Azərbaycan və Xorvatiya
arasındakı əlaqələr
çox uğurla və
sürətlə inkişaf edir
Azərbaycanın Avropada əməkdaşlıq əlaqələrinin inkişafına önəm verdiyi ölkələrdən biri də Xorvatiya Respublikasıdır. Azərbaycan müstəqillik qazandıqdan sonra iki dövlət arasında münasibətlərin inkişafı üçün daha real imkanlar yaranmışdır. Azərbaycan və Xorvatiyanın dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın aktiv fazaya daxil olduğunu təsdiqləməklə bir sıra mühüm nəticələrlə yadda qalmışdır.
Əlverişli coğrafi mövqeyinə, zəngin təbii resurslarına və demokratik inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilmiş Azərbaycanla Xorvatiya Respublikası əməkdaşlığın daha da dərinləşməsinə, respublikamızın avrostrukturlara daha dinamik inteqrasiyasına ciddi maraq göstərir. Rəsmi Zaqreb Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin gerçəkləşməsində əsas söz sahibi kimi çıxış edən Azərbaycanın bütövlükdə Avropanın enerji təhlükəsizliyindəki mühüm rolunu yüksək qiymətləndirir, respublikamızla enerji sektorunda fəal əməkdaşlıq niyyətini izhar edir. Azərbaycan tərəfindən irəli sürülən, xüsusilə, TANAP layihəsi və onun uğurlu icrası Azərbaycan qazının Avropa məkanına gətirilməsinə şərait yaradacaqdır. Xorvatiya Respublikası da bu istiqamətdə Azərbaycanın yaxın tərəfdaşı olacaqdır. Xorvatiya gələcəkdə enerjiyə artan daxili tələbatlarını Azərbaycandan idxal edəcəyi neft və təbii qaz hesabına təmin etmək, beləliklə, həm də alternativ enerji mənbəyi qazanmaq niyyətindədir.
Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Xorvatiyaya rəsmi səfəri iki ölkə arasında əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini bir daha təsdiq etdi. Ölkə başçılarının görüşündə Azərbaycan və Xorvatiya münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanmış, əlaqələrin bundan sonra genişlənəcəyi bildirilmişdir. Xüsusilə, ölkələrimiz arasında energetika, nəqliyyat, investisiyaların qoyuluşu sahəsində əməkdaşlıq üçün çox gözəl perspektivlər olduğu qeyd edilmişdir. Bu səfərin əməkdaşlığın perspektivlərinin müəyyən edilməsi baxımından önəmi vurğulanmış, beynəlxalq və regional məsələlərlə bağlı geniş fikir mübadiləsi də aparılmışdır.
Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb bəyannaməsi imzalanmışdır.
Prezident İlham Əliyev iki ölkə arasında əməkdaşlığın bütün istiqamətlərdə uğurla inkişaf etdiyini bildirdi: "Biz bu gün əməkdaşlığımızın bütün istiqamətlərini geniş müzakirə etdik. Bir daha görürük ki, Xorvatiya ilə Azərbaycan arasındakı əlaqələr çox uğurla və sürətlə inkişaf edir. Sizin Azərbaycana keçən il etdiyiniz səfər və səfərin nəticələri, bu gün keçirdiyimiz danışıqlar və imzalanmış bu mühüm sənəd bir daha bu əlaqələrin strateji xarakterini vurğulayır. Bizim aramızda çox intensiv siyasi dialoq aparılır. Bizim siyasi əlaqələrimiz mükəmməldir. Bu səfər və bu gün apardığımız danışıqlar bunu bir daha təsdiqləyir. Biz belə gözəl zəmin üzərində mütləq güclü iqtisadi tərəfdaşlıq da qurmalıyıq. Bu istiqamətdə artıq mühüm addımlar atılır. Əminəm ki, gələcək illərdə daha da geniş iqtisadi əməkdaşlıq mümkün olacaqdır.
İqtisadi əməkdaşlığın əsas istiqamətlərindən biri olan enerji məsələləri də uğurla öz həllini tapır. Azərbaycan Xorvatiyanı xam neftlə təmin edən ölkələrdən biridir. Bizim sizin bazarınızdakı payımız getdikcə artır. Gələcəkdə Azərbaycanın zəngin qaz resurslarının Avropa qitəsinə çatdırılması nəticəsində Xorvatiya bu sahədə də mütləq bizim tərəfdaşımız olacaqdır".
Rəsmi Zaqreb Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ilk gündən ədalətli və beynəlxalq hüquq normalarına söykənən mövqe tutmuşdur. Xorvatiya Prezidenti İvo Yosipoviç ölkəsinin mövqeyini bir daha nümayiş etdirdi: "Həm Azərbaycan, həm Xorvatiya ciddi problemlərin mövcud olduğu regionda yerləşirlər. Hər iki dövlət həm Qafqazda, həm də Xorvatiyanın cənub-şərqində sabitlik və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır. Xorvatiya Dağlıq Qarabağ və digər ərazilərin işğalı ilə bağlı münaqişələrin sülh yolu ilə həllini dəstəkləyir. Biz beynəlxalq hüquq normalarının tətbiqinin və sülh yolu ilə həllinin tərəfdarıyıq. Buna görə də biz konstruktiv olmağa səylər göstəririk. Biz dialoq, kompromis və regional əməkdaşlıq tərəfdarıyıq. Bu cür yanaşma ilə biz vəziyyətin gələcəkdə daha da sabitləşməsinə töhfəmizi vermək istəyirik".
Azərbaycan Prezidenti İlham Əliyev və Xorvatiya Prezidenti İvo Yosipoviç nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Xorvatiya sənədlərinin imzalanma mərasimi olmuşdur. Bu sırada "Azərbaycan Respublikası hökuməti və Xorvatiya Respublikası hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikası hökuməti və Xorvatiya Respublikası hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikası hökuməti və Xorvatiya Respublikası hökuməti arasında elm və texnika sahəsində əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Gənclər və İdman Nazirliyi və Xorvatiya Sosial Rifah Siyasəti və Gənclər Nazirliyi arasında gənclərlə iş sahəsində anlaşma Memorandumu", "Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Xorvatiyanın Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" və "Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Xorvatiyanın "Plinacro" şirkəti arasında əməkdaşlıq haqqında Memorandum"u misal göstərmək olar. İmzalanan mühüm sənədlər dövlətlərimiz arasında perspektiv əməkdaşlığın inkişafına böyük töhfə verəcəkdir.
Səfər çərçivəsində Prezident İlham Əliyev Xorvatiya parlamentinin sədri Yosip Leko, Baş nazir Zoran Milanoviç ilə də görüşmüşdür. Görüşdə ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olunmuşdur.
Bu
gün Azərbaycan ilə Xorvatiya arasında mövcud olan
münasibətlərin səviyyəsi onu deməyə əsas
verir ki, Azərbaycan avrostrukturlara inteqrasiya prosesində rəsmi
Zaqrebin hərtərəfli dəstəyinə ümid edə
bilər. Xorvatiya isə Cənubi Qafqazın ən
aparıcı və perspektivli ölkəsi sayılan Azərbaycanla
əməkdaşlığı dərinləşdirmək
üçün səylərini daha da artırmaq niyyətindədir.
Elnur HACALIYEV
Azərbaycan.-2013.- 2 aprel.- S.3.