şurasının qərarı ilə elmin və təhsilin
inkişafında xidmətlərinə, Azərbaycan ilə
Rusiya arasında əlaqələrin möhkəmlənməsinə
töhfəsinə görə layiq
görülmüşdür.
MDBMİ-nin
rektoru demişdir: "ADA-nın birinci fəxri doktoru şərəfinə
layiq görülməyim məni çox mütəəssir
etdi". Belə bir universitetin yaradılmasının
böyük nailiyyət olduğunu vurğulayan A.Torkunov
demişdir: "Biz əməkdaşlıq haqqında
Memorandum imzalayanda əvvəlcə tələbə-müəllim
mübadiləsi səviyyəsində əməkdaşlıq
aparmışıq. Lakin hazırda birgə tədris
proqramları, ilk növbədə, magistr proqramları yaratmaq
üçün hər cür şərait vardır. Bu, magistrlərimizə həm
ADA-nın, həm də MDBMİ-nin diplomlarını almaq
imkanı verəcəkdir".
MDBMİ-nin
rektoru ADA-nın tələbələri
qarşısında "Böhrandan sonra dünyada beynəlxalq
münasibətlər: Moskvadan baxış"
mövzusunda mühazirə ilə
çıxış etmişdir. A.Torkunov Rusiya-Azərbaycan
əlaqələrindən danışarkən
vurğulamışdır ki, bu əlaqələr möhkəm zəmin üzərində
qurulmuşdur. Onun fikrincə, həmin münasibətlərin ən
mühüm amili sabit humanitar əlaqələr, fəal
iqtisadi əməkdaşlıqdır. O demişdir: "Rusiya
ilə Azərbaycan öz mənafelərinə sadiqliyi qoruyub
saxlayır, beynəlxalq məsələlərdə kompromis əldə
etmək sahəsində qonşu ölkələrə
nümunə göstərirlər".
A.Torkunovun fikrincə, dünya böhranı bir sıra meyil və proseslərin inkişafında müəyyən sərhəd rolunu oynamışdır. O demişdir: "Böhran zamanı bir sıra ölkələr, o cümlədən Rusiya, zənnimcə, Azərbaycan üçün "təhlükəsizlik balışı" energetikadan gələn gəlirlər olmuşdur". MDBMİ-nin rektoru hazırda Koreya yarımadasında yaranmış vəziyyətlə bağlı fikirlərini də bölüşmüşdür.
AzərTAc
Azərbaycan.- 2013.- 12 aprel.- S. 7.