Regional inkişafa dövlət dəstəyinin rolu

 

Müasir dövrdə inkişaf proseslərinin davamlılığını təmin edən başlıca amillərdən biri də qarşıda duran strateji hədəflərin düzgün müəyyənləşdirilməsidir. Məhz bu cür məqsədyönlü, uzaq perspektivlərə hesablanmış inkişaf strategiyası iqtisadi sahədə qazanılan uğurların ardıcıllığını təmin edərək ölkə əhəmiyyətli qlobal layihələrin reallaşdırılmasına imkan verir. Bu gerçəkliyə nəzərən əminliklə demək olar ki, Azərbaycanın son illərdə ictimai həyatın bütün sahələrində əldə etdiyi möhtəşəm nailiyyətlər də konkret məqsədlərə yönəlmiş çevik və praqmatik iqtisadi siyasətin nəticəsidir.

Hərtərəfli müasirləşməyə zəmin yaradan bu iqtisadi siyasət son 10 ildə həm də milli inkişaf modelinin formalaşmasını təmin edən başlıca amilə çevrilmiş, iqtisadi, siyasi və hüquqi islahatların paralelliyi prinsipinin gözlənilməsi səmərəli nəticələrə yol açmışdır. 2003-cü ildən respublikamızın regionda analoqu olmayan inkişaf mərhələsinə qədəm qoyması, ümumi daxili məhsulun artım tempi, büdcə gəlirlərinin ildən-ilə əhəmiyyətli dərəcədə çoxalması iqtisadi sektorda islahatların genişləndirilməsinə, sosial-mədəni modernləşməyə imkan yaratmışdır. 2009-cu ildə iqtisadi sahədə keçid dövrünü başa vuran Azərbaycan mövcud uğurlarının qorunub saxlanılması üçün daxili potensialını məqsədyönlü şəkildə səfərbər edərək inkişaf perspektivlərini düzgün müəyyənləşdirməyə çalışır.

Ölkəni davamlı tərəqqi və yüksəliş yoluna çıxaran Prezident İlham Əliyevin bu və digər uğurlarının səbəbi təkcə onun öz fəaliyyətini ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm zəmin üzərində qurması ilə məhdudlaşmır. Burada ikinci mühüm amil cənab İlham Əliyevin müasir düşüncəli siyasi lider kimi yeni iqtisadi münasibətlər sisteminə dərindən bələd olması, modernləşməyə xidmət edən islahatları uğurla həyata keçirməsidir. Başqa sözlə, dövlət başçısı İlham Əliyev keyfiyyətcə yeni mərhələdə Azərbaycanın müasir dövlətə çevrilməsini, tam müstəqil siyasət yürütməsini, ən əsası, inkişaf etmiş ölklələr səviyyəsinə yüksəlməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirmişdir.

Azərbaycanı müasir və inkişaf etmiş qüdrətli dövlətə çevirmək məqsədi deklarativ bəyanatlardan uzaq olub real fəaliyyət mexanizmlərinə əsaslanır. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində Azərbaycanın gələcək inkişaf perspektivlərini dərin elmi əsaslarla müəyyənləşdirən konseptual əhəmiyyətli sənəddir. Konsepsiyada qeyri-neft  sektorunun -  turizmin, aqrar sahənin və İKT-nin inkişafı strateji istiqamətlər kimi müəyyən edilmişdir. Sənəddə bu məqsədlərin reallaşdırılması baxımından regional inkişaf tədbirlərinin də əhəmiyyəti xüsusi diqqətə çəkilir. Konsepsiyaya əsasən, 2020-ci ilədək ölkədə adambaşına düşən ÜDM-in həcminin iki dəfədən çox artırılaraq 13 min ABŞ dollarına çatdırılması nəzərdə tutulur. Həmin dövrədək Dünya Bankının adambaşına düşən ümumi milli gəlir təsnifatına görə Azərbaycanın "yuxarı orta gəlirli ölkələr", habelə BMT İnkişaf Proqramının insan inkişafı ilə bağlı təsnifatına görə "yüksək insan inkişafı ölkələri" qrupunda üstün mövqelərə yüksəlməsi hədəflənir. Respublikamızın regionun ticarət mərkəzinə çevrilməsi, qeyri-neft sektoru üzrə adambaşına düşən ixrac həcminin 1000 ABŞ dollarına çatdırılması proqnozlaşdırılır. Konsepsiyanın əhatə etdiyi dövr ərzində qeyri-neft sektoru üzrə ÜDM-in orta illik artım tempinin 7 faizdən çox olması məqsəd kimi qarşıya qoyulur.

Dövlətin iqtisadi siyasətində regional inkişaf tədbirlərinin prioritet istiqamətə çevrilməsi əsaslı yanaşma olaraq tərəqqi prosesində davamlığı təmin etmək, cəmiyyətin davamlı inkişafı üçün etibarlı zəmin hazırlamaq məqsədindən irəli gəlir. Bu baxımdan, tarazlı və davamlı regional inkişafa, qeyri-neft sektorunun yüksəlişinə, infrastrukturun müasirləşdirilməsinə, neft amilindən asılılığın azaldılmasına, sahibkarlıq mühitinin liberallaşdırılmasına, yoxsulluğun səviyyəsinin aşağı salınmasına, güclü insan kapitalının formalaşdırılmasına xidmət edən islahatlar hökumətin diqqət mərkəzindədir.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ildönümünə həsr olunmuş konfrans bölgələrin inkişafı yolu ilə qeyri-neft sektorunun ümumi daxili məhsuldakı xüsusi çəkisinin artırılmasının iqtisadi siyasətin ana xətti olaraq qaldığını təsdiqləyir. Konfransın yekunları deməyə əsas verir ki, Prezident İlham Əliyev son 10 ildə sosial ədalət prinsipinin qorunması baxımından respublikanın hər bir bölgəsinin potensial və imkanları nəzərə alınmaqla proporsional inkişafını vacib saymış, bu istiqamətdə sistemli və ardıcıl tədbirlər həyata keçirilməsini hökumət qarşısında başlıca vəzifələrdən biri kimi müəyyənləşdirmişdir.

Azərbaycan müstəqillik qazandıqdan sonra müəyyən dövrdə iri şəhərlərin daha sürətlə inkişaf etməsi, rayonların və kəndlərin isə tərəqqi prosesindən geridə qalması kimi neqativ tendensiya ilə üzləşmişdi. Paytaxt və digər böyük şəhərlərin, iri yaşayış massivlərinin kənd və qəsəbələrə nisbətən daha sürətlə inkişaf etməsinə təkcə postsosialist dövlətlərində deyil, ümumilikdə bütün inkişaf etmiş dövlətlərdə geniş rast gəlinir. Urbanizaya prosesi - şəhərlərə yüksək axın hazırda bütün dövlətləri qayğılandıran və ciddi fəsadlarla müşayiət olunan qlobal problemdir. Problemin miqyasını və Azərbaycan üçün aktuallığını nəzərə alan Prezident İlham Əliyev hələ Nazirlər Kabinetinin 17 noyabr 2003-cü ildə keçirilmiş ilk iclasında regionların tarazlı və davamlı inkişafını hökumətin qarşısında başlıca vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Bu zaman o prinsip önə çəkilmişdir ki, dövlət hansı iqtisadi-coğrafi zonada yaşamasından asılı olmayaraq hər bir vətəndaşının sosial-mədəni və intellektual yüksəlişinə çalışmalıdır. Bu, ilk növbədə cəmiyyətdə sosial ədalət prinsipinin qorunması baxımından vacibdir.

Prezidentin 11 fevral 2004-cü il tarixli "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı"nın təsdiq edilməsi barədə" fərmanı da ilk növbədə regionların qeyri-proporsional inkişafının qarşısını almağa xidmət edən təkmil konsepsiya olmuşdur. İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, məhsuldar qüvvələrin proporsional yerləşdirilməsi təmin olunmadığı halda hər hansı inkişafdan söhbət gedə bilməz. Dövlət proqramı regionlarda sahibkarlığın inkişafını sürətləndirməklə oradakı əmək ehtiyatlarından, təbii və iqtisadi resurslardan kifayət qədər səmərəli istifadə etməklə iqtisadiyyatın dinamik inkişafı, əhalinin məşğulluğunun artırılması, yoxsulluğun səviyyəsinin azaldılması məsələlərini özündə ehtiva etmişdir. Bölgələrdə yaşayan vətəndaşların zəruri arzu və istəkləri, eləcə də onları illərdən bəri narahat edən, qayğılandıran sosial problemlərin həlli fərmanda dolğunluğu ilə əksini tapmışdı. Dövlət proqramı regionların inkişafına yönəlməklə yanaşı, həm də yerlərdə sosial infrastrukturun yeniləşməsini, nəqliyyat-kommunikasiya sisteminin bərpasını, turizmin inkişafını, habelə elmi-texniki tərəqqini, mədəni yüksəlişi, müasir informasiya texnologiyalarının, innovasion yeniliklərin tətbiqi məsələlərini özündə ehtiva edirdi.

Prezident İlham Əliyev sözügedən konfransdakı nitqində regional inkişaf proqramlarının qəbulu zərurəti ilə bağlı demişdir: "2004-cü ilin əvvəlində proqramın qəbul edilməsinin bir neçə səbəbi var idi. İlk növbədə bölgələrin inkişafı, əlbəttə ki, diqqət mərkəzində duran vəzifə idi. Bölgələrin inkişafı üçün infrastruktur layihələrinin icrası məsələləri qarşıda dayanmışdı. Eyni zamanda, sahibkarlığın inkişafı, dövlət dəstəyinin gücləndirilməsi və bütün bu məsələlərin bir-biri ilə əlaqəli şəkildə həll edilməsi proqramın əsas mahiyyətini təşkil edirdi. Yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, iş yerlərinin yaradılması və beləliklə, yoxsulluğun, işsizliyin aradan qaldırılması məsələləri də böyük əhəmiyyət kəsb edirdi. Yəni regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı, əslində, ölkəmizin uğurlu, dayanıqlı inkişafı, iqtisadiyyatımızın şaxələndirilməsi üçün ən vacib və ən əsas iqtisadi alətə çevrilmişdir".

Regional inkişafa kompleks məsələ kimi yanaşan dövlət başçısı İlham Əliyev regionların sosial-iqtisadi inkişafı ilə bağlı birinci Dövlət Proqramında nəzərdə tutulmamış bir sıra məqsədlərin gerçəkləşdirilməsi üçün 2009-2013-cü illəri əhatə edən analoji proqramın hazırlanmasını da diqqət mərkəzində saxlamışdır. Dövlət başçısı belə bir sənədin hazırlanması barədə hələ 2007-ci ildə - regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının imzalanmasının dördüncü ilinə həsr olunmuş müşavirədə məlumat vermişdi. Xüsusi vurğulamışdı ki, qarşıda duran vacib vəzifələrdən biri də məhz Azərbaycanın regionlarında formalaşdırılan infrastrukturun Avropa Birliyi meyarlarına çatdırılmasıdır. Dövlət başçısı İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" son iki ildə müsbət nəticələrini qabarıq göstərir. Proqram bu sahədə həyata keçirilən siyasətin davamı olaraq qeyri-neft sektorunun inkişafını sürətləndirmiş, iqtisadiyyatın şaxələndirilməsinə, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına imkan yaratmışdır.

Konfransda səslənən məlumatlar göstərir ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" bölgələrin davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün kompleks tədbirlər müəyyənləşdirməklə yanaşı, iş adamlarının fəaliyyəti üçün də yaxşı imkanlar açmışdır. Ötən 10 ildə milli sahibkarlar sinfinin formalaşmasına xidmət edən məqsədyönlü siyasət iqtisadi inkişaf prosesinə mühüm təsir göstərmiş, Azərbaycanda bazar iqtisadiyyatına keçid prosesinin daha da sürətlənməsinə təkan vermişdir.

Müasir dünya reallığı göstərir ki, iqtisadi və sosial inkişafın aparıcı amillərindən birinə çevrilən özəl sektor olmadan əhalinin maddi rifah halının dinamik yüksəlişi mümkün deyildir. Dinamizm, təşəbbüs, yenilik, yüksək məhsuldarlıq anlayışları ilə assosiasiya təşkil edən sahibkarlığın inkişafı tərəqqi prosesinin sürətləndirilməsi ilə yanaşı, inkişafa yönəlmiş çoxsaylı yeni ideyaların ərsəyə gəlməsində də mühüm rol oynayır. Prezident İlham Əliyev ötən illərdə ölkədə özəl sektorun dinamik inkişafına təkcə sosial-iqtisadi yüksəliş xəttinin deyil, həm də demokratikləşmə prosesinin ardıcıllığını, vətəndaş hüquq və azadlıqlarının etibarlı şəkildə qorunmasını təmin edən başlıca vasitələrdən biri kimi yanaşmışdır. Çünki özəl sektorun inkişafı, halal yolla maddi imkanlarını artıran vətəndaşların sayının artması dünyanın bütün demokratik ölkələrində olduğu kimi, Azərbaycan cəmiyyətində də sabitlik və tərəqqinin, demokratikləşmə prosesinin hərəkətverici qüvvəsi sayılan milli burjuaziyanın, orta təbəqənin əhatəsini genişləndirir.

Hələ 2004-cü il fevralın 1-də Bakı Biznes Mərkəzində yerli sahibkarlarla görüşən dövlət başçısı onları narahat edən məsələləri diqqətlə dinləmiş, sahibkarları dəstəklədiyini, iş adamlarına gələcəkdə lazımi köməyi göstərəcəyini bəyan etmişdir. Dövlət rəhbəri sonrakı mərhələdə inhisarçılıq, sahibkarlara süni maneələrin yaradılması, hüquq-mühafizə orqanlarının iş adamlarının fəaliyyətinə müdaxiləsi hallarını pisləmiş, bu münasibət konkret qərarlarla müşayiət olunmuşdur. Ötən illərdə istehsal sahibkarlığının inkişafına göstərilən maddi-texniki, metodiki və konsultativ dəstək nəticə etibarı ilə rəqabətədavamlı məhsul istehsalında əsaslı dönüşə imkan yaratmışdır. İnfrastrukturun müasirləşdirilməsi, iş adamlarına istehsalyönümlü müəssisələrin açılması üçün güzəştli kreditlərin verilməsi, investisiyaların cəlbinə mane olan bürokratik amillərin aradan qaldırılması, o cümlədən elektron xidmətlərin həcminin genişləndirilməsi tədbirləri bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Son illər respublika regionlarında müasir tələblərə cavab verən və yüksək texnologiyalarla təchiz olunan yeni sənaye və emal müəssisələrinin istifadəyə verilməsi dünya bazarlarına rəqabətədavamlı məhsulların çıxarılmasına, bütövlükdə ixracın şaxələndirilməsinə imkan yaratmışdır.

Regional inkişaf proqramları ilə yanaşı, "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı", "Sahibkarlığa dövlət maliyyə dəstəyinin göstərilməsi sahəsində əlavə tədbirlər haqqında", "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydalarının təkmilləşdirilməsi haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikasında azad iqtisadi zonaların yaradılması haqqında", "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında", "Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə" və s. fərman və sərəncamlar, qanunlar, dövlət proqramları sahibkarlığın inkişafına təkan vermiş, qeyri-neft sektorunun inkişafını stimullaşdırmışdır. Mərkəzdə və regionlarda infrastrukturun yeniləşdirilməsinin, respublikanın ən müxtəlif bölgələrində modul tipli elektrik stansiyaların qurulmasının, əyalətlərin mavi yanacaqla təchizatının özü də dövlətin özəl sektora dəstəyinin tərkib hissəsidir.

Konfransda qeyd olunduğu kimi, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2003-cü ildən bəri 15 mindən çox sahibkara güzəştli kredit ayrılmışdır. Güzəştli kreditlər hesabına maliyyələşdirilmiş layihələrin reallaşdırılması 104 mindən çox yeni iş yerinin açılmasına imkan yaratmışdır. Ötən il sahibkarlara 128 milyon güzəştli kredit verildiyi halda, bu il həmin məbləğin 250 milyon manatdan çox olacağı gözlənilir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, 2012-ci ildə regionlarda 44500 və ya 2011-ci ildəkindən 17 faiz çox vergi ödəyicisi qeydiyyatdan keçmiş, regionlar üzrə vergi daxilolmaları 4,8 faiz artmışdır. Eləcə də 410-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlamış, 400-dən çox müəssisənin isə tikintisi davam etdirilmişdir.

Dövlət başçısının konfransda qeyd etdiyi kimi, regional inkişaf proqramları son illərə qədər respublikamızda özünü ciddi sosial problemlərdən biri kimi göstərən işsizliyin də səviyyəsinin azalmasına, məşğulluq səviyyəsinin yüksəlməsinə imkan yaratmışdır. Avropa ölkələrindən fərqli olaraq, 2012-ci il Azərbaycanda işsizlik probleminin həlli baxımından uğurlu mərhələ olmuşdur. Ötən ilin yanvarında 5,6 faiz təşkil edən işsizik səviyyəsi ilin sonunda 5,2 faizə enmişdir. Ötən il qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması istiqamətində həyata keçirilən sistemli tədbirlər əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eləcə də ölkənin məşğulluq strategiyasının səmərəliliyinə imkan vermişdir. 2003-cü ildən ötən ilin sonunadək ölkədə 1 milyon 117 mindən çox iş yeri açılmışdır.

Bütün bunlarla yanaşı, korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi də sahibkarlıq mühitinin liberallaşmasına müsbət təsir göstərir.  2007-ci il 28 iyul tarixli "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" çərçivəsində normativ-hüquqi bazanın, institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətinin açıq hökumət prinsiplərinə uyğunlaşdırılması, qərarların qəbulu prosesində ictimaiyyətin iştirakının genişləndirilməsi, şəffaflığın artırılması, beynəlxalq öhdəliklərin icrasının təmin edilməsi məqsədilə ölkə başçısı 2012-ci il 5 sentyabr tarixdə "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın və "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında" sərəncam imzalamışdır.

"Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın konkret olaraq 12-ci maddəsində sahibkarlıq sahəsində mühitin liberallaşdırılmasına xidmət edən tədbirlər əksini tapmışdır. Həmin maddədə sahibkarların dövlət orqanları ilə münasibətlərində qarşılaşdıqları problemlərin öyrənilməsi və onların həlli üçün tədbirlərin müəyyənləşdirilməsi; sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin inkişaf etdirilməsi, o cümlədən reyestrə informasiya ötürülməsinin avtomatlaşdırılması; sahibkarlıq sahəsində qanunsuz yoxlamalar barədə məlumatların qəbul edilməsi üçün elektron portalın və telefon xidmətinin təkmilləşdirilməsi; qanunsuz yoxlama keçirilməsi, yoxlamaların təyin edilməsi, keçirilməsi və nəticələrinə əsasən tədbirlər görülməsi sahəsində yoxlayıcıların və yoxlayıcı orqanların məsuliyyətinin müəyyənləşdirilməsi üzrə təkliflərin hazırlanması və s. nəzərdə tutulmuşdur.

Prezident İlham Əliyevin 13 iyul 2012-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılmışdır. Agentlik "ASAN xidmət" mərkəzlərini yaratmaqla, onların vahid şəkildə idarə edilməsini, xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini təmin edən dövlət orqanı kimi fəaliyyət göstərir. İdeyanın maraqlı cəhətlərindən biri odur ki, həmin xidmətlər şərti müəyyən edilmiş "bir qapı" prinsipi üzrə təqdim edilir. Belə ki, vətəndaş yalnız bir qapıdan daxil olmaqla bir mərkəzdən (bir inzibati binadan) ayrı-ayrı dövlət qurumlarının müxtəlif xidmətlərindən eyni məkanda və eyni vaxtda yararlana bilir. Adından göründüyü kimi, yeni mərkəzlər insanların, eləcə də sahibkarların işini asanlaşdırır, onların neqativ hallarla üzləşməsinin qarşısını alır.

Bütün bunlarla yanaşı, sahibkarlıq subyektlərinin xarici bazarlara çıxış imkanlarının genişləndirilməsinə də hökumət səviyyəsində ciddi dəstək verilir. Bu məqsədlə yaradılmış İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ölkə sahibkarlarının ixrac potensialının artırılmasında, investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində sahibkarlara dəstək verir. Sahibkarların işgüzar əlaqələrinin inkişafı məqsədilə həm ölkə daxilində, həm də xaricdə müxtəlif biznes forumları, sərgilər, seminar və konfranslar keçirilir. Bu cür tədbirlər yerli iş adamlarının tanıdılması, məhsulların xarici bazarlara çıxarılması, işgüzar müqavilələrin imzalanması, xarici işgüzar əlaqələrin inkişafı baxımından əhəmiyyətlidir.

Ölkəyə investisiya qoyuluşları sahəsində dövlət siyasətini vahid mərkəzdən tənzimləmək, respublikanın investisiya cəlbediciliyinin daha da artırılması baxımından hələ 2006-cı ildə Dövlət İnvestisiya Şirkətinin yaradılmasının da mühüm əhəmiyyəti olmuşdur. Şirkətin başlıca vəzifəsi ölkə iqtisadiyyatına investisiyaların təşviqini təmin etmək, bu sahədə mövcud problemlərin aradan qaldırılmasına çalışmaqdır. Şirkət eyni zamanda xarici sərmayədarlarla birgə layihələr həyata keçirməklə, onlarda inam və etimadın güclənməsini təmin edir.

Qürur doğuran haldır ki, bu gün Azərbaycan investisiya cəlbediciliyinə görə dünyanın öndə olan dövlətlərindəndir. Regionların sosial-iqtisadi inkişafına həsr olunmuş konfransda qeyd olunduğu kimi, 2003-2012-ci illərdə respublikanın iqtisadiyyatına 130 milyard dollar investisiya qoyulmuşdur. 2012-ci ildə Azərbaycan iqtisadiyyatına 22,1 milyard dollar investisiya qoyulmuşdur və bunun da 13 milyardı yerli investisiyalar olmuşdur. Azərbaycan bu gün həm də böyük investor dövlət kimi çıxış edir, sahibkarlarımız digər ölkələrin iqtisadiyyatına iri həcmdə sərmayə yatırırlar. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ildönümünə həsr olunmuş konfransda Prezident İlham Əliyev bunu müsbət hal kimi qiymətləndirərək demişdir: "Bəlkə də bu, bilavasitə regionların inkişafı ilə bağlı məsələ deyildir. Ancaq onu da qeyd etmək istəyirəm ki, biz xaricə qoyulan investisiyaların coğrafiyasını genişləndiririk. Biz regiondan başlamışıq. Biz ən çox investisiyaları region ölkələrinin iqtisadiyyatına qoyuruq. Ondan sonra investisiyaların bir hissəsini artıq Avropa ölkələrinə qoymağa başlamışıq. Hazırda, hesab edirəm ki, investisiya qoyuluşu üçün perspektivli olan bölgə Asiya qitəsidir. Asiya ölkələri ilə bütövlükdə bizim münasibətlərimiz çox uğurla, çox müsbət inkişaf edir. Bu münasibətlər bütövlükdə qarşılıqlı hörmət, etimad, bir-birinin işinə qarışmamaq, bir-birinə dərs oxumamaq prinsipləri əsasında qurulubdur. Ona görə bu güclü siyasi əlaqələri nəzərə alaraq, biz Asiya ölkələri ilə iqtisadi əməkdaşlığı daha da dərinləşdirməliyik".

Hökumət bir sıra ölkələrdə qlobal böhranın davam etdiyi bir şəraitdə  özəl sektora müəyyən büdcə itkisi hesabına başa gələcək güzəştli addımlarını davam etdirir. "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli Qanunu isə Vergi Məcəlləsinə son illərdə edilmiş ən çoxsaylı dəyişikliklər paketidir. Dəyişiklikləri qruplaşdırsaq, bu, vergi siyasətinin dörd istiqamətini əhatə edir: bunlar vergi ödəyicilərinin hüquqlarının müdafiəsi, vergi ödəyicilərinin mənafelərinin qorunması, vergi inzibatçılığının və vergi nəzarətinin təkmilləşdirilməsidir. Məcəllədə nəzərdə tutulmuş dəyişikliklər vergi ödəyicilərinin, sahibkarların mənafeyinə tam cavab verməklə, onların maliyyə imkanlarını genişləndirir. Bu baxımdan məcəllənin ƏDV-dən azadolmalara dair maddəsində edilmiş dəyişikliklərə əsasən, iştirak paylarının və səhmlərin satışı, eləcə də pullu təhsil xidmətləri ƏDV-dən azad olunmuşdur. Bunlar da öz növbəsində təhsil sahəsinin və qiymətli kağızlar bazarının inkişafına öz müsbət təsirini göstərəcəkdir. Sözsüz ki, 18 faiz vəsait təhsil müəssisələrinə bir tərəfdən yeni texnologiyaların və avadanlıqların alınmasına, işçilərin əmək haqlarının artırılmasına imkan verir.

Prezident İlham Əliyev konfransda bir daha sahibkarları dəstəklədiyini vurğulamış, onların fəaliyyətinə maneə yaradan dövlət məmurlarına sərt xəbərdarlıq etmişdir: "Sahibkarlığın inkişafı ilə bağlı çox ciddi addımlar atılmışdır. İlk növbədə sahibkarlığın inkişafı üçün çox güclü siyasi iradə vardır, sahibkarlara yüksək səviyyədə, Prezident səviyyəsində verilən dəstək, əlbəttə ki, onları ruhlandırır və onların bəzi hallarda rastlaşdığı problemləri də aradan qaldırır. Hələ ki, bu problemlər var - bürokratiya, müəyyən əngəllər, onların işlərinə əsassız müdaxilələr. Əlbəttə, Prezident tərəfindən sahibkarlığın inkişafına, sahibkarlara verilən dəstək onların da biznes mühitinin yaxşılaşdırılmasına xidmət göstərir. Halbuki bu sahədə hələ görüləsi işlər çoxdur, nöqsanlar da vardır".

Regional inkişaf proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans hökumətin aqrar sektorun inkişafında, bu sahədə güclü sahibkarlar sinfinin yaranmasında maraqlı olduğunu göstərir. Məlumdur ki, Azərbaycan qeyri-neft sektorunun prioritetliyinə əsaslanan inkişaf yolu seçməklə yanaşı, tarixən arqar-sənaye respublikası kimi tanınmış və ixtisaslaşmışdır. Son illər institusional baxımdan torpaq və aqrar islahatların uğurla başa çatması, kənd təsərrüfatı istehsalçıları üçün yeni imkanların yaranması qarşıdakı illərdə də sərbəst bazar münasibətlərinə əsaslanan və özünüinkişaf qabiliyyətinə malik bütöv iqtisadi sistemin - müstəqil milli iqtisadiyyatın formalaşdırılması prosesi ilə səciyyəvidir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı" Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Proqrama görə, kənd təsərrüfatında ənənəvi sahələr olan taxılçılığın, üzümçülüyün, meyvəçiliyin, pambıqçılığın, tütünçülüyün, çayçılığın, ipəkçiliyin və digər sahələrin inkişafı prioritet vəzifə olaraq qalır. Aqrar bölmənin inkişafı istiqamətləri sırasında aqrar bölmənin normativ-hüquqi bazasının, elmi-metodik təminatının və kadr hazırlığı sisteminin təkmilləşdirilməsi; aqrar bölmənin xammal istehsalı və emalı sahələrinin əlaqəli inkişafı, rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasının stimullaşdırılması; aqrar bölməyə maliyyə dəstəyinin artırılması; aqrar bölmənin maddi-texniki bazasının möhkəmləndirilməsi; aqrar sektora xidmət edəcək və bazar prinsipləri əsasında fəaliyyət göstərəcək yeni strukturlara dəstək verilməsi; kənd təsərrüfatında suvarma və meliorasiya təminatının yaxşılaşdırılması; torpaq və su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi kimi tədbirlər mühüm yer tutur.

Son illər kənd təsərrüfatı sahəsində çalışan fermerlərin lazımi texnika, gübrə və toxum məhsulları ilə təmin edilməsi məqsədi ilə "Aqrolizinq" Səhmdar Cəmiyyətinin yaradılması, onların gəlir vergisindən azad edilməsi, güzəştli şərtlərlə yanacaq və motor yağları ilə təmini də sahibkarlığa göstərilən qayğının mühüm tərkib hissəsi kimi xüsusi vurğulanmalıdır. İntensiv metodlara əsaslanan aqrar sektorun yaradılmasına yönəlmiş iqtisadi siyasət - quşçuluq və heyvandarlıq komplekslərinin, bağçılıq təsərrüfatlarının, istixanaların və məhsulların saxlanılması üçün soyuducu anbar infrastrukturunın inşası öz nəticələrini verir, kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, idxaldan asılılığın əhəmiyyətli dərəcədə azalmasına, ərzaq mallarının qiymətlərinin sabitləşməsinə səbəb olur. 2012-ci ildə quş əti istehsalı 24,7, yumurta istehsalı 21,3, ət istehsalı 8,3, süd istehsalı 6 faiz artmış, özünütəminetmə səviyyəsi xeyli yaxşılaşmış, qarşıdakı 2-3 ildə bu sahədə daha yüksək nəticələrin əldə olunmasına yaxşı zəmin yaradılmışdır. Ötən il həmçinin yüksək məhsuldarlığa malik olacaq iri pilot taxılçılıq təsərrüfatı yaradılmışdır. Bundan başqa, respublikanın üzümçülük sahəsindəki əvvəlki şöhrətinin qaytarılması istiqamətində işlər davam etdirilmişdir. Ötən il üzüm istehsalı 10,2 faiz artmış, 36 investisiya layihəsi güzəştli kreditlər hesabına maliyyələşdirilmişdir.

Bütün bunlarla yanaşı, Şəmkir dəryaçasının, Yuxarı Mil kanalının, Taxtakörpü su anbarının tikintisi, Samur-Abşeron kanalının yenidən qurulması aqrar sektorun qarşıdakı illərdə daha da sürətlə inkişafına, suvarma problemlərinin həllinə imkan verəcəkdir.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının 4-cü ilinin yekunlarına həsr olunmuş konfrans göstərir ki, ölkə rəhbərliyi hər bir konkret mərhələdə respublika qarşısında hansı əsas problemlərin, vəzifələrin dayandığını yaxşı bilir və onların həlli üçün mükəmməl konsepsiyaların hazırlanaraq icra olunmasını təmin edir. Regionların sosial-iqtisadi inkişafının növbəti mərhələsi olaraq Prezident İlham Əliyevin göstərişi ilə hazırda 2014-2023-cü illəri əhatə edən yeni dövlət proqramı hazırlanır. Yeni proqram "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıya qoyulan məqsədlərin reallaşdırılması baxımından mühüm əhəmiyyətə malik olacaqdır.

Regional inkişafa xidmət edən bu və digər tədbirlərin bir ən ümdə qayəsi var ki, bu da Azərbaycan vətəndaşlarının yüksək rifahının təmin edilməsi, həyat səviyyəsinin, bölgələrdə mənəvi-intellektual ab-havanın yaxşılaşdırılmasıdır. Hökumətin bu sahədə yürütdüyü ardıcıl iqtisadi siyasət öz praktik nəticələrini göstərməklə yanaşı, ölkə əhalisi tərəfindən də rəğbətlə qarşılanır.

 

 

Müşfiq ATAKİŞİYEV,

iqtisad elmləri doktoru,

professor

 

Azərbaycan.-2013.- 2 aprel.- S.5.