Pirəmsaq döyüşü

 

1918-ci il mart ayının əvvəllərində Ağsu rayonundakı Bico kəndinin könüllü döyüşçüləri erməni hərbi dəstəsinə Pirəmsaq deyilən yerdə qan uddurmuşlar.

Bolşeviklərin dəstəyi ilə azərbaycanlıların soyqırımını həyata keçirən erməni silahlı quldur dəstələri 1918-ci ilin mart ayında Bakı-Kürdəmir yolu ilə irəliləyərək kəndlərdə, qəsəbələrdə, müsəlmanların soyqırımını həyata keçirirdilər. Azərbaycanda xalqı müdafiə etmək iqtidarına malik hökumətin olmaması bir çox yaşayış məntəqələri kimi Bico kəndini də taleyin ümidinə buraxmışdı. O zaman Şamaxıda yaşayan, nüfuz sahibi Babaş əfəndi Mikayılzadə həmkəndlisi Şahalı yüzbaşı ilə bir neçə dəfə görüşərək Biconun müdafiəsi üçün müvafiq təlimatlar vermişdi. Kişilər qadınları və uşaqları dərələrdə gizlədərək məğlub olacaqları halda onlara dağlara qaçıb gizlənməyi tapşırmışdılar. Silahlı erməni dəstələri Bağırlı, Ləngəbiz və Qəşəd kəndlərini viran qoyub Bicoya yaxınlaşdıqda Şahalı yüzbaşı quldur dəstəsinin qarşısına çıxmış, kəndə girməyəcəkləri təqdirdə onlara mal-qara, qızıl təklif etmişdi. Ermənilər razılaşmayıb onsuz da kəndi ələ keçirib talan edəcəklərini bildirmişdilər. Balta, yaba, xəncər, dəryaz və bir neçə tüfənglə silahlanan bicolular Pirəmsaq deyilən ərazidə təxminən 400 nəfərdən ibarət erməni hərbi dəstəsinin qarşısına çıxmışdılar. Kəndin yaşlı nəslinin söylədiklərinə görə, bu döyüşdə tüfəngdən açılan ilk atəşlə erməni hərbi dəstəsinin başçısı öldürülmüş, düşmənin çaşbaş düşdüyünü görən bicolular hücuma keçmişdilər. Özləri də tələfat vermələrinə baxmayaraq, erməni silahlı dəstəsini darmadağın etmişlər. Pirəmsaq döyüşündə ermənilərdən cəmi altısı qalsa da, dördü Bico kəndinin yaxınlığında öldürülmüş, ikisi özlərini Şamaxıya yetirib erməni quldur birləşmələrinin komandanı Stepan Lalayanı məlumatlandırmışdılar.

Bundan qəzəblənən Şamaxıdakı erməni hərbi dəstələri Səndələn (Bico) zirvəsindən iki döyüş topu yerləşdirərək Bico kəndini atəşə tuturlar. Nəticədə kənddəki bir neçə tikili ilə yanaşı, XII əsrə məxsus məscid də dağıdılır. Bu, azmış kimi, Bakıdakı daşnak və bolşeviklərdən əlavə qüvvə alıb Şamaxıdakı erməni birləşmələrini də onlara qoşub Bico kəndinə daha böyük sayda qoşun yeritmək qərarına gəlirlər. Bu plandan da xəbər tutan bicolular kənd əhalisini qırğına verməmək üçün onları Ağsu, sonra da Göyçay istiqamətinə köçürürlər. Əhalinin köçürülməsində xüsusi xidmətləri olmuş Əlvan kişinin adı indiehtiramla yad edilir. Sakinlərinin tərk etdiyi kənd daşnaklar tərəfindən dağıdılaraq yandırılır. Həmin ilin iyun ayında Azərbaycan və Osmanlı türklərindən ibarət Qafqaz İslam Ordusunun qoşunları bolşevik-daşnak terrorçu birləşmələrini Göyçay döyüşündə - Bakıya tərəf çəkilməyə məcbur edəndə bicolular kəndlərinə qayıdırlar.

Sonralar Şamaxıda yaşayan ermənilər Babaş əfəndi Mikayılzadənin iki qaynını ailə üzvləri ilə birlikdə işgəncəylə öldürürlər. Yeri gəlmişkən, Pirəmsaq döyüşü barədə məlumatlar bir çox tarixi mənbələrdə də öz əksini tapıb. 1918-ci il 11-12 noyabr tarixli Sorğu Protokolunda Şamaxı pristavı Cəbrayıl bəy Cəbrayılbəyovun qeydlərində Bakıdan Şamaxıya qayıdan erməni hərbi dəstəsi ilə bağlı deyilir: "1918-ci ilin mart ayında şəhər başçısı Teymur bəy Xudaverdiyevdən və müsəlman milli komitəsindən məlumat almışdır ki, Bakıdan Kürdəmir istiqamətində ordudan tərxis olunmuş 400 nəfər erməni Şamaxıya gəlir. Bakı müsəlman milli komitəsi xahiş edib ki, onları qara fikirlərindən çəkindirsinlər. Müsəlman milli komitəsi Ağsu şəhərinə nümayəndələr göndərdi, lakin səhərisi gün Şamaxıda eşitdik ki, həmin dəstə bölünüb ayrı-ayrı kəndlərə hücum ediblər. Bico və Ləngəbiz kəndlərinə hücum etmişlər... Ermənilərlə atışma Bico dağlarında başlayıb. Ermənilər və müsəlmanlar tərəfindən adamlar öldürülüb. Hirslənmiş ermənilər bu barədə Bakı erməni komitəsinə məlumat çatdırıblar. Qısa müddətdən sonra Şamaxıya 3 minə qədər erməni gətirildi. Bundan xəbər tutan yerli müsəlman İcraiyyə Komitəsi, Şamaxı uyezdinin rəisi Hacımalıbəyov və uyezd qazisi Abdulxalıq Əfəndi Əfəndiyev erməni yepiskopunun yanına göndərildi ki, yaraqlıları geri qaytarsın. Lakin erməni yepiskopunun cavabı qəti oldu: "Biz gəlmişik ki, bütün müsəlmanları qılıncdan keçirək".

1918-ci ilin iyun ayında Azərbaycan Xalq Cümhuriyyətinin göstərişi ilə yaradılmış Fövqəladə İstintaq Komissiyasının Şamaxı uyezdində qətlə yetirilmiş, yaralanmış insanlar barədə məlumatı əks etdirən sənədlərdə sadalanan 58 yaşayış məntəqəsi içərisində Biconun adının olmaması Stepan Şaumyanın başçılıq etdiyi ermənilərin burada məqsədlərinə çata bilməmələrinə daha bir sübutudur.

SSRİ dönəmində bolşevik ideoloqları nə qədər unutdurmağa çalışsalar da, nəinki bicoluların, Şirvanın yaxın kəndlərinin, eyni zamanda, Şamaxı əhalisinin də hafizəsindən bu hadisəni silə bilməmişlər. Şamaxı Rayon Polis Şöbəsinin keçmiş zabitlərindən olan Fazil Gülverdi oğlu Şamilovun xatirələrindən: "Qarabağ münaqişəsi başlayanda Mədrəsəyə (Şamaxı rayonunun həmin dövrdə ermənilər məskunlaşmış kəndi) getmişdim. Erməni qadınları yas qurub, Bicodan gəlib, bizi qıracaqlar, - deyə ağlayırdılar. Ermənilər Bico kəndinin əhalisindən sonralar da qisas almaq istəsələr də, bu arzuları həmişəlik ürəklərində qaldı".

 

 

Zəka MİRZƏYEV,

Ağsu

 

Azərbaycan.-2013.- 2 aprel.- S.4.