Azərbaycan Respublikası Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət
Fondu haqqında Əsasnamə
Əlavə I
Azərbaycan
Respublikası Prezidentinin 2 aprel 2013-cü il tarixli fərmanı ilə təsdiq
edilmişdir
1. Ümumi müddəalar
1.1. İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu (bundan sonra - Fond) Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 15 mart tarixli 2095 nömrəli sərəncamı ilə yaradılmışdır, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində fəaliyyət göstərir və informasiya-kommunikasiya texnologiyaları (bundan sonra - İKT) sahəsində fəaliyyətin stimullaşdırılmasını, bu sahədə innovasiyaların tətbiqini, habelə tətbiqi elmi tədqiqat işlərinin genişləndirilməsini maliyyə dəstəyi ilə təmin edən dövlət orqanıdır.
1.2. Fond dövlət təsisatıdır, sərəncamında dövlət əmlakı vardır, müstəqil balansa, bank və xəzinə hesablarına, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştampa və blanklara malikdir.
1.3. Fond öz fəaliyyətini dövlət və yerli özünüidarəetmə orqanları, İKT sahəsində fəaliyyət göstərən hüquqi şəxslər, kredit, maliyyə və sığorta təşkilatları, sahibkarlığın inkişafına dəstək verən ictimai birliklər, qeyri-hökumət təşkilatları və beynəlxalq qurumlar ilə əlaqəli şəkildə həyata keçirir.
1.4. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Əsasnaməsini, Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları nazirinin əmr və göstərişlərini, habelə bu Əsasnaməni rəhbər tutur.
1.5. Fondun saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr və qanunla qadağan olunmayan digər mənbələrdən cəlb olunan vəsaitlər hesabına maliyyələşdirilir.
1.6. Fond Bakı şəhərində yerləşir.
2. Fondun məqsədi və əsas vəzifələri
2.1. Fondun məqsədi Azərbaycan Respublikasında İKT sahəsində sahibkarlığın inkişafı və onun maliyyə dəstəyi ilə təmin edilməsi, bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsi, yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası, elmi tədqiqat işlərinin və eyni zamanda innovasiyaların tətbiqinin genişləndirilməsi üzrə layihələri dəstəkləməkdən, habelə İKT sahəsində investisiya mühitini yaxşılaşdırmaq, yerli və xarici investorların maraqlarının stimullaşdırılmasını təmin etmək və birgə layihələrdə iştirak etmək üçün tədbirlər görmək, yüksəkixtisaslı kadrları cəlb etmək, layihələrin səmərəliliyi və vacibliyi haqqında xarici mütəxəssislərlə birgə araşdırmalar aparmaq, layihələrin çevikliyini təmin etmək və birgə layihələri idarə etmək üçün tövsiyələr verməklə, intellektual biznesin inkişafına təkan verməkdən ibarətdir.
2.2. Fondun əsas vəzifələri aşağıdakılardır:
2.2.1. Fondun vəsaitlərindən səmərəli və təyinatı üzrə istifadə olunmasını təmin etmək;
2.2.2. İKT sahəsində istehsalyönümlü fəaliyyətin stimullaşdırılması, bu sahədə innovasiyaların tətbiqi, habelə tətbiqi elmi tədqiqat işlərinin genişləndirilməsi məqsədi ilə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihə və proqramların həyata keçirilməsini təşkil etmək;
2.2.3. İKT sahəsində ixracyönümlü layihələri araşdırmaq, onların iqtisadi səmərəliliyini qiymətləndirmək, innovasiyayönümlü layihələri inkişaf etdirmək, maliyyə dəstəyi göstərmək və xarici investisiyalar cəlb etmək;
2.2.4. İKT sahəsində fəaliyyət göstərən yerli hüquqi şəxslərin xarici bazarlarda fəaliyyətinin gücləndirilməsini təmin etmək məqsədi ilə layihələrin maliyyələşdirilməsi üçün investisiyaları cəlb etmək;
2.2.5. İKT sahəsində innovasiyaların inkişaf etdirilməsi və onların kommersiya layihələrinə çevrilməsi məqsədi ilə vençur maliyyələşməsini (kiçik innovativ hüquqi şəxslərin fəaliyyətinə qoyulan uzunmüddətli və riskli investisiyaları) həyata keçirmək;
2.2.6. İKT sahəsində fəaliyyət göstərən perspektivli və inkişaf etməkdə olan kiçik və orta sahibkarlıq subyektləri üçün müvəkkil banklar və bank olmayan kredit təşkilatları (bundan sonra - müvəkkil kredit təşkilatları) vasitəsilə Fondun vəsaiti hesabına güzəştli maliyyə resurslarından istifadə imkanını genişləndirmək;
2.2.7. yerli və xarici investisiyaların cəlb olunmasına təkan vermək məqsədi ilə Azərbaycan Respublikasında İKT sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin nizamnamə kapitalında payçı (iştirakçı) qismində iştirak etmək;
2.2.8. İKT sahəsində fəaliyyət göstərən yerli və xarici hüquqi şəxslər arasında istehsal və texnoloji əməkdaşlığın təmin edilməsi üçün investisiyalar cəlb etmək və texnoloji transferin reallaşmasına təkan vermək;
2.2.9. ölkə iqtisadiyyatının İKT sahəsinə investisiyaların cəlb edilməsi məqsədi ilə investisiya mühitinin təhlil edilməsinə və onun təkmilləşdirilməsinə dair təkliflər vermək;
2.2.10. Fonda maliyyə ehtiyatlarının cəlb olunması üçün tədbirlər görmək, o cümlədən maliyyə bazarlarından kreditlərin cəlb olunması məqsədi ilə qanunvericiliklə müəyyən olunmuş qaydada danışıqlar aparmaq və təkliflər vermək;
2.2.11. İKT sahəsində yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası, innovasiyaların təşviqi və stimullaşdırılma üzrə layihələri investisiya ilə təmin etmək;
2.2.12. İKT sahəsində sahibkarlığın stimullaşdırılması və bu sahədə fəaliyyət göstərən hüquqi şəxslərin istehsal fəallığının artırılması məqsədi ilə tədbirlər həyata keçirmək;
2.2.13. İKT-nin gələcək inkişafını təmin etmək məqsədi ilə müvafiq sahə üzrə texnoparkların, biznes-inkubatorların və digər innovativ infrastruktur vahidlərinin yaradılmasını və inkişafını maliyyələşdirmək;
2.2.14. müsabiqə əsasında İKT sahəsi üzrə ixtisaslaşmış kiçik sahibkarlıq subyektləri tərəfindən həyata keçiriləcək innovativ və tətbiqi elmi-texniki layihələri (startap layihələri) seçmək;
2.2.15. müsabiqə əsasında seçilmiş layihələrin qrant şəklində maliyyələşdirilməsini həyata keçirmək və bu layihələrin İKT sahəsinin aşağıdakı fəaliyyət istiqamətləri üzrə ixtisaslaşmasını təmin etmək:
1. mütərəqqi proqram təminatının hazırlanması layihələri;
2. innovativ İKT məhsulları nümunələrinin hazırlanması layihələri;
3. innovativ infrastrukturun inkişafı layihələri, o cümlədən yeni texnologiyaların inkişafı və onların kommersiyalaşdırılması layihələri;
4. müasir texnologiyalar əsasında informasiya şəbəkələrinin yaradılması layihələri;
5. İKT xidmətlərinin genişləndirilməsi, o cümlədən internet xidmətlərinin inkişafı layihələri;
2.2.16. Fondun vəsaiti hesabına maliyyələşdiriləcək investisiya layihələrinin ekspertizasını həyata keçirmək;
2.2.17. İKT-nin inkişafına yönəldilmiş dövlət proqramlarından irəli gələn investisiya layihələrinin maliyyələşdirilməsinə üstünlük vermək;
2.2.18. Fondun vəsaiti hesabına güzəştli kreditlərin alınması üçün investisiya layihələrinin tərtib olunmasına dair minimal tələbləri, müsabiqə şərtlərini və investisiya layihələrinin qiymətləndirilmə meyarlarını müəyyən etmək;
2.2.19. İKT sahəsində sahibkarlığın, sağlam rəqabətin və əmtəə bazarının inkişafını, yeni iş yerlərinin yaradılmasını təmin edən sahə və regional proqramların və investisiya layihələrinin işlənib hazırlanmasında və həyata keçirilməsində, bazar infrastrukturunun formalaşmasında iştirak etmək;
2.2.20. Fond tərəfindən ayrılan vəsaitdən təyinatı üzrə istifadə olunmasına nəzarət etmək, həmin vəsaitdən təyinatı üzrə istifadə edilmədikdə, maliyyələşdirilmənin dayandırılması və ayrılmış vəsaitin geri qaytarılması üçün qanunvericiliyə uyğun tədbirlər həyata keçirmək;
2.2.21. Fondun fəaliyyəti ilə bilavasitə əlaqədar olan konfrans, seminar, sərgi və digər bu kimi beynəlxalq və yerli tədbirləri təşkil etmək və onlarda iştirak etmək;
2.2.22. İKT sahəsində yeni ideya və innovasiya subyektləri ilə sahibkarlar arasında əlaqələndirici rolunda çıxış etmək və bu məqsədlə sahibkarlara məsləhət-ekspert xidmətləri göstərmək;
2.2.23. İKT sahəsi üzrə kadr hazırlığını stimullaşdırmaq, istedadlı gənclərin, gənc İKT mütəxəssislərinin və alimlərin məlumat bankını yaratmaq;
2.2.24. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş, açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
2.2.25. İKT sahəsində sahibkarlığın inkişafına təkan vermək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada reklam və nəşriyyat fəaliyyəti ilə məşğul olmaq;
2.2.26. fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.
3. Fondun hüquqları
3.1. Fond öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
3.1.1. Fonda maliyyə vəsaitləri cəlb etmək və bu məqsədlə əqdlər bağlamaq;
3.1.2. Fondun məqsədlərinə uyğun olaraq Azərbaycan Respublikasında və xarici ölkələrdə hüquqi və fiziki şəxslərlə işgüzar münasibətlər yaratmaq;
3.1.3. birgə layihələrə cəlb olunan xarici investisiyaların qorunmasına təminat vermək;
3.1.4. xarici ölkələrin müvafiq dövlət qurumları, beynəlxalq maliyyə təşkilatları, investisiya fondları, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etmək;
3.1.5. sərəncamında olan dövlət əmlakından qanuna uyğun olaraq istifadə etmək;
3.1.6. qanuna uyğun olaraq İKT sahəsində qiymətli kağızlar əldə etmək və onları idarə etmək;
3.1.7. Fondun məqsədlərinə uyğun olan layihələrin maliyyələşdirilməsi məsələsini həll etmək;
3.1.8. Fondun vəsaiti hesabına maliyyələşdirilən layihələrdə vəsaitin təyinatı üzrə istifadə olunmasına nəzarət etmək məqsədi ilə monitorinqlər aparmaq, pozuntu halları aşkar edildikdə vəsaitin qaytarılması üçün zəruri tədbirlər görmək;
3.1.9. Fondun fəaliyyətini və qrant layihələrinin mühüm nəticələrini və əhəmiyyətini ölkə daxilində və xaricdə təbliğ etmək;
3.1.10. Fondun maliyyə dəstəyi ilə aparılan elmi tədqiqatların müsbət nəticələrinin daxili və beynəlxalq bazarlarda reallaşdırılmasına yardım etmək;
3.1.11. daxili və xarici investisiyaların İKT sahəsinə cəlb edilməsi və onlardan səmərəli istifadə olunması ilə bağlı tədbirlər görmək, bu məqsədlə sərgilər və yarmarkalar təşkil etmək;
3.1.12. Fondun vəsaitləri hesabına maliyyələşdiriləcək layihələrin ekspertizası üçün müstəqil mütəxəssisləri (ekspertləri) cəlb etmək.
4. Fondun vəsaitinin
formalaşdırılması və istifadəsi
4.1. Fondun vəsaiti
aşağıdakı mənbələr hesabına
formalaşdırılır:
4.1.1. Azərbaycan
Respublikasının dövlət büdcəsindən
ayırmalar;
4.1.2.
Fondun fəaliyyətindən əldə olunan gəlirlər;
4.1.3.
Fondun əldə etdiyi qiymətli kağızlardan daxil olan
dividendlər;
4.1.4. yerli və xarici hüquqi və fiziki şəxslər
tərəfindən könüllü verilən ianələr;
4.1.5. xarici dövlətlər və beynəlxalq təşkilatlar
tərəfindən verilən yardımlar, qrantlar və kreditlər;
4.1.6. qanunvericilikdə nəzərdə tutulan digər
mənbələr.
4.2. Fondun vəsaiti
Azərbaycan manatı və xarici valyutalarla
formalaşdırılır.
4.3. Fond sərəncamındakı
vəsaitdən bu Əsasnamə ilə müəyyən
edilmiş məqsədlərin
və vəzifələrin həyata keçirilməsi
üçün istifadə edir.
4.4. Xarici və yerli investisiyalarla
birgə həyata keçirilən layihələr Fondun vəsaitinin
həmin investisiyalardan çox olmaması şərtilə Fond
tərəfindən maliyyələşdirilir.
4.5. Fond sərəncamında
olan vəsaitdən aşağıda qeyd edilən maliyyə
mexanizmləri vasitəsilə istifadə edir:
4.5.1.
İKT sahəsində fəaliyyət göstərən
hüquqi şəxslərin nizamnamə kapitalındakı (o
cümlədən bu məqsədlə maddi və qeyri-maddi əmlak
hüquqlarının təqdim edilməsi) iştirak
payının (səhmlərinin), qiymətli
kağızlarının əldə edilməsi məqsədi
ilə müddətli investisiya qoyuluşu;
4.5.2. müvəkkil kredit təşkilatları vasitəsilə
aşağı faizli kreditlər şəklində İKT sahəsində
fəaliyyət göstərən yerli sahibkarlıq subyektlərinin
güzəştli şərtlərlə maliyyələşdirilməsi;
4.5.3. müsabiqə yolu ilə innovativ və tətbiqi
elmi-texniki İKT layihələrinin qrant maliyyələşdirilməsi;
4.5.4. birgə layihələr üzrə cəlb
olunan investisiyaların qorunmasına təminatın verilməsi.
4.6. Maliyyə
ilinin sonunda Fondun hesabında qalan vəsait növbəti ilin xərclərinin
maliyyələşdirilməsinə yönəldilir.
4.7. Fondun
vəsaitinin istifadəsi Azərbaycan Respublikasının
Prezidenti tərəfindən müəyyən edilən
qaydalara uyğun olaraq həyata keçirilir.
4.8. Fondun
vəsaitlərindən istifadədə şəffaflığın
təmin edilməsi məqsədi ilə hər il
kənar audit keçirilir, bu auditin nəticələri elan
edilir və kütləvi informasiya vasitələrində yerləşdirilir.
5. Fondun
idarə edilməsi
5.1. Fondun
işçilərinin say tərkibi Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən
müəyyən edilir.
5.2. Azərbaycan
Respublikasının Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi Fondun idarə edilməsi ilə
bağlı aşağıdakıları həyata
keçirir:
5.2.1.
Fondun strukturunu, struktur bölmələrinin əsasnamələrini,
müəyyən edilmiş ştat sayına uyğun ştat
cədvəlini və xərclər smetasını təsdiq
edir;
5.2.2.
Fondun illik hesabatlarını təsdiq edir;
5.2.3.
Fondun fəaliyyətini tənzimləyən normativ hüquqi
aktları təsdiq edir.
5.3. Azərbaycan
Respublikasının rabitə və informasiya texnologiyaları
naziri Fondun icraçı direktorunu, direktorun 2 (iki) müavinini
və baş mühasibini vəzifəyə təyin və vəzifədən
azad edir.
5.4. Fondun fəaliyyətinə
ümumi nəzarət Fondun Müşahidə Şurası
(bundan sonra - Şura) tərəfindən həyata
keçirilir.
5.5. Şura 4
(dörd) üzvü müvafiq
dövlət orqanlarını və 3 (üç)
üzvü bu sahədə qeyri-hökumət təşkilatlarını
təmsil edən 7 (yeddi) üzvdən ibarət tərkibdə
formalaşdırılır.
5.6. Şuranın 4
(dörd) üzvü aşağıdakı mərkəzi icra
hakimiyyəti orqanları tərəfindən (hər mərkəzi
icra hakimiyyəti orqanından bir nəfər olmaqla) təqdim
edilir:
5.6.1. Azərbaycan
Respublikasının Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi;
5.6.2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi;
5.6.3. Azərbaycan
Respublikasının İqtisadi İnkişaf Nazirliyi;
5.6.4. Azərbaycan
Respublikasının Təhsil Nazirliyi.
5.7. Şuranın
qeyri-hökumət təşkilatlarını təmsil edən
üzvləri həmin təşkilatların təqdimatı əsasında
Azərbaycan Respublikasının Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi tərəfindən təyin edilir.
5.8. Şuranın
ümumi tərkibi Azərbaycan Respublikasının Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təsdiq
edilir.
5.9. Şuranın
işinin təşkili, üzvlərinin hüquq və vəzifələri,
onlara dair tələblər, onların səlahiyyətlərinə
vaxtından əvvəl xitam verilməsi qaydası "Müşahidə
Şurası haqqında Reqlament"lə tənzimlənir. "Müşahidə Şurası haqqında
Reqlament" Azərbaycan Respublikasının rabitə və
informasiya texnologiyaları naziri tərəfindən təsdiq
edilir.
5.10.
Şura aşağıdakıları həyata keçirir:
5.10.1. dövlətin İKT siyasətinin həyata
keçirilməsində iştirak etmək məqsədi ilə
Fondun prioritet fəaliyyət istiqamətlərini və
inkişaf strategiyasını müəyyən edir;
5.10.2.
Fondun fəaliyyətinin Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğunluğuna, vəsaitinin
formalaşmasına və xərclənməsinə ümumi nəzarəti
həyata keçirir;
5.10.3.
Fonda əlavə vəsait cəlb edilməsinin
strategiyasına və yeni vəsaitin Fondun prioritet fəaliyyət
istiqamətləri üzrə xərclənməsinə dair
Fondun icraçı direktorunun təqdim etdiyi təkliflərə baxır,
qərar qəbul edir və həyata keçirilməsinə nəzarət
edir;
5.10.4.
Fondun icraçı direktorunun təqdimatına əsasən
Fondun vəsaitindən istifadəni, gəlirlər və xərclər
smetasının layihəsini və balansını müzakirə
edir və tövsiyələr verir;
5.10.5.
müsabiqə yolu ilə layihələrin maliyyələşdirilməsi,
müvəkkil kredit təşkilatları vasitəsilə vəsaitlərin
yerləşdirilməsi və Fondun investisiya fəaliyyətinə
dair təkliflərini Azərbaycan Respublikasının Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyinə təqdim edir
və bu təkliflərin Fondun vəsaitlərinin istifadəsi
qaydalarına uyğunluğuna nəzarət edir;
5.10.6. müvəkkil kredit təşkilatlarının
seçilməsi meyarlarını təsdiq edir;
5.10.7.
Fondla müvəkkil kredit təşkilatları arasında
Fondun vəsaitlərinin istifadə edilməsinin şərtləri
haqqında bağlanılan müqavilələrin nümunəvi
layihələrini təsdiq edir;
5.10.8.
Fondun vəsaiti hesabına güzəştli kreditlərin
alınması üçün investisiya layihələrinin tərtib
olunmasına dair tələbləri və investisiya layihələrinin
qiymətləndirilmə meyarlarını təsdiq edir;
5.10.9. müsabiqə iştirakçılarına
dair tələbləri və müsabiqələrin
keçirilmə qaydalarını təsdiq edir;
5.10.10. layihələrin maliyyələşdirilməsi
üçün nəzərdə tutulan vəsaitin həcmini
müəyyən edir;
5.10.11.
Fondun icraçı direktorunun təklifinə əsasən
müsabiqələrin nəticələri haqqında qərarlar
qəbul edir;
5.10.12. layihələrin həyata keçirilməsi məqsədi
ilə Fond tərəfindən ayrılan vəsaitin təyinatı
üzrə istifadəsinə nəzarət etmək
üçün monitorinqlərin aparılması
qaydasını təsdiq edir;
5.10.13.
Fondun fəaliyyətinin təkmilləşdirilməsi ilə
bağlı Azərbaycan Respublikasının Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinə təkliflər
verir;
5.10.14.
Fondun fəaliyyəti ilə bağlı normativ hüquqi
aktların layihələrini hazırlayıb təsdiq
olunması üçün Azərbaycan Respublikasının
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təqdim
edir;
5.10.15.
Fondun fəaliyyəti ilə bağlı kənar audit
yoxlamalarının keçirilməsi barədə qərar qəbul
edir və auditin keçirilməsini təşkil edir,
auditin nəticələrinin təhlilinə
dair təkliflərini Azərbaycan
Respublikasının Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinə təqdim edir;
5.10.16.
Fondun cari fəaliyyəti ilə bağlı digər məsələləri
müzakirə edir.
6. Fondun fəaliyyətinin
təşkili
6.1. Fondun fəaliyyətinə
Fondun icraçı direktoru rəhbərlik edir.
6.2. Fondun
icraçı direktoru:
6.2.1.
Fondun cari işini təşkil edir, hesablaşma və xəzinə
hesablarını açır və Fondu təmsil edir;
6.2.2.
Fondun fəaliyyəti ilə bağlı normativ hüquqi
aktların layihələrini, o cümlədən daxili intizam qaydalarının
layihəsini hazırlayıb təsdiq olunması
üçün Azərbaycan Respublikasının Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinə təqdim edir;
6.2.3. işçiləri işə qəbul edir,
işdən azad edir, onlar barəsində
qanunvericilikdə nəzərdə tutulmuş qaydada həvəsləndirmə
və intizam tənbehi tədbirlərini tətbiq edir;
6.2.4.
Fondun vəsaiti hesabına güzəştli kreditlərin
alınması ilə bağlı müvəkkil kredit təşkilatlarının
müraciətlərinə baxır və ekspertizanın rəyindən
asılı olaraq, həmin müraciətlərin təmin
olunması və ya imtina edilməsi barədə müvafiq qərarlar
qəbul edir;
6.2.5. müvəkkil kredit təşkilatlarından
sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi
ilə əlaqədar daxil olan müraciətlərin
ekspertizası üçün mütəxəssisləri
(ekspertləri) cəlb edir;
6.2.6.
İKT üzrə ixtisaslaşmış tətbiqi elmi tədqiqat
və innovativ layihələrin maliyyələşdirilməsi
məqsədi ilə müsabiqələrin keçirilməsi
haqqında qərar qəbul edir;
6.2.7. müsabiqəyə təqdim edilən layihələrin
ekspertizasını təşkil edir və onların qiymətləndirilməsi
məqsədi ilə ekspert komissiyaları formalaşdırır;
6.2.8.
Fondun fəaliyyətinin təkmilləşdirilməsinə
dair təkliflər verir;
6.2.9.
Fondun maliyyə vəsaiti də daxil olmaqla əmlakını
idarə edir;
6.2.10.
Fond adından qanuna uyğun olaraq müqavilələr
bağlayır, əmr və sərəncamlar verir, onların
icrasına nəzarəti həyata keçirir;
6.2.11.
Fondun xərclər smetasının layihəsini, vəsaitindən
istifadənin əsas istiqamətlərinə dair təklifləri
hazırlayır, Şura ilə razılaşdırdıqdan
sonra Azərbaycan Respublikasının Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinə təqdim edir;
6.2.12. bu əsasnaməyə uyğun olaraq, müsabiqə
yolu ilə seçilən layihələrə qrantların
ayrılmasını, bununla əlaqədar müvafiq əqdlərin
bağlanılmasını təmin edir;
6.2.13.
Fondun maliyyələşdirdiyi layihələrin və digər
tədbirlərin icra vəziyyətinə nəzarət edir;
6.2.14.
Fondun maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət
edir və auditin keçirilməsi üçün zəruri
şəraitin yaradılmasını təmin edir;
6.2.15.
Fondun səmərəli fəaliyyətini təmin etmək məqsədi
ilə maddi-texniki təminat məsələlərinin həlli
ilə bağlı zəruri tədbirləri həyata
keçirir;
6.2.16. Azərbaycan
Respublikasında və xarici ölkələrdə dövlət
və bələdiyyə orqanları ilə, hüquqi və
fiziki şəxslərlə Fondu etibarnaməsiz təmsil edir;
6.2.17.
Fondun illik fəaliyyəti haqqında ictimaiyyəti məlumatlandırır;
6.2.18. maliyyə ili başa çatdıqdan sonra 1
(bir) ay müddətində Fondun fəaliyyəti və vəsaitindən
istifadənin vəziyyəti barədə illik hesabat
hazırlayır və həmin hesabatı Şuranın
müvafiq rəyi ilə birlikdə Azərbaycan
Respublikasının Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinə təqdim edir;
6.2.19.
Fondun vəzifələrinə uyğun olaraq, Şuranın səlahiyyətlərinə
aid olmayan digər vəzifələri yerinə yetirir.
7. Mühasibat uçotu və hesabat
Fond qanunvericiliyə
müvafiq olaraq mühasibat uçotunu aparır, maliyyə və
statistik hesabatları aidiyyəti üzrə təqdim edir.
8. Fondun yenidən təşkili və
ləğv olunması
8.1. Fond Azərbaycan
Respublikasının Prezidenti tərəfindən
yenidən təşkil və ləğv edilir.
8.2. Fond ləğv
edildikdə, onun əmlakının bölgüsü ilə
bağlı məsələlər Azərbaycan
Respublikasının Mülki Məcəlləsi ilə müəyyən
olunmuş qaydada həll edilir.
Azərbaycan.-2013.- 3 aprel.- S.4.