İstanbul Türkiyə-Azərbaycan Dərnəyi bəyanat yaymışdır

 

İstanbul Türkiyə-Azərbaycan Dərnəyi 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yaymışdır.

Dərnəyin sədri Səfər Karakoyunlunun açıqladığı bəyanatda bildirilir ki, Türkiyədə 31 Mart Soyqırımı günü və Xocalı soyqırımı bütün platformalarda anladılmalıdır. Qətliamları törədənlər isə dünya ictimaiyyəti qarşısında hesab verməli, beynəlxalq hüquq çərçivəsində cəzalarını almalıdırlar. Bəyanatda qeyd olunur ki, XX əsrin əvvəllərində erməni quldur dəstələri Anadolu torpaqlarında və Azərbaycanda dinc əhaliyə qarşı dəhşətli qətliamlar törətmişlər. 1918-ci il martın 31-də başlamış bu vəhşiliklərin qarşısını Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu almışdır.

S.Karakoyunlu onu da əlavə etmişdir ki, qondarma "erməni soyqırımı" təbliğatına dəstək verənlər Azərbaycanın Quba rayonunda kütləvi məzarlığı, İğdır, Ərzurum və Ərdahanda qətliamların  bütün dəlilləri ilə saxlanılmış izlərini görməlidirlər.

Dərnəyin internet saytında Qubadakı kütləvi məzarların fotoşəkilləri və videogörüntüləri də yerləşdirilmişdir.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.-2013.- 2 aprel.- S.4.