Abşeron rayonunun Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllə istifadəyə verilmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir

 

Aprelin 1-də Abşeron rayonunun Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllə istifadəyə verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir.

Prezident İlham Əliyevə məlumat verən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirdi ki, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması hər zaman Azərbaycan dövlətinin diqqət mərkəzində olmuşdur. 1993-cü ildən başlayaraq ulu öndər Heydər Əliyev bu istiqamətdə 81 fərman və sərəncam imzalamış, Nazirlər Kabineti 307 qərar vermiş, Milli Məclis 24 qanun qəbul etmişdir. 2003-2012-ci illərdə isə bu sahədə Prezident İlham Əliyev tərəfindən 49 fərman və sərəncam imzalanmışdır. Ötən dövrdə iki dövlət proqramı və həmin dövlət proqramlarına edilən əlavələr təsdiq edilmiş və onlar uğurla icra olunmuşdur. 2001-2012-ci illərdə 31 min ailə və ya 140 min nəfərdən çox qaçqın və məcburi köçkün üçün 77 qəsəbə, çoxmərtəbəli binalardan ibarət məhəllə və fərdi evlər tikilmişdir. Bu dövrdə 134 məktəb, 5 musiqi məktəbi, 48 uşaq bağçası, 51 tibb müəssisəsi, iki olimpiya idman kompleksi, 37 rabitə evi inşa olunmuş, minlərlə kilometr uzunluğunda su, elektrik və qaz xətləri çəkilmişdir. Həmçinin, 1348 ailə və ya 6740 məcburi köçkün Maliyyə Nazirliyi tərəfindən ayrılan vəsait hesabına dövlət ehtiyacları ilə əlaqədar Abşeron rayonunun ərazisində tikilmiş yeni mənzillərə köçürülmüşdür. Dövlət büdcəsində nəzərdə tutulan investisiya xərcləri vəsaiti hesabına  Axısxa türkləri üçün 352 evin inşası başa çatdırılmışdır və bu layihə 2013-cü ildə də davam etdiriləcəkdir. Ümumilikdə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə 1993-2012-ci illərdə 5,4 milyard dollar vəsait xərclənmişdir. 2012-ci ildə Dövlət Neft Fondundan 300 milyon manat vəsait ayrılmışdır ki, bu da 2011-ci illə müqayisədə 2,2 dəfə, 2003-cü ilə nisbətən isə 15 dəfə çoxdur. 2013-cü ildə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllinə  590  milyon manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Dövlət Neft Fondundan ayrılacaq 300 milyon manat vəsait hesabına 4 min ailə, yəni 20 min nəfər məcburi köçkün üçün ümumi sahəsi 260 min kvadratmetr olan, bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə  8 qəsəbə və məhəllə salınacaqdır.

Dövlət başçısı əvvəlcə Zəngilan Rayon İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılan şəraitlə maraqlandı.

Ən müasir standartlar səviyyəsində inşa olunmuş üçmərtəbəli binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur. Bundan başqa, foyedə ulu öndər Heydər Əliyevin qaçqın və məcburi köçkünlərə qayğısı və onlarla görüşlərini, eləcə də Zəngilanın işğaldan əvvəlki görüntülərini əks etdirən fotostend yaradılmışdır. İş otaqları ilə tanışlıq zamanı bildirildi ki, burada işçilərin rahat fəaliyyəti üçün hər cür şərait vardır. Üçüncü mərtəbədəki 50 nəfərlik akt zalında isə müxtəlif tədbirlər keçirmək mümkün olacaqdır.

Sonra Azərbaycan Prezidenti Zəngilan rayonundan məcburi köçkün Vəli Quliyevin mənzilində yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, ailə üzvlərinin sayı beş nəfərdən ibarət olan Vəli Quliyevin  mənzili üçotaqlıdır. Mənzildə ailənin rahatlığı üçün hər cür şərait vardır.

Dövlət başçısı çay süfrəsi ətrafında mənzilin sahibi ilə söhbət etdi.

Prezident İlham ƏLİYEV: Təbrik edirəm sizi. Gözəl qəsəbədir, gözəl mənzildir. İşğaldan sonra köçkünləri yataqxanalara, çadır şəhərciklərinə köçürmüşlər. Uzun illər siz orada çətin, ağır şəraitdə yaşamısınız. Amma indi dövlətin imkanları genişlənir. Bu istiqamətdə məqsədyönlü şəkildə dövlət siyasəti aparılır. Ona görə bütün köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması prioritet məsələdir. Belə qəsəbələrin sayı çoxdur. Keçən il Müşfiqabadda buna bənzər bir məhəllənin açılışında iştirak etmişəm. Bu il artıq bu gözəl məhəllə istifadəyə verilir. Bundan sonra da olacaqdır, Mingəçevirdə olacaqdır. Ona görə bu proses davam edir və artıq burada rahat yaşamaq mümkün olacaqdır. Ancaq bu, yenə də deyirəm, müvəqqəti yaşayış yeridir. Əsas məsələ öz həllini tapandan, torpaqlarımız işğalçılardan azad olunandan sonra Zəngilanda, digər şəhər və rayonlarımızda bundan da gözəl evlər tikəcəyik.

Ev sahibi Vəli QULİYEV: Çox sağ olun, cənab Prezident. Bizə belə gözəl şərait yaratdığınız, bizə göstərdiyiniz qayğı üçün bütün köçkünlər adından, ailəmiz adından, öz adımdan Sizə təşəkkür edirəm. Sizə uzun ömür, cansağlığı arzu edirəm. Qarşıdan prezident seçkiləri gəlir. Sizin prezidentliyə namizədliyinizi biz - bütün köçkünlər, hamımız dəstəkləyəcəyik. Biz indiyədək çətin vəziyyətdə, ağır şəraitdə yaşamışıq. İndi şükür Allaha gözəl binalar tikilir, bizə gözəl otaqlar bəxş etmisiniz. Ona görə də Sizə minnətdarıq, təşəkkür edirik.

Prezident İlham ƏLİYEV: Hər şey ardıcıllıqla öz həllini tapır. Əlbəttə, ilk növbədə biz çadırda yaşayanların problemlərini həll etmişik. Onlar uzun illər idi ki, daha da ağır vəziyyətdə yaşayırdılar. Sonra fin qəsəbələrində yaşayanların problemini həll etdik. Qalır yataqxanalarda, uşaq bağçalarında, məktəblərdə yaşayanlar. Onların da problemini həll edəcəyik. İndi həm də dövlətin imkanları var və ən önəmlisi, dövlət siyasəti vardır. Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Sosial cəhətdən ən az müdafiə olunan təbəqə, yəni məcburi köçkünlərin problemlərinin həlli prioritetdir. Bunu dəfələrlə ulu öndər də bəyan etmişdir, mən də, bundan böyük prioritet ola bilməz. Artıq bu qəsəbə özlüyündə bir göstəricidir. Bu, eyni zamanda, yeni bir yanaşma tərzidir. Yəni əvvəllər də, indi də xüsusilə rayon yerlərində fərdi evlər tikilir. Ancaq siz artıq 20 ildir şəhər şəraitində yaşayırsınız. Burada şəhər tipli evlərin tikilməsi məqsədəuyğun idi. Evlər də hamısı çox gözəl, qəsəbə də belə gözəl planlaşdırılmışdır. Şəhərcikdir, burada 3500-ə qədər insan rahat yaşayacaqdır. Tibb məntəqəsi, məktəb, uşaq bağçası. Görürəm, burada istilik sistemi, qaz, işıq, su da vardır. Bu, təbiidir. İş yerləri ilə bağlı, işləyirsiniz?

 

Vəli QULİYEV: Mən özüm indi təqaüddəyəm. Əvvəl işləmişəm.

 

Prezident İlham ƏLİYEV: Təqaüd alırsınız?

 

Vəli QULİYEV: Bəli, alıram.

 

Prezident İlham ƏLİYEV: Bəs uşaqlar necə?

 

Vəli QULİYEV: Uşaqlar işləyirlər.

 

Əli HƏSƏNOV: Cənab Prezident, tapşırığınız oldu ki, elə yer seçək ki, iş yerləri itirilməsin. Yəni bir problem həll olunursa, o birisi yaranmasın. O cür də icra olunur.

 

Prezident İlham ƏLİYEV: İndi yeni yollar tikilir, dairəvi yol, ondan sonra Bakı-Sumqayıt yolu.

Əli HƏSƏNOV: Bəli, buradan gəlib keçir. 

 

Prezident İlham ƏLİYEV: Hələ Masazırın öz yolu da yenidən tikilibdir.

 

İndi beynəlxalq qurumlar da bunu qeyd edir ki, Azərbaycanda bu məsələyə göstərilən diqqət və yanaşma bütün başqa ölkələr üçün də nümunədir. Çünki beynəlxalq təşkilatların rəhbərləri, nümayəndələri, xarici dövlətlərin nümayəndələri vaxtaşırı qəsəbələrə gəlir, tanış olurlar. Xüsusilə qaçqınlarla bağlı məsələlərə cavabdeh olan şəxslər də birmənalı qaydada deyirlər ki, Azərbaycanda bu məsələ ən yüksək səviyyədə həll olunur. Yəni belə evlər, belə qəsəbələr heç bir ölkədə tikilmir.

Dünyada bir çox ölkələrdə qaçqın-köçkün problemləri vardır. Ancaq bu problemlərin ən uğurlu həlli metodu Azərbaycandadır. Görürsünüz, dünyada - Yaxın Şərqdə, başqa yerlərdə məcburi köçkünlər böyük problemlərlə üzləşirlər. İndi yüz minlərlə insan məcburi köçkünə çevrilmişdir. Azərbaycanda bu məsələnin bu dərəcədə düşünülmüş qaydada həll edilməsi o ölkələr üçün də bir yol göstərir. Bu cür məsələlər belə həll olunmalıdır. Burada söhbət təkcə binaların tikintisi ilə məhdudlaşmır. Biz bu məsələlərə kompleks şəkildə yanaşırıq - yardımlar, hər köçkünə ayrılan vəsait, iş yerləri.

Əhalinin sayını nəzərə alsaq ən çox qaçqın və köçkünü olan ölkə Azərbaycandır. Bizdə bir milyon qaçqın-köçkün vardır. Bu, doğrudan da böyük problemdir. Ancaq biz bu problemi həll edirik və həll edəcəyik. Ancaq yenə də deyirəm, bu, müvəqqəti bir məkandır. Şübhə yoxdur ki, biz o torpaqlara qayıdacağıq. O ərazilər bizim tarixi, əzəli torpaqlarımızdır. Ermənistan-Azərbaycan münaqişəsi öz həllini mütləq tapmalıdır. İki ölkə arasında olan qüvvələr nisbəti bizim xeyrimizə dəyişmişdir. Tarixin inkişafı, gedən proseslərin inkişafı onu göstərir ki, biz mütləq öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Mənim buna heç bir şübhəm yoxdur. Azərbaycanın və Ermənistanın göstəricilərinə nəzər salın. Biz istənilən sahədə onlardan müqayisəedilməz dərəcədə üstünük, iqtisadi, siyasi, sosial məsələlərin həllində, bütün məsələlərdə, ordu quruculuğu işində.

Əlbəttə, biz istəyirik ki, məsələ tezliklə öz həllini tapsın. Amma prinsiplər vardır. Bu məsələ beynəlxalq hüquq normaları əsasında, ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır və tapacaqdır. Tarixin inkişafını heç kim dayandıra bilməz. Tarixin inkişafı, bölgədə gedən proseslərin inkişafı onu göstərir ki, Azərbaycan ilə rəqabət aparmaq üçün Ermənistanda heç bir imkan yoxdur. Nə maliyyə, nə iqtisadi, nə hərbi, nə də insan resursları yoxdur. Biz isə bu məsələnin həlli üçün bütün lazımi tədbirləri ardıcıllıqla görürük. Eyni zamanda köçkünlər üçün müvəqqəti olaraq belə gözəl imkanlar yaradırıq. Sizi bir daha təbrik edirəm.

Vəli QULİYEV: Çox sağ olun, cənab Prezident. Mən də arzu edirəm ki, Allah qoysa torpağımız alınsın, Sizi Zəngilanda qarşılayaq.

Prezident İlham ƏLİYEV: İnşallah, sağ olun.

Vəli QULİYEV: Çox sağ olun, minnətdarıq.

 

*   *   *

 

Yeni məhəllə ilə tanışlıq zamanı Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, bu kompleks qaçqınlar və məcburi köçkünlər üçün indiyədək salınmış sayca 78-ci yaşayış məntəqəsidir. Məhəllə Azərbaycan Prezidentinin 2004-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na Azərbaycan Respublikası Prezidentinin 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilən əlavələrin müvafiq bəndlərinə əsasən inşa olunmuşdur. Yeni salınmış məhəlləyə Azərbaycan Dövlət Neft Akademiyasının tələbə şəhərciyində müvəqqəti məskunlaşmış 760 ailə və ya 3420 məcburi köçkün köçürüləcəkdir. Məcburi köçkünlərdən 460-ı Zəngilan, 66-sı Ağdam, 52-si Cəbrayıl, 40-ı Füzuli, 142-si isə Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xocavənd, Xocalı rayonlarındandır.

Diqqətə çatdırıldı ki, 12 hektar sahəni əhatə edən yeni məhəllədə inşa edilmiş 760 evdən 90-ı birotaqlı, 490-ı ikiotaqlı, 170-i üçotaqlı, 10-u isə dördotaqlıdır. Məhəllədə 540 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, klub-icma mərkəzi, tibb məntəqəsi və s. tikilmişdir. Məhəllənin inşasına ötən ilin aprelində başlanılmışdır. Tikinti işləri bu ilin martında tam başa çatdırılmışdır. Su, elektrik və qaz təchizatı şəbəkələri Abşeron rayonunun kommunikasiya sisteminə qoşulmuşdur. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə inşa olunmuş qəsəbənin inşasına 83,9 milyon manat sərf edilmişdir.

Azərbaycan Prezidenti məhəllədə salınmış 280 yerlik "Şəfəq" uşaq bağçası ilə də tanış oldu. Bildirildi ki, bağçanın ikimərtəbəli binası zəruri avadanlıqla təchiz olunmuşdur. Burada balacaların təlim-tərbiyəsi üçün bütün tələblər nəzərə alınmışdır. Bağçanın musiqi  zalında da hər cür şərait vardır.

Daha sonra Prezident İlham Əliyev 540 şagird yerlik Zəngilan rayon 33 nömrəli tam orta məktəbinə gəldi.

Məktəbin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə məcburi köçkünlərlə görüşlərini, təhsilə diqqət və qayğısını, eləcə də məhəllənin baş planını əks etdirən stendlər quraşdırılmışdır.

Məktəblə tanışlıq zamanı bildirildi ki, yüksək şəraiti, müasir təlim avadanlığı ilə diqqəti cəlb edən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılmışdır. Azərbaycan Prezidentinin ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğı bu sahənin dövlət siyasətinin mühüm prioritetləri sırasına daxil edildiyini təsdiqləyir. Bu proses təkcə paytaxtla məhdudlaşmır, bölgələri də əhatə edir, doğma yurdlarından didərgin düşən soydaşlarımızın təhsilinin yüksək səviyyədə qurulmasına xidmət edir. Heydər Əliyev Fondunun dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına verdiyi dəstək isə əhəmiyyəti ilə seçilir.

Prezident İlham Əliyev məktəbin kompyuter otağında, idman zalında yaradılmış şəraitlə tanış oldu, Zəngilan rayonunun "Araz" idman klubu idmançılarının nümunəvi çıxışlarına baxdı.

Dövlət başçısı idmançılarla xatirə şəkli çəkdirdi.

Azərbaycan Prezidenti məktəbin ikinci mərtəbəsində təşkil olunan Zəngilan rayonunun Tarix-Diyarşünaslıq Muzeyinin eksponatlarından ibarət sərgi ilə tanış oldu.

Məktəblə tanışlıqdan sonra dövlət başçısı burada məcburi köçkünlər və inşaatçılarla görüşdü.

Prezident İlham ƏLİYEV mərasim iştirakçılarını təbrik edərək dedi:

- Sizi ürəkdən salamlayıram, ürəkdən təbrik edirəm. Bu gün biz Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış yeni məhəllənin açılışını bərabər qeyd edirik. Çox gözəl hadisədir. Bu gözəl hadisə münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm.

Məhəllə ən yüksək standartlar əsasında tikilmişdir, yaraşıqlı mənzillər, gözəl məktəb, uşaq bağçası, tibb məntəqəsi vardır. Bütün  infrastruktur yaradılmışdır - işıq, qaz, su, istilik xətləri çəkilmiş, yollar salınmışdır. Yəni bu məhəllədə rahat yaşamaq üçün bütün imkanlar vardır.

Bu şəhərciyin istifadəyə verilməsi bir daha Azərbaycan dövlətinin siyasətini əks etdirir. Bizim siyasətimiz isə ondan ibarətdir ki, hər şey Azərbaycan vətəndaşı üçün olmalıdır. Məcburi köçkünlərin problemlərinin həlli bütün dövrlərdə diqqət mərkəzində olmuşdur. Birinci qəsəbə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə salınmışdır. O vaxtdan bu günə qədər 77 qəsəbə tikilmişdir. Bu, 78-cidir. Burada yeniliklər də çoxdur. Hündür binalar tikilmişdir. Əminəm ki, bu siyasət gələcək illərdə uğurla davam etdiriləcəkdir. Çünki Azərbaycanda ulu öndər Heydər Əliyev siyasəti bütün istiqamətlər üzrə davam etdirilir. O cümlədən məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması məsələləri də öz həllini tapmaqdadır. Müvafiq sərəncamlar imzalanmışdır, proqramlar qəbul edilmişdir. Proqramlar çox dəqiqdir. Ən önəmli məsələ ondan ibarətdir ki, bu proqramlar vaxtında icra edilir.

Keçən il 20 min məcburi köçkün öz yaşayış şəraitini yaxşılaşdırmışdır. Bu il də ən azı 20 min köçkünün yaşayış səviyyəsi yaxşılaşdırılacaqdır. Bu işlər bundan sonrakı illərdə də görüləcəkdir. Dövlət bu istiqamətdə öz siyasətini uğurla aparır. Bu il bütün mənbələrdən məcburi köçkünlərin problemlərinin həlli üçün 600 milyon manata qədər vəsait nəzərdə tutulmuşdur. Bu məbləğin 300 milyondan çox hissəsi yeni qəsəbələrin tikintisinə sərf ediləcəkdir. Keçən ilin sonunda biz Müşfiqabad qəsəbəsində buna oxşar məhəllənin açılışını qeyd etmişik. Bu il isə buradayıq. Bundan sonra Mingəçevirdə, Gəncədə, başqa şəhərlərdə yeni qəsəbələr tikiləcəkdir.

Azərbaycan dövləti bütün bu istiqamətdəki işlərini ardıcıllıqla həll edir. Bilirsiniz ki, birinci mərhələdə, əlbəttə, ən ağır vəziyyətdə yaşayan soydaşlarımız, çadır şəhərciklərində yaşayan soydaşlarımız diqqət mərkəzində idi. Biz o proqramı uğurla və vaxtından əvvəl icra edə bilmişdik. 2007-ci ildə sonuncu çadır şəhərciyi ləğv edilmişdir. Ondan sonra bəyan edilmişdir ki, fin qəsəbələrində, yataqxanalarda, məktəblərdə, uşaq bağçalarında yaşayan məcburi köçkünlərin də məsələləri öz həllini tapacaq və artıq bu istiqamətdə də çox vacib işlər görülmüşdür. Bu il fin qəsəbələri tamamilə ləğv edilir və yataqxanalarda məskunlaşmış məcburi köçkünlərin də artıq belə qəsəbələrə köçürülməsi prosesi başlamışdır. Bakı Dövlət Universitetinin, Dövlət Neft Akademiyasının yataqxanalarında məskunlaşmış vətəndaşlar, o cümlədən də siz artıq bax, bu gözəl qəsəbələrə köçürülürsünüz.

Bir daha demək istəyirəm ki, bu, dövlət siyasətinin təzahürüdür. Azərbaycanda çox güclü sosial siyasət aparılır və bütün işlərimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Məcburi köçkünlər ən çox əziyyət çəkən insanlardır. Erməni işğalından sonra siz uzun illər çox ağır şəraitdə yaşamısınız. Məcburi köçkünlərin bəziləri hələ də ağır şəraitdə yaşayırlar. Biz bunu bilirik və bütün bu məsələləri ardıcıllıqla həll edirik. Əlbəttə, imkan daxilində.

İlk illərdə maliyyə imkanlarımız o qədər də böyük deyildi. Amma buna baxmayaraq, Dövlət Neft Fondundan birinci ödəmələr ulu öndər Heydər Əliyevin göstərişi ilə məcburi köçkünlərin problemlərinin həlli üçün sərf edilmişdi. O vaxt hələ bizim maliyyə imkanlarımız məhdud olduğu bir dövrdə birinci böyük vəsait məhz bu məqsədlərə istiqamətləndirilmişdi. Bu gün əlbəttə ki, iqtisadi və maliyyə imkanlarımız böyük dərəcədə artmışdır. Ona görə də görülən işlərin həcmi də artmışdır. Yenə də deyirəm, təkcə bu il 600 milyon manatdan çox vəsait bu məqsədlər üçün sərf ediləcəkdir. Bu, böyük məbləğdir. Ancaq o da həqiqətdir ki, hələ də ağır vəziyyətdə yaşayan köçkünlər var - həm Bakıda, həm başqa şəhər və rayonlarda, məktəblərdə, uşaq bağçalarının binalarında, hərbi hissələrin ərazilərində, yataqxanalarda. Bu məsələlər tədricən öz həllini tapacaqdır. Bu il 20 min köçkün yeni mənzillərlə təmin ediləcəkdir. Bu qəsəbədə isə 3500-ə yaxın məcburi köçkün yaşayacaqdır. Bu, əslində bir şəhərcikdir.

Görülən bütün bu işlər bir daha onu göstərir ki, məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Bu günə qədər 140 min məcburi köçkün yeni evlərə, mənzillərə köçürülmüşdür. Yəni bu, böyük bir işdir, elə bil ki, yeni böyük bir şəhər salınmışdır. Onu da bilməliyik ki, dünyada ən çox qaçqın-köçkün olan ölkə Azərbaycandır. Azərbaycanın əhalisi artır. Ancaq, eyni zamanda, məcburi köçkünlərin də sayı artmaqdadır. 1992-ci ildə onların sayı bir milyon idi, indi isə artıq 1 milyon 100 min, bəlkə də 1 milyon 200 min məcburi köçkün vardır.

Əlbəttə ki, bu, böyük maliyyə vəsaiti tələb edən məsələdir. Ancaq yenə də deyirəm, nəzərə alsaq ki, Azərbaycanda sosial siyasət çox uğurla aparılır, birinci növbədə ən böyük vəsait məcburi köçkünlərin problemlərinin həlli üçün nəzərdə tutulmuşdur. Gələcək illərdə də bu siyasət davam etdiriləcəkdir. Ola bilsin ki, gələcək illərdə daha da böyük məbləğlər ayrılacaqdır. Amma onu da bilməliyik ki, keçən il Dövlət Neft Fondundan bütün dövrlərdə ən böyük məbləğ ayrılmışdır - 300 milyon manat. Əvvəlki illərdə 100 milyon, 200 milyon, yəni ötən il 300 milyon manat, bu il də 300 milyon manat təkcə Neft Fondundan ayrılmışdır. Eyni zamanda ilin əvvəlində Prezidentin Ehtiyat Fondundan da 14 milyon manat təxirəsalınmaz tədbirlərin görülməsi üçün ayrılmışdır. İstisna deyil ki, il ərzində ehtiyat fonddan bu məsələlərə yenə də vəsait ayrılacaqdır.

İndi Azərbaycan iqtisadiyyatı o qədər sürətlə inkişaf edir ki, bizim o qədər də böyük maliyyə problemlərimiz yoxdur. Ancaq biz ölkə qarşısında duran problemləri də həll edirik. Əlbəttə ki, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması onların arasında ən böyük diqqətə layiq olan məsələdir. Ancaq digər məsələlər də var - infrastruktur layihələri, abadlıq-quruculuq, yenidənqurma işləri. Dövlət büdcəmizin həcmi artır, amma xərclər də artır və bu məsələləri uğurla həll etmək üçün biz hələ çox işləməliyik.

Ancaq bu gün bir mənzillə tanış olarkən məcburi köçkünlə söhbət əsnasında qeyd etdim və bir daha demək istəyirəm ki, bu, müvəqqəti yaşayış yeridir. Torpaqlarımız işğalçılardan azad olunandan sonra biz bundan da gözəl binalar, evlər tikəcəyik. O cümlədən Zəngilanda və işğala məruz qalan digər rayonlarda bundan da gözəl şərait yaradacağıq. Yəni məcburi köçkünlərin yerləşdirilməsi və köçürülməsi prosesi onu göstərir ki, biz bu imkanlara malikik. Əgər biz 140 min köçkünü artıq yerləşdirə bilmişiksə və hər il 20 min köçkün yeni evlərlə təmin edilirsə, deməli, torpaqlarımız işğaldan azad olunandan sonra tezliklə bütün şəhərləri, kəndləri bərpa edəcəyik, evləri tikəcəyik, şərait yaradacağıq. Mən buna əminəm, buna şübhə etmirəm. Azərbaycanın artan maliyyə, iqtisadi qüdrəti bunu mümkün edəcəkdir.

O ki qaldı əsas məsələnin - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə, Azərbaycanın mövqeyi birmənalıdır. Bu mövqe həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanır. Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa edilməlidir.

Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Hazırda işğal altında olan bütün torpaqlar tarixi torpaqlarımızdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Bunu deməyə əsas verən bir çox amillər vardır. Onların içərisində həm hüquqi, həm siyasi, həm tarixi, həm də iqtisadi amillər vardır.

Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Heç bir ölkə Dağlıq Qarabağı müstəqil qurum kimi tanımır və tanımayacaqdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Bütün beynəlxalq təşkilatlarda qəbul edilmiş qətnamələr bunu göstərir. Yəni bu, məsələnin həlli üçün əsas hüquqi və siyasi şərtlərdir.

Eyni zamanda bölgədə qüvvələr nisbəti artıq bizim xeyrimizə dəyişmişdir. Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir. Ermənistan isə ildən-ilə tənəzzülə uğrayır. Bizim əhalimiz artır - artıq 9 milyon 300 min nəfərdir. Ermənistanın əhalisi hətta onların rəsmi statistik məlumatlarına görə ildə təxminən 100 minə qədər azalır. Ona görə, mən deyəndə tam əminəm ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir, bu amillərə əsaslanıram. Ancaq eyni zamanda, mən də, hər birimiz də çox istəyirik ki, bu məsələ tezliklə həllini tapsın. Biz çox istəyirik təxirəsalınmaz tədbirlər görülsün ki, işğala son qoyulsun. Əfsuslar olsun ki, dünyada mövcud olan ikili standartlar, ikili yanaşma məsələnin həllinə imkan vermir.

Münaqişənin birinci mərhələsində demək olar ki, Ermənistan ilə Azərbaycan arasında hərbi və iqtisadi sahədə paritet mövcud idi. Ancaq biz artıq bu pariteti dəyişdirə bilmişik. Bu gün fərq çox böyükdür. Fərq böyüdükcə beynəlxalq təşkilatlardan və bu məsələ ilə məşğul olan ölkələrdən yeni mesajlar gəlir - məsələ yalnız sülh yolu ilə həllini tapmalıdır, başqa yol ola bilməz.

Ermənistan torpaqlarımızı hərb yolu ilə işğal edib. O vaxt bu işğalın nəticələrini aradan qaldırmaq üçün BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir. Onların heç biri 20 ildir ki, icra edilmir. Necə ola bilər ki, hansısa başqa bir məsələ ilə bağlı qətnamə qəbul edilir və bir gün ərzində dərhal icra edilməyə başlayır, amma bizə gəldikdə 20 ildir ki, məsələ həllini tapmır və biz ancaq    məsələnin sülh yolu ilə həll edilməsini eşidirik. Nəyə görə? Ona görə ki, ikili standartlar vardır. Bizim tam hüququmuz vardır və beynəlxalq hüquq bizə bu imkanları tanıyır ki, biz istənilən yolla ərazi bütövlüyümüzü bərpa edək. BMT-nin Nizamnaməsində bu müddəalar vardır ki, hər bir ölkə özünü müdafiə etmək üçün bütün imkanlardan istifadə etməlidir. Helsinki Yekun Aktında ölkələrin ərazi bütövlüyü prinsipi hər bir başqa prinsipdən üstündür, o cümlədən ölkələrin, xalqların öz müqəddəratını təyinetmə prinsipindən üstündür. Ancaq ədalətsizlik, ikili standartlar, erməni lobbisi və onun dünyadakı havadarları, bir də vasitəçilərin passivliyi deyə bilərəm ki, məsələnin həlli üçün lazımi şəraiti yaratmır. Ancaq buna baxmayaraq, biz öz siyasi və diplomatik səylərimizi daha da böyük əzmlə, iradə ilə davam etdirəcəyik. Beynəlxalq təşkilatlarda fəaliyyətimizi daha da fəallaşdıracağıq. Eyni zamanda, ordu quruculuğu işində daha da ciddi addımlar atılacaqdır. İqtisadi və regional məsələlərdə Ermənistanı indiki təcrid vəziyyətində saxlamaq üçün bütün imkanlardan istifadə edəcəyik. Əminəm ki, bu kompleks tədbirlər nəticəsində və ölkəmizin artan qüdrəti hesabına biz ərazi bütövlüyümüzü tezliklə bərpa edəcəyik.

Bir daha demək istəyirəm, məndə heç bir şübhə yoxdur ki, biz doğma torpaqlarımıza, o cümlədən Zəngilana da, Qarabağa da, Şuşaya da qayıdacağıq və Azərbaycan bayrağı bütün şəhərlərimizdə dalğalanacaqdır. Buna şübhəm yoxdur. Sadəcə olaraq, biz hamımız istəyirik ki, bunu tezliklə həll edək və tezliklə sizi doğma torpağınıza göndərək və orada sizin üçün gözəl binalar, evlər tikək, qəsəbələr, şəhərlər salaq.

Əziz dostlar, sizi bu gözəl hadisə münasibətilə bir daha ürəkdən təbrik edirəm. Eyni zamanda bu qəsəbədə Zəngilan Rayon İcra Hakimiyyəti üçün inzibati bina tikilmişdir. Əli Həsənov mənə dedi ki, əvvəllər icra hakimiyyətinin ümumiyyətlə ayrıca inzibati binası olmayıb. Burada müvəqqəti də olsa, vahid mərkəz yaradılıbdır. Rayonun bütün qurumları da burada olacaqdır. Bu məhəllədə yaxşı yaşamaq mümkün olacaqdır.

Bir daha sizi təbrik edirəm.     

 

* * *

 

Zəngilan rayonundan məcburi köçkün Xuduş İSGƏNDƏROV göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirərək dedi:

- Rayonumuzun ictimaiyyəti, ağsaqqalları adından, şəxsən öz adımdan Sizə dərin minnətdarlığımızı bildirirəm. Çox sağ olun ki, bizə bu cür gözəl şərait yaratmısınız. Siz bu son 10 ildə nəinki çadır şəhərciklərini ləğv etmisiniz, hətta namünasib şəraitdə yaşayan məcburi köçkünlərimiz üçün özünüz dediyiniz kimi, bu cür 78 qəsəbənin tikilib istifadəyə verilməsinə nail olmusunuz. Bu, Sizin məcburi köçkünlərə göstərdiyiniz diqqət və qayğının nəticəsidir. Həm də ulu öndərimizin iqtisadi siyasətinin və onun bütün ideyalarının yaradıcılıqla inkişaf etdirilməsinin nəticəsidir.

Yadımdadır, ulu öndər Heydər Əliyev biz zəngilanlıları böyük bir fəlakətdən qurtardı. Siz bilirsiniz ki, biz iki ay mühasirə şəraitində qaldıq, 250-yə qədər şəhid verdik. Ulu öndər olmasaydı, bəlkə də biz zəngilanlılardan bir nəfər sağ qalmazdı. Ona görə Allah ulu öndərimizə rəhmət etsin. Biz çox fəxr edirik, fərəh duyuruq ki, ulu öndərimizin qurub yaratdığı belə bir dövləti Siz cəsarətlə, mətanətlə, qüdrətlə inkişaf etdirirsiniz. Sizin daxili və xarici siyasətiniz, müdrikliyiniz bizim hamımızın ürəyindəndir.

Biz arzu edirik ki, Sizin işiniz həmişə avand olsun. Sizə möhkəm cansağlığı arzulayırıq. Biz əminik ki, belə bir şəraiti biz Zəngilan torpağında Sizin rəhbərliyiniz altında yaradacağıq. Çünki zəngilanlıların hamısı Sizi dəstəkləyir. Sizi bütün respublika əhalisi dəstəkləyir, eyni zamanda zəngilanlılar bu əhval-ruhiyyədədirlər. Çox sağ olun, Allah Sizi qorusun. Biz Allahdan arzu edirik ki, Sizi Azərbaycan xalqına çox görməsin.

Cənab Prezident, Sizin qaçqın və məcburi köçkünlərin ailələrinə getməyiniz, onların evlərində öz ad günlərinizi, hətta bayram günlərinizi keçirməyiniz bizim hamımıza böyük ruh yüksəkliyi verir. Bu, nə deməkdir? Bu, sadəlik, təvazökarlıq deməkdir. Bu, xalqa diqqətin, qayğının təzahürüdür. Bundan yəqin ki, bütün məmurlar da nəticə çıxaracaqlar. Çox sağ olun. Allah Sizə yar olsun.

Mən siyasətçi deyiləm, lakin bir söz demək istəyirəm. Qoy bütün dünya bilsin ki, nə xaricdə, nə daxildə heç bir qüvvə Azərbaycan xalqının tarixən sınanmış iradəsini qıra bilməz. Biz birmənalı olaraq bugünkü Prezidentimizi dəstəkləyirik, onun ətrafında sıx birləşəcəyik və həmişə ona dəstək olacağıq. Allah Sizə yar olsun, Ulu Tanrı Sizi qorusun!

 

* * *

 

Sonda xatirə şəkli çəkdirildi.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 1 aprel.- S.1-2.