Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının

 Sərhəd Xidmətinin baş direktorunun başçılıq etdiyi

nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidmətinin baş direktoru Zumeyyim bin Cuveybir Əs-Səvvatın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında əməkdaşlıq və dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı bu əməkdaşlığın ölkələrimizin sərhəd xidmətləri arasında əlaqələrin inkişafına da müsbət təsir edəcəyinə əminliyini bildirdi. Prezident İlham Əliyev ikitərəfli münasibətlərin inkişafında siyasiiqtisadi əlaqələrlə yanaşı, təhlükəsizlik məsələlərinin də mühüm əhəmiyyət daşıdığını qeyd etdi. Hər bir ölkənin təhlükəsizliyinin təmin olunmasında sərhəd xidmətinin önəmini qeyd edən dövlət başçısı ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirdi.

Paytaxtımızda gedən böyük inkişaf proseslərinin şahidi olduqlarını deyən Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidmətinin baş direktoru Zumeyyim bin Cuveybir Əs-Səvvat dost Azərbaycanın son illər əldə etdiyi yüksək nailiyyətlərə sevindiklərini vurğuladı. Zumeyyim bin Cuveybir Əs-Səvvat ölkələrimizin sərhəd xidmətləri arasında əməkdaşlığın yaxın gələcəkdə inkişaf etdiriləcəyinə və bu sahədə qarşılıqlı əlaqələrin Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini bildirdi.

 

 

AzərTAc

Azərbaycan.-2013.- 3 aprel.- S.1.