Müxalifət güclü deyil

 

Güclü olsaydı, lider axtarışına çıxmazdı

 

 Prezident seçkiləri kampaniyasının başlanmasına hələ qalsa da, ötən ilin sonundan etibarən dağıdıcı müxalifət partiyaları arasında namizəd mübarizəsi gedir. Hər biri "vahid namizəd" ideyasını sözdə dəstəkləsə də, ortaq məxrəcə hələ də gələ bilməyiblər. Ona görə ki, Müsavat AXCP-dən, AXCP isə Müsavatdan olan namizədi dəstəkləmir. Eldar Namazovun reneqat dəstəsi isə ümumiyyətlə, bunların heç birini yaxına buraxmaq istəmir.

Müsavat artıq İsa Qəmbərin namizədliyini irəli sürüb. AXCP-çilər Müsavatın ötən ilin sonunda atdığı bu addımın tərəfdaşlığın ziddinə olduğunu bəyan etməklə bərabər sosial şəbəkələrdə Müsavata qarşı "qara piar"a başlayıb. Onlar müxtəlif sorğular keçirməklə İ.Qəmbərin reytinqinin aşağı olduğunu isbatlamağa çalışdılar. Hər iki partiya sonradan bir-birinə qarşı mübarizə aparmamaqla bağlı şifahi razılığa gəlsələr də, aralarındakı soyuqluq, narazılıq və gizli rəqabət davam edir. İctimai Palata adlı qurumun koordinasiya şurasının üzvü Vidadi Mirkamalın söylədiyi fikirlər də bunu təsdiq edir. "Müxalifət güclü deyil. Güclü olsa, o zaman lider axtarışına çıxmağa ehtiyac olmaz" - deyən V.Mirkamal müsabihəsində vahid namizəd məsələsi ilə bağlı Müsavatla AXCP arasında ciddi fikir ayrılığının mövcud olduğunu deyib.

Onu da qeyd etmək lazımdır ki, müxalifət düşərgəsində olan bütün partiyaların seçimi heç də AXCP və Müsavatın namizədi deyil. Buna görə də bu ilin oktyabr ayında keçiriləcək prezident seçkilərində müxalifətdən çox sayda namizədin meydana çıxacağının şahidi olacağıq. Əgər sözügedən bu iki partiya "vahid namizəd" məsələsində razılığa gəlmək istəklərini ortaya qoyurlarsa, deməli, burada söhbət ümumən müxalifəti təmsil etmək deyil, bir-birilərinin sosial bazalarını mənimsəməkdən gedə bilər. Onlar çox gözəl dərk edirlər ki, seçkilərdə müxalifətin hər hansı bir uğur əldə etməsi sosial bazasının zəif olması səbəbindən mümkün deyil.

Reneqat Eldar Namazovun da niyyəti seçkilərdə vahid namizəd kimi iştirak etməkdir. Hələlik bunu açıq şəkildə ifadə etsə də, yaratdığı "El" adlı hərəkatın təqdimatından onun liderlik uğrunda mübarizəyə cəhdi aydın hiss olunur. Lakin hər kəsə, hətta dağıdıcı müxalifətə də aydındır ki, o, siyasi düşüncəsində təkdir. "El" adlı qurumu heç kim bir hərəkat kimi görmür. Çünki o, cəmiyyətə yeni nəsə vermək, insanları öz arxasınca aparmaq imkanlarına malik deyildaha çox  reneqatlar dəstəsi kimi özünün imicini formalaşdırıb. Onun hansısa hərəkatlar formalaşdırması isə heç nəyi dəyişmir. Çox maraqlıdır ki, siyasi riyakarreneqat E.Namazovun elə öz dəstəsinin bəzi üzvləri "El"də təmsil olunmaq istəmədilər. Onların fikrincə, E.Namazov o səviyyədə deyil ki, onun yanında ikinci, üçüncü şəxslər olsunlar.

Bir məsələni də qeyd etmək yerinə düşər ki, E.Namazovun "El" adlı qurumu bölgələrdə müxalifət partiyalarının, xüsusilə AXCP və Müsavatın olan-qalan üzvlərinin hesabına formalaşmağa çalışır. Dəstə üzvləri bölgələrə səfərlər edərək həmin partiyaların üzvləri ilə görüşüb, onlara vədlər veribyerli nümayəndəliklərinə üzv olmağı təklif ediblər. E.Namazov öz yaxın ətrafına mətbuata bu barədə dezinformasiya ötürmək barədə də göstəriş verib. Ara-sıra mətbuatda bəzi partiyaların üzvlərinin "El"ə qoşulması ilə bağlı yayılan informasiyalar da bundan qaynaqlanır.

Təbii ki, E.Namazov nə İ.Qəmbərin, nə də  Ə.Kərimlinin xeyrinə namizədliyini geri götürməyəcək. Elə AXCP və Müsavat da öz növbəsində onu  qəbul etmək fikrində deyillər. Öz aralarında ara-sıra görüşüb hal-əhval tutsalar da, görünən odur ki, onların hər biri seçkidə öz namizədliyini irəli sürəcək. Bu, əvvəllər də belə olub, indi də belə olacaq. Milli Şura kimi ideyalar isə elə kağız üzərində qalacaq. Bütövlükdə günün mənzərəsi ondan ibarətdir ki, ifrat radikal müxalifət düşərgəsi və E.Namazovun timsalında antiazərbaycançı şəbəkənin maraqlarının təmsilçiləri öz aralarında həm elektorat, həm də "vahid namizəd" uğrunda mübarizə aparırlar. Bu mübarizənin prespektivdə onlar üçün heç nə vəd etmədiyini isə hər biri çox gözəl anlayır.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.-2013.- 2 aprel.- S.3.