Sankt-Peterburqda Azərbaycanlıların
Soyqırımı Gününə həsr edilmiş elmi-praktik konfrans keçirilmişdir
Martın
31-də Sankt-Peterburqda Azərbaycanlıların
Soyqırımı Gününə həsr edilmiş
elmi-praktik konfrans keçirilmişdir. AzərTAc xəbər
verir ki, tədbir Azərbaycanın Sankt-Peterburqdakı Baş
konsulluğu və "Vətən" ictimai təşkilatı
tərəfindən təşkil edilmişdir.
Baş
konsul Qudsi Osmanov tədbirdə çıxış
etmişdir. O, XX əsrin əvvəlində baş vermiş
faciəli hadisələrə toxunmuş, dünyanın
bütün ölkələrində yaşayan azərbaycanlılar
tərəfindən ölkə reallıqlarının
dünyaya çatdırılması üçün
aparılan təbliğat işinin əhəmiyyətini
vurğulamışdır. Baş konsul Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə keçirilən "Xocalıya ədalət"
kampaniyasının uğurlarını xüsusi qeyd
etmişdir.
"Vətən"
ictimai təşkilatının rəhbəri Məzahir Həsənov
bu gün erməni işğalı altında olan qədim Azərbaycan
əraziləri haqqında söhbət açaraq qeyd
etmişdir ki, azərbaycanlıların gənc nəsli harada
yaşamasından asılı olmayaraq öz tarixini bilməlidir.
Digər
natiqlər işğal edilmiş ərazilərdə ermənilərin
özbaşınalıqlarından söhbət açaraq, gəncləri
Azərbaycan tarixini daha fəal öyrənməyə
çağırmışlar.
Azərbaycan
diasporunun və gənclərin fəal nümayəndələri
belə tədbirlərin keçirilməsinin əhəmiyyətini
vurğulamışlar.
Sonda "Ermənilərin
Azərbaycan ərazilərinə köçürülməsi.
Azərbaycanlıların soyqırımı" adlı sənədli
film nümayiş etdirilmişdir. Tədbir çərçivəsində
Azərbaycanın tarixinə həsr edilmiş
fotosərgi təşkil edilmişdir.
Azərbaycan.-2013.- 2 aprel.- S.4.