Azərbaycan və Mərakeş parlamentləri
arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri
müzakirə olunmuşdur
Aprelin
1-də Azərbaycan Respublikasının Mərakeş
Krallığındakı səfiri Tarik Əliyev ölkənin
Parlament Nümayəndələr
Palatasının sədri Kərim Ğellab ilə
görüşmüşdür.
Səfirlikdən AzərTAc-a bildirmişlər ki, görüşdə ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrindən, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əhəmiyyət kəsb edən səmərəli münasibətlərdən razılıq ifadə edilmiş, parlamentlərarası əməkdaşlığın daha da inkişaf etdirilməsinin, parlament dostluq qruplarının fəaliyyətinin canlandırılmasının zəruriliyi vurğulanmışdır.
Səfir T.Əliyev ölkəmizin hazırkı iqtisadi inkişafı, neft sektorunda əldə edilən nailiyyətlər, qeyri-neft sektorunun inkişafına yönəldilmiş irimiqyaslı layihələr, Azərbaycan regionlarının inkişafı, yeni infrastrukturların yaradılması barədə Mərakeş Parlamentinin nümayəndəsinə məlumat vermişdir.
Hər iki ölkənin ərazi problemi ilə üzləşdiyini diqqətə çatdıran azərbaycanlı diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi, onun həlli istiqamətində Azərbaycan hökumətinin mövqeyi, ötən əsrin əvvəllərindən başlayaraq, erməni millətçiləri tərəfindən xalqımıza qarşı törədilmiş qanlı cinayətlər, soyqırımı aktları, o cümlədən Xocalı faciəsi barədə danışmışdır.
Səfir T.Əliyev insanlığa qarşı Xocalı faciəsi kimi cinayətlərin dünyanın hər hansı bir nöqtəsində baş verməməsi üçün aparılan təbliğat işinin əhəmiyyətini vurğulamış, bir sıra dost ölkələrin parlamentlərində Xocalı faciəsinin soyqırımı aktı kimi tanındığını diqqətə çatdırmışdır.
K.Ğellab
ölkəmizə səfərə dəvət olunduğu
üçün məmnunluğunu bildirmiş, təşəkkür
və səmimi salamlarının Azərbaycan Respublikası
Milli Məclisinin Sədri Oqtay Əsədova
çatdırılmasını rica etmişdir.
Azərbaycan.-2013.- 2 aprel.- S.3.