Zillətin içində gülüş
Əliağa
Ağayev-100
Ölkə Prezidenti İlham Əliyevin teatr və kino sənətinin görkəmli nümayəndəsi, xalq artisti Əliağa Ağayevin anadan olmasının 100 illiyinin keçirilməsi ilə əlaqədar imzaladığı sərəncamda deyilir: "Əliağa Ağayev milli teatr tarixinin fitri istedada malik parlaq simalarındandır. Zəngin mədəni ənənələrə həmişə sadiq qalan səhnə ustası və kino aktyoru kimi o, özünəməxsus üslubda yaratdığı son dərəcə koloritli obrazlarla Azərbaycan mədəniyyəti salnaməsinə yeni səhifələr yazmışdır".
Haqq dünyasına qovuşduğu gündən bir qərinədən artıq vaxt keçsə də, yaratdığı obrazları ilə həmişə gözlərimiz qarşısında olan, bizimlə sabahlara yol gedən görkəmli komediya ustadı, teatr və kino aktyoru Əliağa Ağayev unudulmazların sırasında dayanan korifey sənətkardır. Onun bioqrafiyası ilə maraqlananda çəkdiyi zillətlərlə yaratdığı gülüş məqamları arasında olan uzun məsafəni göz qırpımında necə bacarıqla keçdiyinə təəccüb etdik. Lap körpə yaşlarından möhnət içində yaşayan, həyatın ən acı iztirablarını dadan, bir tikə çörək qazanmaq naminə uşaqlıqdan ağır zəhmətə qatlaşan Əliağa Ağayev, görən, bu dərəcədə ürəkdən gülməyi və güldürməyi, zarafat etməyi, atmacalar atmağı, tamaşaçını düşündürməyi necə bacarırmış?! Yaradıcılığını əks etdirən yadigar lentlərə, kinofilmlərə baxdıqca taledən ona bəxş olunan nemətlərdən birinin varlığı, birinin yoxluğu bu təzadlı dünyanın rənglərini canlandırırdı.
Əliağa İsmayıl oğlu Ağayev 1913-cü ilin martında Bakıda anadan olub. Bu, elə bir dövr idi ki, Bakı milli düşmənlərimizin xəyanəti ucbatından təlatümlü günlərini yaşayırdı. İki yaşı olmamış anası dünyasını dəyişib. Beş yaşında ikən namərd ermənilərin xalqımıza qarşı yeritdiyi qətliam nəticəsində atası İsmayıl kişi 1918-ci ildə daşnaklar tərəfindən qətlə yetirilib. Böyük bir ailə başsız qalıb. Qardaşının himayəsində yaşayan Əliağa əli iş tutan kimi Paris Kommunası adına Gəmi Təmiri Zavodunda çilingər işləyib. Uşaqlıqdan elmə, sənətə həvəsi olub. Elə bu zavodun nəzdində açılmış sənət məktəbində də təhsil alıb. Çox vaxt yoldaşları onu iş zamanı şirin zümzümə ilə dodaqaltı oxuduğunu eşidərdilər. O dövrdə zavod və fabriklərdə gənc istedadlıları üzə çıxarmaq üçün dram dərnəkləri fəaliyyət göstərirdi. Əliağa Ağayev də çalışdığı zavodun dram dərnəyinə üzv yazılıb. Böyük səhnəyə uzanan yolda onun ilk rolu bu dərnəyin tamaşaya hazırladığı "Hacı Qara" komediyasında Hacı Qara obrazı olub. Rejissor və teatr mütəxəssisləri onun istedadını yüksək dəyərləndiriblər. 1936-cı ildə Fəhlə Uşaqlar Teatrında (indiki Gənc Tamaşaçılar Teatrı) işə düzəlib. Qısa müddət ərzində fitri istedadı, insanlarla ünsiyyət qurmaq qabiliyyəti, yaratdığı obrazı məzəli, maraqlı təqdim etməyi bacardığına görə elə ilk gündən Əliağa Ağayevə böyük inam bəslənilib, repertuarda olan əksər tamaşalarda ona rollar verilib. İstər Azərbaycan dramaturqlarının, istərsə də xarici ölkə yazıçılarının əsərlərində maraqlı, yaddaqalan obrazlar yaradan Əliağa Ağayev iztirablardan qurtulmamış ağır bir zərbə ilə üzləşib. Vaxtilə himayəsində yaşadığı, ona atalıq etmiş Mirzağa Ağayev 1937-ci ildə ölkəni bürümüş qanlı repressiyanın qurbanı olub. Bu ədalətsizlik Əliağa Ağayevi sarsıtsa da, müvazinətini saxlamağa, ailənin digər üzvlərinə dayaq olmaq üçün zillətin içində qəhqəhə çəkməyə məcbur idi. Maraqlısı da odur ki, onun gülüşü heç zaman şit və duzsuz olmadı, süni təsir bağışlamadı. Əliağa Ağayev komediyada ciddi gülüş yaratmağa nail oldu. Bu, onun üstün cəhəti idi. İçindəki sənət yanğısı onu teatra əbədi bağladı. O illərdən başlayaraq ömrünün sonuna kimi tamaşaçılarına ürəkdolusu sevinc bəxş etdi. Gülüb-güldürmək onun varlığına elə biçilmişdi ki, səhnədə görünən kimi, hələ ağzını açmamış məzəli jestlərindən, baxışlarından, hərəkətlərindən salona gülüş axırdı. Tamaşaçılar qəhqəhə çəkirdilər. İçində qan ağlayan Əliağa Ağayev isə pərəstişkarlarını fərəhləndirdiyi, güldürdüyü üçün özünü xoşbəxt sayırdı. Güclü yumor hissinə və məzəli danışıq tərzinə malik olduğundan adi mətnlərə də elə təbəssümlü qol-qanad verirdi ki, bu sənətkarı laqeyd qarşılamaq, onu gülüşlə alqışlamamaq qeyri-mümkün idi. Tamaşaçılar artıq teatra məhz Əliağa Ağayevə görə gəlirdilər. Bilirdilər ki, hansı tamaşada Əliağa Ağayev varsa, orada mütləq gülüş olacaq. Həmkarları öz xatirələrində dəfələrlə etiraf ediblər ki, Əliağa Ağayevin iştirak etdiyi tamaşalar anşlaqla keçərdi. Elə bu səbəbdən də əməkdar artist fəxri adına layiq görüləndə 30, xalq artisti adını alanda isə 41 yaşı vardı. Gənc Tamaşaçılar Teatrında ilk və yeganə xalq artisti də məhz Əliağa Ağayev idi.
Elə həyat yoldaşını da teatr kollektivinin arasından seçmişdi. Gənc aktrisa Cəvahir İsgəndərova onunla tərəf-müqabil olardı. Sənət ünsiyyəti sonralar məhəbbətə çevrilib. Görkəmli səhnə xadimi Ağadadaş Qurbanov onlara xeyir-dua verərək toylarının baş tutmasına səbəb olub. Övladları dünyaya gələndən sonra Cəvahir xanım teatrdan gedərək ailənin qayğıları ilə məşğul olub. Əliağa Ağayevi isə qarşıda yeni sənət uğurları gözləyirdi.
Onun son dərəcə istedadlı olması kinorejissorların da diqqətini çəkib. 1955-ci ildə Tofiq Tağızadə Əliağa Ağayevi kinoya dəvət edib. Aktyorun bu sahədə ilk dəfə çəkildiyi ekran əsəri "Görüş" filmi olub. Həqiqətən Əliağa Ağayev Şıxəli obrazını çox canlı və təbii yaradıb. Təsəvvürə gətirmək mümkün deyil ki, bu rol sənətkarın kinoda debütüdür. Obrazın libasına məharətlə bürünən Əliağa Ağayev onu hərtərəfli komik vəziyyətə salmağı bacarıb. Hətta özündən elə ifadələr, sözlər işlədib ki, bu gün də dillər əzbərinə çevrilən aforizmə bənzəyir. Məsələn, "çay gətir... xoruzquyruğu". Bu obrazın tərəf-müqabilini isə görkəmli səhnə ustadı Barat Şəkinskaya yaradıb. Maraqlıdır ki, onların sənət cütlüyü çox gözəl effekt verib. Barat xanım nə qədər ciddi görünsə də, Əliağa Ağayevin yaratdığı hər hansı bir obrazla dialoqda gülüşün doğulmasına sanki təbii şərait yaranırdı. Bu ovqat "O olmasın, bu olsun" filmində daha çox duyulur. Deyirlər ki, Əliağa Ağayev bu filmdə kino sənətinin zirvəsində dayanaraq özünə əbədi bir heykəl yaradıb. Elə bu filmdə də Barat xanımla Əliağa Ağayevin maraqlı söhbətləri əsərə yeni rəng, dad və duz gətirib. Məsələn, "Xanım, siz də saçlarınıza həna qoyursunuz..." Xanımın cavabını gözləmədən qulluqçu Sənəmin - Barat Şəkinskayanın yerindən dik atılaraq hikkə ilə "Qocalmayıb ki" deməsi qeyri-adi bir gülüşün yaranmasına səbəb olur. Maraqlıdır ki, ömründə heç bir zaman Azərbaycandan kənara çıxmayan Əliağa Ağayev məhz bu filmin vasitəsilə - Məşədi İbadın geyimində dünyanın 50-dən artıq ölkəsində tamaşaçı alqışı və rəğbəti qazanıb. 20-dən artıq filmə çəkilən Əliağa Ağayevin "Sehrli xalat"dakı xan, "Qanun naminə"də Məmmədxan, "Koroğlu" filmində dəmirçi, "Bizim Cəbiş müəllim"dəki Əbülfəz, "Evlənmək istəyirəm"dəki polis işçisi rolları maraqlı və yaddaqalandır. Bəzi aktyorlara elə gəlir ki, tamaşaçı diqqəti və rəğbəti qazanmaq üçün mütləq baş rolu oynamaq lazımdır. Halbuki Əliağa Ağayev istər teatr sənətində, istərsə də kinoda elə epizodik obrazlar yaradıb ki, tamaşaçının yadında baş rolları təqdim edənlər yox, məhz bu aktyorun canlandırdığı surət qalıb. Bu baxımdan "Əhməd haradadır?" filmindəki kassiri xatırlamaq kifayətdir. Nərgiz xala obrazının yaradıcısı Nəcibə Məlikova ilə onun bir neçə saniyəlik dialoqu dərin gülüş doğurur. Özü üçün düzəltdiyi xudmani süfrədə yemək və araq görünür. Elə bu anda kassanın pəncərəsi döyülür. Qadının başını görən kimi kassir - Əliağa Ağayev özünəməxsus jest və məzəli şəkildə söyləyir: "Ay bacı, nə istəyirsən, görmürsən pul sayıram?!" Yaxud da Şirin kişiyə "O dey taksi, min get, get..." deməsi yenə də tamaşaçını güldürür. Əslində bu sözlərin heç birində gülüş doğuracaq ifadə yoxdur. Amma Əliağa Ağayev onu elə söyləyir, elə göstərirdi ki, tamaşaçı qəşş edənədək gülürdü.
Əlbəttə, Əliağa Ağayev ilk növbədə teatr aktyoru idi. 1961-ci ildən ömrünün sonuna kimi Akademik Milli Dram Teatrında çalışıb. 22 il bu sənət ocağında işləyən xalq artisti bir-birindən fərqli və yaddaqalan obrazlar yaradıb. Onun iştirak etdiyi tamaşaların adlarını qeyd etsək, uzun bir siyahı yaranar. Sadəcə bir faktı xatırlatmaq istərdik ki, Akademik Milli Dram Teatrında Əliağa Ağayevin ilk rolu Şıxəli Qurbanovun "Əcəb işə düşdük" komediyasında Abış Surxayeviç obrazıdır. Həmişə teatrın repertuarında olan tamaşalarda Əliağa Ağayevə rol tapşırılıb. Həm rejissorlar onunla işləməyi çox sevirdilər, həm də həmkarları Əliağa Ağayevlə tərəf-müqabil olmağa çox can atırdılar. Bunun da səbəbləri vardı. İlk növbədə bu görkəmli gülüş ustasının iştirak etdiyi tamaşada mütləq dad və duz olardı. O öz istedadı və orijinal düşüncəsi ilə rejissorun işini asanlaşdırır, tərəf-müqabillərinə kömək edirdi. Sənət dostları söyləyirlər ki, elə məqamlar yaranırdı, aktyor hərəkət və sözünü unudurdu. Bax o anda Əliağa Ağayev sənət dostlarını çıxılmaz vəziyyətdən çox asan, hiss olunmadan, məharətlə xilas edirdi.
Əliağa Ağayev "Mozalan" satirik kinojurnalında da müxtəlif xarakterli rollar yaradıb. O dövrdə tənqid hədəfinə tuş gəlmiş mənfi obrazların xarakterlərini özünəməxsus məharətlə canlandıran bu istedadlı aktyorun səs tembri, jestləri yaddaqalandır. Bəzən də kinorejissorlar onun özünü kinoya çəkməsələr də, səsindən mütləq istifadə edirdilər. Həm xarici ekran əsərlərinin tərcüməsinin montajı vaxtı, həm də yerli filmlərdə bəzi personajların danışığının yumorlu alınması üçün onun səsinə ehtiyac duyulurdu.
Televiziya filmlərində də unudulmayan obrazlar yaradan Əliağa Ağayev vaxtilə Azərbaycan televiziyasında yayımlanan "Komediyalar aləminə səyahət" verilişinin tez-tez qonağı olardı. Onu hamı çox sevirdi. Təbiətən də çox mehriban, həssas və dostcanlı insan idi. Sənət məziyyətlərilə insanlıq duyğuları bir-birini tamamlayırdı.
Xatirələrdən bəlli olur ki, 1983-cü ildə Əliağa Ağayevin 70 illik yubileyinin keçirilməsi üçün dostları bir araya gələrək tədbirlər planı hazırlayıblar. Elə həmin günlərdə dostları ilə birlikdə süfrə arxasında tədbiri müzakirə etmək üçün yığışıblar. Əliağa Ağayev eyni zamanda lətifə ustası olub. Elə ki dostlar əhatəsinə düşərdi, mütləq lətifə söyləyərdi. O olan məclisi gülüşsüz təsəvvür etmək mümkün deyildi. Elə həmin gün də sənət dostları ondan lətifə danışmağı xahiş ediblər. İkinci lətifədən sonra uzun sürən bir gülüş baş verib. Sənət dostları bir də görüblər ki, həmişə tamaşaçıları güldürən, düşündürən Əliağa Ağayev gülə-gülə öz ömrünə nöqtə qoyub.
Qəribə taledir... Uşaqlıq illərində bəxtəvər böyüməyib. Yetimliyin, kimsəsizliyin, dövrün bəlalarına tuş gəlib, ağır həyat keçirib, amma təzada bax ki, dərdini, qəmini ürəyində gizlədərək yarım əsrdən artıq zaman kəsiyində tamaşaçıları güldürüb-düşündürməkdən zövq alıb. O, bəlkə də fələyin acığına taleyinə gülürdü. Elə gülə-gülə də dünyasını dəyişdiE
Bu il 100 yaşı
tamam olur. Fikirləşəndə ki
haqq dünyasına qovuşduğu gündən
30 il keçir,
təəccüblənirsən. Çünki yaratdığı obrazlarla tez-tez televiziya verilişlərində
görünən, yaddaşımıza
iz salan Əliağa Ağayevin əbədi ayrılığının
bu qədər uzun olduğunu ağlımıza gətirə
bilmirik. Bu da sənətkarın ölməzliyini,
əbədiyaşarlığını təsdiqləyən ən
dəyərli faktdır!
Flora XƏLİLZADƏ
Azərbaycan.-2013.- 2 aprel.- S.6.