«Çağırışaqədərki
hazırlıq» ilkin hərbi təlim kimi günün vacib tələbidir
Ölkəmizdə aparılan təhsil
islahatlarında ümumi təhsil özünün bütün
parametrləri ilə daha çox
əhəmiyyət daşımaqla xüsusi
diqqət mərkəzində dayanır. Azərbaycan vətəndaşının
formalaşdırılması, onun bir şəxsiyyət kimi
yetişdirilməsinin ağırlıq mərkəzi məhz
ümumtəhsil pilləsinin üzərinə düşür.
Bu vəzifənin yerinə yetirilməsində
ümumtəhsil fənləri əsas vasitələrdən biri olaraq həlledici rol oynayır. Təcrübələr
və aparılmış ilkin
araşdırmalar onu göstərir ki, çağırışaqədərki
hazırlıq ümumtəhsil fənlərindən biri kimi bu
baxımdan daha çox
əhəmiyyət daşıyır. Əvvəllər "İbtidai hərbi hazırlıq", "Gənclərin
çağırışaqədərki
hazırlığı", 2006-cı ildən isə
hökumətin təsdiq etdiyi sənədlərdə
"Çağırışaqədərki
hazırlıq" adlandırılan bu fənn
şagirdlərin istər fiziki, istərsə
də mənəvi cəhətdən inkişaf
etməsində, bir vətəndaş kimi vətənin müdafiəsinə
hazırlanmasında xüsusi rol oynaması ilə seçilir.
Məlum
olduğu kimi, ölkələr və xalqlar arasında
müharibələr, qarşıdurmalar tarixən olmuş və
hazırkı dövrdə də bu, davam edir. Haqlı
olaraq ölkəmizdə gənclərin
təlim-tərbiyəsi humanistlik, tolerantlıq, sülhsevərlik
prinsipləri əsasında aparılmaqla yanaşı, onlara vətənin
müdafiəsinin nə qədər vacib bir məsələ
olması bu və ya digər vasitələrlə
aşılanır. Çağırışaqədərki
hazırlıq fənni bu vəzifələrin yerinə
yetirilməsində mühüm rol oynayır. Belə ki, bu fənn
vasitəsilə həyatı dərketmə mərhələsində
olan gənclər vətəndaşlıq, vətənpərvərlik,
hərb tariximiz, ordu quruculuğu, qanunlar və onlara riayət
olunması, taktiki hazırlıq, atəş
hazılığı, topoqrafiya, kütləvi
qırğın silahları və təbii fəlakətlərin
dağıdıcı amillərinin fəsadlarından
mühafizə və ilk tibbi yardım üzrə bilik,
bacarıq və vərdişlərə yiyələnirlər.
Bu sahədə əldə edilmiş bacarıqlar insanlara
Xocalı faciəsi kimi fəlakətlər zamanı vəziyyətdən
çıxış üçün düzgün qərar qəbul
etmə imkanı yarada bilər.
Bildiyimiz
kimi, hər hansı ölkədə mütəşəkkil
səfərbərlik planı onun
müdafiəsinin əsasını təşkil edir. Məlumdur
ki, ümumtəhsil məktəblərində təhsilini
başa vuran məzunların hamısına ordu
sıralarında xidmət etmək nəsib olmur. Səfərbərlik
üzrə qanunvericiliyə əsasən, sülh
dövründə xidmət etməyən vətəndaşlar
müharibə dövründə müdafiə xarakterli müəyyən
vəzifələri yerinə yetirmək məqsədilə
orduya çağırılırlar. Bu baxımdan gənclərin
çağırışaqədərki hazırlıq fənninin
tədrisi xüsusi olaraq diqqət mərkəzində
dayanır.
Dövlət müdafiəsinin əsasları, taktiki hazırlıq, atəş hazırlığı, hərbi nizamnamələr, sıra təlimi, hərbi topoqrafiya, mülki müdafiə, hərbi-tibbi hazırlıq və hərbi-tətbiqi fiziki hazırlıqdan ibarət olan çağırışaqədərki hazırlıq digər fənlərlə əlaqə imkanlarının olduğunu göstərir. Onlar şagirdlərin vətənini yadellilərdən qorumağa ilkin hazırlığı olan bir şəxsiyyət kimi formalaşmasında müstəsna rol oynayır.
Ümumi təhsilin məzmunu və strategiyasında aparılan dəyişikliklər bütün fənlərdə olduğu kimi, çağırışaqədərki hazırlıqda da baş verir. Xüsusən yuxarı siniflərdə tədris olunan bu fənnin şagirdlərin nisbətən böyük yaş dövrünə təsadüf etməsi heç də təsadüfi deyildir. Uşaqlar bu yaşda daha çox həyati hadisələrə, vətən, xalq məfhumları ətrafında düşünməyə, onları daha yüksək səy və qətiyyətlə dəyərləndirməyə cəhd edirlər. Həm də çağırışaqədərki hazırlıqla bağlı tapşırıqları həvəslə yerinə yetirir, onun məsuliyyətlə yerinə yetirilməsinə xüsusi maraq göstərirlər. İnkişafımızın müasir mərhələsində vəziyyətin belə olması çağırışaqədərki hazırlıq təliminin məzmununun şagird şəxsiyyətinin hərbi xidmət, öz ölkəsinə qulluq və xidmət mədəniyyətləri üzərində qurulmasını bir vəzifə kimi qarşıya qoyur.
Çağırışaqədərki hazırlıq üzrə dərslərin təşkili də bu fənnin ən mühüm problemlərindən biridir. Həmişə olduğu kimi, indi də dərsin maraqlı qurulması onun ən mühüm atributu hesab edilir və hər bir müəllimdən bu cəhəti gözləmək tələb olunur. Təcrübə göstərir ki, çağırışaqədərki hazırlıq fənninin hərbi qayda-qanun, intizam zabitəsindən irəli gələn keyfiyyətləri onu daha orijinal etməklə fərqləndirir, rəsmiyyət və ciddiyyətini artırır. Belə olan şəraitdə onu maraqlı etmək, təlim fəaliyyətinə çevirmək, şagirdin diqqət mərkəzində saxlamaq mühüm pedaqoji problem kimi düşünməyi, araşdırmalar aparmağı tələb edir.
Dərs kiçik bir pedaqoji mühitdir, uzun olmayan təlim şəraitidir. Şagirdlər bu prosesdə öyrənməklə yanaşı, həm də bir şəxsiyyət kimi müəyyən dəyərlərə yiyələnirlər. Çağırışaqədərki hazırlıq fənninin mərdlik, kişilik məktəbinə doğru addımlayan şagirdlərin formalaşması baxımından əhəmiyyəti digər fənlərlə müqayisədə daha çoxdur. Onlar dəqiqlik, konkretlik, vətəndaşlıq, vətənpərvərlik, çeviklik, intizamlılıq, dözümlülük, səliqəlilik kimi yüksək dəyərləri daha çox məhz bu fənnin tədrisi prosesində əldə edə bilərlər. Ona görə də müəllimlər çağırışaqədərki hazırlıq fənninə adi məişət ilə hərbi rejim, hərbi həyat arasında olan bir mərhələ kimi yanaşmalı və fəaliyyətlərini bu ruhda tənzimləməlidirlər.
Çağırışaqədərki hazırlıq fənni üzrə müasir dərs necə olmalıdır? İndiki şəraitdə onu necə maraqlı etmək olar? Bu suallar müəllimləri hər bir dərsə hazırlaşarkən düşündürməlidir. Çünki dərslərin ümumi parametrləri eyni olsa da, hər mövzu üzrə qurulan dərs spesifik cəhətinə görə fərqlənməli, özünəməxsus spesifik xətt üzrə qurulmalıdır. Mövzuya uyğun müəyyən edilən məqsəd, vəzifə, üsul, forma yeni olmalı, nəzərdə tutulmuş strateji məqsədin həyata keçirilməsinə xidmət göstərməlidir. Bu zaman istifadə olunan resurslar və təlim şəraiti (təlim yerləri) ümumi pedaqoji tələblərə cavab verməklə yanaşı, həm də konkret qarşıya qoyulmuş məqsədin reallaşdırılmasına imkan yaratmalıdır.
Çağırışaqədərki hazırlıq fənni üzrə təlimin ümumi problemlərindən biri zəruri resurslardan yerli-yerində istifadə etməkdir. Bunun üçün ilk növbədə həmin resursların yaradılması gündəmdə dayanan ən vacib məsələlərdən hesab olunur. Resurslar dedikdə, təlim-tədris bazası və müvafiq maddi-texniki bazanın yaradılması başa düşülür. Məsələn, təlim silahı, təlim patronları və atəş tiri olmadan silahı və atəş qaydalarını öyrətmək və öyrənmək mümkün deyil. Çağırışaqədərki hazırlıq fənni üzrə tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsi üçün ümumtəhsil məktəblərində aşağıda göstərilən minimum kompleks təlim-tədris bazası olmalıdır: hərbi kabinet, təlim silahlarının, sursatların, mexaniki nişanalma, mülki müdafiə və s. cihazların saxlanılması otağı, atəş tapşırıqlarının yerinə yetirilməsi üçün tir, sıra hazırlığı üzrə praktik təlimlərin keçirilməsi üçün meydança və s. Əlavə olaraq sinfin başqa-başqa hissəsində saatların, gün növbətçisinin, mülki müdafiə üzrə fəaliyyəti əks etdirən sənədlər (dərs zamanı bunlar saatların vəzifələrini, kimya kəşfiyyat postunun və s. vəzifələrini öyrədən təlim nöqtəsi kimi istifadə edilir) lövhəsi olmalıdır. Həmçinin məktəblərdə təlim-tədris bazası xüsusi plan əsasında ayrı-ayrı yerlərdə yaradılmalıdır. Hərbi tərbiyəvi hazırlıq üzrə əyani vəsaitlər hərbi kabinetin girişində, taktiki, atəş, topoqrafiya uzrə praktik dərslərin keçirilmə yeri isə idman şəhərciyi ərazisində təşkil oluna bilər.
Təlim-tədris bazasının təşkilində texniki təlim vəsaitlərilə yanaşı, əyani vəsaitlərin də mühüm didaktik əhəmiyyəti vacibdir. Onlar iki hissəyə ayrılır: daşınan və daşınmayan.
Məktəblərdə
təlim-tədris bazasının gücləndirilməsi
başqa əlaqədar təşkilat və idarələrlə
sıx əlaqə əsnasında mümkündür. Belə
ki, Müdafiə Nazirliyinin nəşri olan "Hərbi
Bilik" jurnalının, "Hərbi And" qəzetinin hər
ay məktəblərə verilməsi, təlim, silah-sursat və
s. ilə təmin olunmaqla yeni yaradılmasına baxmayaraq, az
vaxtda yüksək nailiyyətlər əldə etmiş
Müdafiə Sənayesi Nazirliyinin yaxından iştirak etməsi,
eləcə də praktik dərslərin təşkilində
yaxın hərbi hissələrin köməyi
mümkündür.
Yeni
müvafiq qanun və bu sahədə həyata keçirilən
dəyişikliklər onu göstərir ki, Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidməti tərəfindən bu sahədə
bir çox işlərin görülməsi
planlaşdırılır. O cümlədən, yaxın ərazilərdə
yerləşən hərbi hissələrdə bəzi praktik
dərslərin, görüşlərin (ildə bir dəfə
döyüş güllələri ilə atəş, hərbi
hissələrin həyat tərzi ilə tanışlıq) və
s. təşkili üzrə tədbirlərin keçirilməsi
nəzərdə tutulur.
Təlim-tədris
bazasının məktəblərdə qurulması, dərs və
dərsdənkənar tədbirlərin təşkili
çağırışaqədərki hazırlıq müəllimlərindən
yüksək ustalıq və təşkilatçılıq
bacarığı tələb edir.
Ölkədə bütun sahələrdə aparılan islahatlar, yeniliklər və qlobal dəyişikliklər, ordunun hazırlığının NATO döyüş hazırlığı sisteminə keçidi sözügedən fənnin tədrisinin vacibliyini qabarıq şəkildə üzə çıxarır ki, bu da müəllim kadrlarının hazırlığı və təkmilləşdirilməsi məsələsinin həllini qarşıya qoyur. Bu fənnin tədrisi mütləq ixtisaslı və hərbi ixtisaslı kadrlar tərəfindən həyata keçirilməlidir və onların ildə bir dəfə müvafiq nazirliklərin və dövlət idarələrinin bazasında metodik toplantılara cəlb olunması vacibdir. Bu toplantıların planında metodik, səfərbərlik, hərbi və mülki müdafiə üzrə problemlərin müzakirəsi yer ala bilər.
Məktəblərdə çağırışaqədərki hazırlıq fənninin tədrisinin təşkili, təlim-tədris bazasının yaradılması və daim gücləndirilməsi, silah-sursatın saxlanılmasına və mühafizəsinə nəzarət birbaşa məktəb rəhbərliyinə həvalə edilmişdir. Məktəb rəhbərliyinə fövqəladə hallar üzrə tədbirlərin təşkilinə cavabdeh səxs kimi hərbi rəhbərə müxtəlif hadisələr zamanı şəxsi heyətin hərəkətinin planlaşdırılmasında və bu sahədə maarifləndirmə işlərinin aparılmasında kömək göstərilməlidir.
Ümumiyyətlə,
çağırışaqədərki hazırlıq fənni
üzrə təhsilin müasir problemləri ətrafında
daha geniş diskussiya aparmaq olar. Lakin bu məsələləri
bir qəzet məqaləsində əhatə etmək çətindir.
Odur ki, biz bu yazıda ən vacib məsələlərdən
bəhs etdik.
Ceyhun MƏMMƏDYAROV,
Təhsil Problemləri İnstitutunun
elmi
işçisi, ehtiyatda olan zabit
Azərbaycan.-2013.-
2 aprel.- S.6.